BolgeXeber.Com » İdman » Vaqif Cavadov: Baş hakim komandamızı “sındırdı” -MÜSAHİBƏ

Vaqif Cavadov: Baş hakim komandamızı “sındırdı” -MÜSAHİBƏ

28-03-2013, 11:05
Oxunub: 5 309 Azərbaycan yığmasının yarımmüdafiəçisi Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələ oyunundan (0:2) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Zədə üzündən kənardan izlədiyiniz qarşılaşma barədə nə deyə bilərsiniz?
- Uşaqlar ilk yarıda çox yaxşı oynadılar. Fasilədən sonra isə hakim aşkar şəkildə rəqibə kömək etdi. Rauf Əliyevə verilən ikinci sarı vərəqə düzgün deyildi. Görüşü televiziyadan izləyənlərdən də soruşdum. İngilis hakim komandamızı “sındırdı”. Azərbaycan çempionatı deyil ki, rəqibə qarşı 10 nəfərlə mübarizə aparasan. Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Fikrimcə, matçın taleyini hakim həll etdi.

- İkinci hissədə zəif çıxışın səbəbi yalnız hakimin qərarı ilə bağlıdır?
- Hakim Rauf Əliyevə qırmızı vərəqəni ikinci hissənin əvvəlində verdi. Bununla, oyun əldən getdi. 11 nəfərlə mübarizə aparmaqda çətinlik çəkirdik. Bir nəfər azlıqda isə heç nə etmək mümkün deyildi. Həm də azlıqda qaldıqdan sonra daha çox qaçmaq tələb olunurdu. Nəticədə uşaqlar yoruldu.

- Amma etiraf edək ki, Rauf Əliyevlə Vüqar Nadirov sarı vərəqələri lazımsız hərəkətlərinə görə aldılar...
- Ola bilər, bəlkə də yersiz idi. Ancaq ikinci hissə başlayanda göründü ki, hakim rəqibə kömək edir. Ümumiyyətlə, hər bir oyunda hakimin hansısa komandaya simpatiyası olur. Bu dəfə onlar Portuqaliyaya rəğbət bəslədi.

- Rəqibin lider futbolçuları Ronaldo və Nani meydanda yox idi. Onların yoxluğu özünü hansı şəkildə büruzə verdi?
- Portuqaliyanın əksər futbolçuları qitənin aparıcı klublarında forma geyinirlər. Hamısı yaxşı formadadırlar. Ronaldonu, Nanini əvəz edənlər ikiqat əzmlə oynayırlar ki, baş məşqçinin etimadını qazansınlar.

- Zədəli olduğunuz üçün kənarda qaldınız. Çətin deyildi?
- “Partlayırdım”. İstəyirdim ki, meydana çıxım.

- Zədəniz nə yerdədir?
- Həkimlər təxminən iki həftə oynaya bilməyəcəyimi dedilər. Ciddidir. Yenidən “MR” çəkiləcək və hər şey dəqiqliyi ilə bilinəcək.

- Artıq milli 6-cı oyunu arxada qoydu. Hesabımızda 3 xal var. Daha artığını qazanmaq olardımı?
- Cari seçmə mərhələdə hakim səhvləri ilə çox üzləşdik. Hər şeyi onların üzərinə atmaq da olmaz. Amma Rusiya ilə qarşılaşmada kobud səhvə yol verdilər və qapımıza penalti təyin etdilər. Şimali İrlandiya ilə görüşdə isə 6 dəqiqə əlavə etdi, son saniyələrdə cərimə zərbəsi verdi. Portuqaliya ilə görüşdə isə qırmızı vərəqə göstərdi. Bu qədər azarkeş gəlib, millinin dəstəkləyir. Biz də qələbə qazanmaq istəyirdik. Birinci hissədə də yaxşı oynadıq. Fasilədən sonra tam fərqli hakimlik və oyunun şahidi olduq.

- Hesab açıldıqdan sonra azarkeşlər baş məşqçi Berti Foqtsu istefaya səslədilər. Buna münasibətiniz necədir?
- Yaxşı olardı ki, “istefa, istefa” qışqırmaqdansa, yığmanı dəstəkləsinlər. Stadiona Portuqaliyanı deyil, Azərbaycan millisini dəstəkləməyə gəliblər. Pis-yaxşı, bu bizim komandadır. Oyun başa çatmamış stadionu tərk etmək olmaz. Hamı hakimin yanlış qərarının şahidi oldu.

- Əksəriyyət Lüksemburqla oyunda millidən qələbə gözləyirdi...
- Biz də qələbə gözləyirdik. Bütün komandalar inkişaf edib. Rusiya ilə oyunda onlar bizdən 3 xalı çətinliklə aldı. Çünki yığmamızda da irəliləyiş var. Portuqaliya millisi də fasiləyə qədər qol vura bilmədi. Bizim əsas problemimiz yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir. Lüksemburq meydana 1 xal üçün çıxmışdı. Nəticə onları qane etdi, bizi yox.