BolgeXeber.Com » İdman » Azərbaycanlı idmançı: "Polis məni cərimələmir"

Azərbaycanlı idmançı: "Polis məni cərimələmir"

23-04-2020, 14:40
Oxunub: 4 074 "Yaxınlıqdakı parkda qaçanda polis cərimə yazır. Lakin milli üzvü olduğum üçün mənə güzəşt edilir, cərimə yazılmır".
"Report" xəbər verir ki, bu fikirləri Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Evdə qal, idmansız qalma!" layihəsi üçün açıqlamasında deyib. 
30 yaşlı idmançı hazırda qidalanmaya xüsusi diqqət yetirdiyini bildirib: "Olimpiya Oyunlarına hazırlaşanda gündə iki dəfə məşq edirdik və bu, gün ərzində 2-3 saat çəkirdi. Həmin vaxt yeməyə çox diqqət etmək lazım gəlmirdi. Çünki yemək yedikdə, bütün enerjini məşqdə verirdim. Amma hazırda çox məşq edə bilmirik. Bu səbəbdən yeməyə fikir vermək lazımdır. Buna riayət etməsək, çəkimiz artacaq. Normal yediyimizin yarısını yeyirik".    
Quliyev Azərbaycan xalqına müraciət edərək, hamını evdə qalmağa çağırıb: "Biz çətin dönəmdəyik və bu, hamı üçün belədir. Hər şeyi təkcə özümüz yox, ətrafdakılar üçün də edirik. Sən evdə qalsan, hamını xilas edərsən. Belə bir informasiya var ki, çox adam xəstədir, amma simptomları yoxdur. Bəziləri xəstə olduqlarını bilmir, xəstəliyi daşıyır və digərlərinə ötürür. Ona görə karantin rejimi tətbiq olunub, hər kəs evdə qalsa, çölə çıxmasa, xəstəlik yayılmayacaq. Belə olacağı təqdirdə, xəstəlik çox tez gedər. Hamıya tövsiyə edirəm ki, evdə qalsın".
Qeyd edək ki, Ramil Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.