BolgeXeber.Com » BÖLGƏ TV » Sabirabadda körpə doğuşda öldü (VİDEO)

Sabirabadda körpə doğuşda öldü (VİDEO)

13-06-2014, 10:20
Oxunub: 3 335 Sabirabadda doğuş zamanı uşaq ölüb

Bolgexeber.com bildirir ki, ANS TV-nin məlumatına görə, doğuş zamanı növbəti uşaq ölümü bu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 1995-ci il təvəllüdlü Gülbəniz Məhərrəmova, 2 kilo 900 qramlıq övladını dünyaya gətirsə də, daha sonra uşaq ölüb. Baş vermiş hadisə ilə əlaqədar artıq rəsmi açıqlama da yayılıb. Uşağın ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı göstərilir.

Bənzər fakt hələ bir həftə əvvəl Suraxanı rayon 3 saylı doğum evində də baş vermişdi. İkinci hamiləliyini yaşayan ana, doğuş zamanı övladı ilə birgə dünyasını dəyişmişdi. Ekspertlər doğuş zamanı baş verən bədbəxt hadisələri hamiləliklərin az qala pataloji vəziyyətdə keçməsi, yəni normal fizioloji parametrlərə uyğun gəlməməsilə izah edirlər. Həkim səhlənkarlığı da burda az rol oynamır. Ginekoloqlar isə hesab edirlər ki, son 2-3 ay ərzində baş verən ana və uşaq ölümlərinin səbəbi tək həkim məsuliyyətsizliyində deyil, doğuşa hazırlaşan ananın orqanizmindəki problemlərlə də əlaqədardır. Bir sözlə, vaxtında qadın məsləhətxanalarına, həkimə müraciət etməmək sonda xoşagəlməz hadisələri qaçılmaz edir.

Əgər bir şəxs digərinin ölümünə bu və ya digər halda səbəb olursa, heç şübhəsiz qanunla cinayət məsuliyyətinə cəlb olunur. Hüquqşünas Vüqar Səfərli də hesab edir ki, əgər doğuş zamanı ana və uşaq ölümü faktının həkimin səhlənkarlığı səbəbindən baş verməsi təsdiq olunarsa, həmin həkim və xəstəxana da qanunla cəzalandırılmalıdır.

Səhiyyə Nazirliyi isə artıq ana ölümü hadisələrilə əlaqədar cəza tədbirlərini həyata keçirib. İlin əvvəlindən qeydə alınan 10 bu cür hadisələrlə bağlı 9-u həkim, biri orta tibb bacısı işçisi olmaqla 10 nəfər vəzifəsindən azad olunub, 31 nəfərə qarşı inzibati tənbeh tədbirləri görülüb.
Bolgexeber.com