BolgeXeber.Com » BÖLGƏ TV » Xaçmazda film kimi fırıldaqçılıq (VİDEO)

Xaçmazda film kimi fırıldaqçılıq (VİDEO)

9-09-2015, 09:46
Oxunub: 6 898 Xaçmazda film kimi fırıldaqçılıq (VİDEO)Kənd sakini Gülağa Mehdiyevin torpağı özü də bilmədən əlindən alınıb

Xaçmaz sakininin torpaq sahəsi özünün xəbəri olmadan səhmdar cəmiyyət tərəfindən zəbt edilib, yerində bağ salınıb.

ANS TV-nin məlumatına görə, Xaçmazın Maqsudkənd kənd sakini Gülağa Mehdiyev bütün kənd adamları kimi, aqrar islahat zamanı ailəsini dolandırmaq üçün dövlətin verdiyi torpaq sahəsini böyük həvəslə alıb, bu barədə dövlət aktı da adına rəsmiləşib.

Amma Gülağa kişi günün birində eşidib ki, kəndin kənarındakı 63 sotluq torpağı artıq onun deyil, özündən, ailəsindən xəbərsiz bu torpaq Bakıdakı Fındıq Emalı Müəssisəsinə satılıb. Ailə bu xəbərdən sonra şoka düşüb. Çünki, bu barədə Qusar Rayon Məhkəməsinin 25 iyun 2007-ci ildə qərar çıxardığı da ortaya çıxıb.

Torpağı zəbt edilmiş Maqsudkənd sakini Gülağa Mehdiyev indi yerində bağ salınmış torpağını bizə göstərəndən sonra bir maraqlı məqamı da xatırlatdı:

“Qusar Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamə barədə qərar mənə 5 noyabr 2012-ci ildə bəlli olub. Güya ki, biz də bu posesdə ailəlikcə iştirak etmişik və torpağı Fındıq Emalı Müəssisəsinə satmışıq”.

Gülağa Mehdiyev haqqını tələb eləmək üçün Xaçmaz Rayon Məhkəməsinə etdiyi müraciət burada müsbət qərar çıxarılması ilə nəticələnib. Qarşı tərəf bu qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə iddia tələbi versə də, Xaçmaz Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qarşı tərəf də öz növbəsində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib və bu məhkəmənin qərarı yeni baxışa göndərilib.

Xaçmaz Rayon Məhkəməsindən bildirildi ki, Ali Məhkəmənin göndərdiyi iş Sumqayıt Apellyasiya Məhkəməsində yeni baxışda baxılıb və torpağın Gülağa Mehdiyevə yox, Bakı Fındıq Emalı Müəssisəsinə məxsus olması barədə qərar çıxarıb və Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2013-cü il tarixli qətnaməsini ləğv edib.

Məsələ ilə bağlı Qusar Rayon Məhkəməsindən bildirildi ki, Qusar məhkəməsində belə bir qətnamə çıxarıla bilməz. Çünki, arxivdə bu barədə heç bir sənəd yoxdur. Həm də mübahisə məsələsi olan torpaq Xaçmazda yerləşibsə, işə orada baxıla bilər, Qusarda yox.

Vətəndaş Gülağa Mehdiyevin narazı olduğu Qusar Rayon Məhkəməsinin 2007-ci ildə hakimi olmuş, hazırda Daşkəsən rayonunun hakimi olan Tofiq Məmədov həmin saxta qətnamədən xəbəri olmadığını, Gülağa Mehdiyevin 63 sotluq torpağının alqı-satqı yolu ilə Bakı Fındıq Emalı Müəssisəsinə satılması barəsində heç bir qətnamə çıxarmadığını dedi.
Bolgexeber.com