BolgeXeber.Com » BÖLGƏ TV »  “Yollarımız dağıdılıb, marşturumuz ləğv olunub” - Binəqədidən VİDEOİTTİHAM

 “Yollarımız dağıdılıb, marşturumuz ləğv olunub” - Binəqədidən VİDEOİTTİHAM

10-09-2015, 16:27
Oxunub: 2 488   “Yollarımız dağıdılıb, marşturumuz ləğv olunub” - Binəqədidən VİDEOİTTİHAMBinəqədi rayonundakı “Motodrom” qəsəbəsinin sakinləri düşdükləri acınacaqlı durumdan narazıdır

Qəsəbə sakinləri artıq 3 aya yaxındır ki, yol problemindən əziyyət çəkir. 20 mindən çox əhalisi olan qədim qəsəbənin sakinləri dayanacaqlara getmək üçün 4-5 kilometr piyada yol getməli olurlar. Bunun səbəbi isə qəsəbədəki avtobus daynacaqlarının ləğv olunmasıdır.

Problemlərini ictimailəşdirmək məqsədilə ötən gün qəsəbə sakinləri mərkəzi küçədə toplaşaraq etirazlarını bildiriblər. Musavat.com-un əməkdaşı ""Motodrom" qəsəbəsinə baş çəkib, sakinlərin problemi ilə maraqlanıb.

Etirazçılardan Valeh Abdullayev qəsəbənin yol və nəqliyyat problemindən danışaraq bildirib ki, I Avropa Oyunları ərəfəsində yolları genişləndirməyə başladılar və qəsəbə sakinlərinin istifadə etdiyi dayanacaqları sökdülər: “Həmin yolu işarələdilər və indi marşrutların orada dayanmasına qadağa qoyulub. Hər tərəfdən yollarımız bağlanıb. Mühasirədə yaşayırıq. Şəhərə getmək üçün yalnız bir çıxış var. Məcbur qalıb, 4-5 kilometr avtovağzala piyada gedib, oradan marşrutlara minməliyik. Yollarımız bağlanıb, sanki bütün qəsəbə əsirlikdədir”.

Adının çəkilməsini istəməyən başqa bir qəsəbə sakini bildirdi ki, illərdir kommunal problemlərdən əziyyət çəkirlər, lakin heç qurum bunun həlli ilə maraqlanmır: “ 20 min əhalisi olan qəsəbənin yiyəsi yoxdur. Nə rayon icra hakimiyyəti, nə bələdiyyə bizimlə maraqlanmır. Problemimizi dəfələrlə bildirmişik, lakin heç bir nəticəsi olmayıb. Lakin qəsəbədə hər hansı tikinti başlayanda icra nümayəndələri, bələdiyyə tökülüşürlər. Bir evi tikmək üçün 25 min manat alırlar. Pul verməsən daşı-daş üstünə qoymaq mümkün deyil. Qəsəbənin hər hansı probleminin həllinə isə biganə yanaşırlar. Dedilər ki, qəsəbənin mərkəzi küçəsindəki evlər söküləcək. “Avtovağzal” metrostansiyasının ərazisinə düşdüyündən 70-ə yaxın ev plana düşüb. 2013-cü ildə gəldilər, nömrələdilər, qeydiyyat apardılar. Elə o gündən bəri problemlərimiz başladı. Düşünürəm ki, bu metodlardan istifadə edib, bizi cana yığıb, evlərin kvadratmetrini ucuz qiymətlə almaq istəyirlər. Deyəsən, “Sovetski”nin aqibəti bizi də gözləyir".

Qəsəbə sakini Aftandil Quliyev isə deyir ki,"Avtovağzal" metrostansiyasının tikintisi neçə ildir ki, onlar üçün problemə çevrilib: “Avtovağzal” metrostansiyasına yeraltı xətlər çəkiləndə yollarımızı qazıb pis vəziyyətə saldılar. Söz verdilər ki, düzəldəcəyik. Lakin verdikləri vədə əməl etmədilər. İndi yolarımız bərbad vəziyyətdədir. Yol problemindən əlavə, “Avtovağzal " metrostansiyasında aparılan tikinti işləri də bizi cana yığıb. Qazıntı aparılan zaman toz-torpaq evlərimizə dolur. Axşam isə səs-küydən yata bilmirik. Şikayətimiz ən çox Nəqliyyat Nazirliyindən və Bakı Metropolitenindəndir.

Sakinlərin başqa bir problemi də odur ki, qəsəbədə məktəb olmadığından uşaqları Binəqədi rayonuna getməli olur: ”Uşaqlarımız məktəbə kilometrlərlə piyada yol gedirlər. “Avtovağzal”ın yanında yaşayırıq, bir marşrut yoxdur ki, gəlib camaatı aparsın. Evlərimizin sökülməsinə heç nə demirik. Lakin müvəqqəti də olsa, marşrut buraxsınlar ki, zülm çəkməyək”.
Bolgexeber.com