BolgeXeber.Com » İdman » Millimizdə son an dəyişikliyi: Olimpiya mükafatçılarımız Avropa Oyunlarına getmir

Millimizdə son an dəyişikliyi: Olimpiya mükafatçılarımız Avropa Oyunlarına getmir

20-06-2019, 13:01
Oxunub: 4 106 Millimizdə son an dəyişikliyi: Olimpiya mükafatçılarımız Avropa Oyunlarına getmirİyunun 21-də Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək idmançı heyətində dəyişiklik baş verib.

Oxu.Az xəbər verir ki, Minskə yollanacaq idmançılarımızın sayı 80-dən 82-yə qalxıb. Bunu Milli Olimpiya Komitəsinin açıqladığı son siyahıdan da görmək olar.

Belə ki, artıq Minskdə olan cüdo millimiz ora 13 nəfərlə yox, 15 nəfərlə yollanıb. Artım qadın millimizdə baş verib. Rumıniyalı Aleksandra-Larisa Florian (-52 kq) və Nuriyə Axundova (-63 kq) da millimizi Avropa Oyunlarında təmsil edəcək.

Bundan başqa, sərbəst güləş millimizin heyətində də dəyişiklik baş verib. Millimizin tanınmış simaları – Toğrul Əsgərov və Cəbrayıl Həsənov yığma ilə gedəcək ilkin heyətdən son anda çıxarılıb. Belə ki, Saypulla Apsaidovun rəhbərlik etdiyi məşqçilər korpusu onların yerinə legionerlərimizi iş başında sınayacaq. Bunlar Hacımurad Hacıyev (-74 kq) və Aleksandr Qostiyevdir (-86 kq).

Əldə etdiyimiz məlumata görə, Olimpiya çempionumuz Toğrul Əsgərov üç il güləşdən aralı düşdüyündən, onun fiziki forması hələ tam qaydasında deyil. Bu üzdən gənc dağıstanlı legioner Hacımurad Hacıyev 74 kq-da çıxış edəcək.

Üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov isə Minskə gedə bilməməsini saytımıza açıqlamasında belə əlaqələndirib:

“Mən Avropa Oyunlarında karyeramda ilk dəfə 86 kq çəki dərəcəsində çıxış etməli idim. Hətta Avropa Oyunları üçün hazırlıqlarda da iştirak edirdim. Lakin çəki ilə bağlı problem yarandığından, ora gedə bilmədim”.

Qeyd edək ki, cüdo yarışları 22-25 iyunda, güləş isə 25-30 iyun tarixlərində keçiriləcək.