BolgeXeber.Com » BÖLGƏ TV » Ölən jurnalistin həkiminin yalanlarını ifşa edən - AUDİO

Ölən jurnalistin həkiminin yalanlarını ifşa edən - AUDİO

13-08-2015, 15:49
Oxunub: 2 657 Ölən jurnalistin həkiminin yalanlarını ifşa edən - AUDİORasim Əliyevin xəstəxanaya daxil olması qeydi 18:45-dir, əməliyyata götürülməsi isə gecə 02 radələrində olub

Dünyasını dəyişən jurnalist Rasim Əliyevin həkimi professor Saday Əliyev yazılı müraciət göndərib. Jurnalist Rasim Əliyevin ölümündə həkim səhlənkarlığı ilə bağlı yayılan ittihamlara cavab verib. O, jurnalistin həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsi ilə bağlı səslənən tənqidləri qəbul etmədiyini bildirib: “Bir daha xatırladıram ki, mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan, nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olub. Bu proseslərdə iştirak etməmişəm. Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam”. Həkimin yazdığı bu müraciət onun Axar.az saytına ötəngünkü açıqlaması ilə ziddiyyət təşkil edir. Belə ki, Saday Əliyev redaksiyamıza açıqlamasında Rasim Əliyevin xəstəxanaya daxil olması ilə onlar tərəfindən nəzarətə götürüldüyünü bildirmişdi: “Əvvəlcə onu qəbul şöbəsində yoxlamışıq, rentgen eləmişik, analizlər götürmüşük. Eyni zamanda, başından aldığı zərbələrlə bağlı travmatoloqa da göstərmişik, qulaqdan şikayətinə görə qulaq həkiminə də yoxlatmışıq. Klinikaya daxil olanda qarın və döş qəfəsində maye olmayıb. İki qabırğasının sındığını aşkar etmişik. Ümumi müayinə 40 dəqiqə çəkib. Bu müayinələrdən sonra Rasim dedi ki, getmək istəyir. Biz onun xəstəxanada qalmalı olduğunu izah etməyə çalışırdıq. O isə qalmaq istəmirdi. Nəhayət, anası gələndən sonra razılaşdı. Ondan sonra qəbul şöbəsindən xəstəxanaya keçirmişik”. Bu açıqlamada S.Əliyevin onun valideynləri ilə tanış olduğu və müayinələrdə iştirakı görünür. Həkim öz müraciətində bildirir: “Əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıb”. Bu sözlər də Rasim Əliyevin həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsi ehtimalını azaltmır, əksinə, artırır. Çünki xəstə klinikaya daxil olarkən müayinə edilmişdisə və onun qabırğalarının sındığı müəyyənləşmişdisə, bu travmalar artıq əməliyyata qədər bəlli idi. Həkimin saytımıza müsahibəsində bu ifadələrinə nəzər yetirək: “Rasim Əliyevin ilk müayinədə qanaxması olmayıb. Ultrasəs müayinəsi də belə bir hal göstərməyib. Analizin nəticələrini əldə etdikdən sonra arxayın olduq ki, daxili qanaxma yoxdur. Ancaq onda iki məqamlı partlama olub. Dalağı partlayıb, pərdə dözməyib yığılıb. Xəstənin gəlməsi ilə əməliyyatı arasında müddət bir saat çəkməyib. Yenidən müayinə edəcəkdik ki, qanaxma ilə bağlı şübhələrə son qoyaq. Bir saat sonra xəbər gəldi ki, xəstənin vəziyyəti pisləşib”. S.Əliyev Rasimin xəstəxanaya daxil olması ilə müayinələrin aparıldığını və bu müayinələrin 40 dəqiqə çəkdiyini deyir. Daha bir saat sonra yoxlayacaqlarmış ki, “xəstənin vəziyyətinin pisləşməsi” xəbəri gəlib. Yəni Rasim xəstəxanaya daxil olandan 1 saat 40 dəqiqə sonra. Amma Rasim Əliyevin xəstəxanaya daxil olması qeydi 18:45-dir, əməliyyata götürülməsi isə gecə 02 radələrində olub. Bunu Rasimi ziyarətə gedən media nümayəndələri və xəstənin doğmaları açıqlayıblar. Onu da deyək ki, əməliyyatda iştirak edən həkimlər - Əli İsmayılov, Babək Zeynalov və Saday Əliyev istintaqa cəlb olunub. Bakı şəhər Prokurorluğunun müstəntiqi həkim heyətindən izahat alıb. Bu ölüm işinin istintaqı birbaşa Prezident İlham Əliyevin nəzarətindədir və hazırda istintaq gedir. S.Əliyevin verdiyi açıqlamasının səs yazısını təqdim etməklə, müqayisəni istintaqın öhdəsinə buraxırıq.(axar.az)
Bolgexeber.com