BolgeXeber.Com » BÖLGƏ TV » “Məni komandirim güllələyib” VİDEO

“Məni komandirim güllələyib” VİDEO

12-03-2015, 19:03
Oxunub: 3 813 “Məni komandirim güllələyib” VİDEOKomadan ayılan əsgər Çingiz Tarverdiyev danışdı

Tovuzdakı N saylı hərbi hissədə komandiri tərəfindən güllələndiyi bildirilən 19 yaşlı əsgər Çingiz Tarverdiyev hadisə barədə danışıb. Qeyd edək ki, başından güllə ilə vururulan Çingiz Tarverdiyev komaya düşmüşdü. Bir müddət sonra komadan ayılsa da, danışa bilmirdi.

Əsgərin atası Aydın Tarverdiyev “Azadlıq”a bildirib ki, qüsurlu da olsa oğlunun nitq qabiliyyəti geri qayıdıb. Aydın Tarverdiyevin sözlərinə görə, oğlu hadisə barədə danışarkən bölük komandiri tərəfindən güllələndiyini deyib. Çingiz Tarverdiyevin danışdıqları videolentə alınıb. Aydın Tarverdiyev həmin videonu da redaksiyamıza təqdim edib. Çingiz Tarverdiyevin sözlərinə görə, bölük komandiri onu təhqir edib. O da komandirin cavabını verib. ”Məni söydü mən də cavab verdim. Üzümü çevirib gedəndə arxanad tapança ilə mənə atəş açdı. 3 güllə atdı. İkisi yan keçdi, biri isə başəmdan dəydi”,-deyə Çingiz Tarverdiyev bildirib.

Videodan görünür ki, güllə Çingiz Tarverdiyevin başının arxasından dəyib. Aydın Tarverdiyev bildirib ki, videomaterialı prokurorluğa təqdim edəcək.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğun Çingiz Tarverdiyevin güllələnməsi barədə yaydığı məlumatda əsgərin vaxtilə məhkum olunduğu bildirilirdi. Məlumatda deyilirdi ki, Gəncə Hərbi Məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 335.1-ci (öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) maddəsilə təqsirli bilinərək 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilib. 2014-cü ilin dekabrında xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilib. Həmin hərbi hissədə yanvarın 27-də səhər saat 06:00 radələrində əsgər yoldaşı ilə aralarında mübahisə yaranıb: “Bu zaman Çingiz Tarverdiyev xidməti istifadəsində olan avtomatdan digər əsgərin başı üzərindən havaya bir dəfə atəş açıb, həmçinin əsgərdən öz avtomat silahını ona verməsini tələb edib. Həmin əsgər etiraz elədiyinə görə Çingiz Tarverdiyev yenidən havaya iki dəfə atəş açıb, sonra isə silahının lüləsini özünün çənəaltı nahiyəsinə dirəyib. Mübahisə etdiyi əsgərə deyib ki, əgər avtomatını ona verməsə, özünü öldürəcək. Nəticədə əsgər yoldaşı onun bu hərəkətindən qorxaraq məcburiyyət qarşısında avtomat silahını Çingiz Tarverdiyevə verib. Bundan sonra Çingiz Tarverdiyev hər iki avtomat silahla əsgər yataqxanasının qarşısına gedib, ”tabor düzülsün" deyə qışqıraraq əsgərlərin səhər yeməyinə getmələrini tələb edib, daha sonra isə əsgərlərin başları üzərindən havaya çoxsaylı atəş açıb. Hadisə yerinə gəlmiş zabitlər onunla tərbiyəvi mövzuda söhbətlər aparıb əlindəki silahı təhvil verməsini xahiş etsələr də, Çingiz Tarverdiyev aparılan söhbətlərə məhəl qoymayaraq silahı təhvil verməkdən imtina edib. Əsgərin qeyri-adekvat hərəkətlər etməsilə bağlı hərbi hissənin komandiri onu sakitləşdirməyə və silahını təhvil verməsinə çalışsa da, Çingiz Tarverdiyev silahı təhvil verməyib, heç kimlə, o cümlədən valideynlərilə də danışmaq istəməyib. Daha sonra Çingiz Tarverdiyev boğazının alt hissəsinə tutduğu silahının lüləsini qəflətən öz alın nahiyəsinə çevirib dirəyərək atəş açıb və güllələrdən biri onun baş nahiyəsinə dəyib".

Hərbi Prokurorluğun məlumatında o da qeyd olunurdu ki, faktla bağlı Qazax Hərbi Prokurorluğunda CM-nin 134, 335.1 və 349.1-ci maddələrilə cinayət işi başlanıb.
azadliq.info