BolgeXeber.Com » BÖLGƏ TV » Ağdam İcra Hakimiyyəti verdiyi vədə nə vaxt əməl edəcək?-VİDEO

Ağdam İcra Hakimiyyəti verdiyi vədə nə vaxt əməl edəcək?-VİDEO

22-10-2014, 10:35
Oxunub: 3 441 Yanmış bir evin 200 manata təmir olunacağı heç bir məntiqə sığmır

Bundan öncəki sujetlərimizin birində Ağdamdan məcburi köçkün düşmüş Məmmədovlar ailəsinin vəziyyəti ilə sizləri tanış etmişdik. Bolgexeber.TV bildirir ki, 20 ildən artıq öz doğma torpaqlarından köçkün düşən ailə bu ilin avqust ayında baş verən yanğın nəticəsində ikinci dəfə evsiz-eşiksiz qalıb. Onların problemləri və şikayətləri ilə aidiyyatı qurumları agah etdik və son olaraq aldığımız cavab ailəyə lazımı yardımın ediləcəyi oldu. Lakin verilən vədin hələ də yerinə yetirilməməsi ailənin narazıçılığına səbəb olur. İki aydan çoxdur evsiz-eşiksiz qalan Məmmədovlar ailəsi onlara bu günə qədər evlərinin təmiri üçün sadəcə 200 manat məbləğində yardım ayrıldığını bildirdi. Təbii ki, yanmış bir evin 200 manata təmir olunacağı heç bir məntiqə sığmır. Lakin onları daha çox narahat edən uşaqlarının təhsildən geriləməsidir. Beləki baş vermiş yanğın zamanı məktəb ləvazimatları ilə birlikdə geyimləri də yanan uşaqların səhhəti də küçələrdə qalmaqdan pisləşir və tez-tez xəstələnirlər. Ailənin aldığı 72 manat məvacib isə heç nəyə yetmir.

Məmmədovlar ailəsinin problemləri öz həllini tapmamış "Qəhrəman ana" statusu alan Xuraman ananın heç də qəhrəmanlara yaraşmayan şəraitini görüb biraz da məyus olduq. 21 ildir hər an uçmaq təhlükəsi olan evdə yaşayan Xuraman Quliyeva dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də onun halına yanan olmayıb. Görünür Mehriban Əliyevaya yazdığı məktuba cavab gəlməsinə rəğmən qəhrəman anaya ahıl yaşında gəmirici həşəratlarla bir evdə yaşamağı rəva bilən aidiyyatı qurumların başı daha vacib işə qarışıb. Hərçənd ətrafdakı qonşuların artıq yeni evlə təmin edildiyini nəzərə alsaq növbənin məhz Xuraman anaya çatdıqda aidiyyatı qurumların bu prosesi gecikdirməsi biraz maraq doğurur. Vətənin keşiyində durmağa 8 oğul bağışlayan ana indi nəvələrini, onu görməyə gələnləri evində qonaq etməyə utanır. Əyər bura ev demək olarsa...

Hər iki ailənin problemlərinin nə zaman öz həllini tapacağını öyrənmək üçün Bolgexeber.TV olaraq Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova ilə əlaqə saxladıq. Arzu xanım məsələdən agah olduğunu və sabah bu işlə məşqul olacağını bildirdi. Biz də Arzu xanımın verdiyi sözü əlimizdə bayraq edib nəticənin ürək açan olacağını güman edirik. Mövzuya qayıdacağıq...

Babək Zeynal
Bolgexeber.TV