BolgeXeber.Com » BÖLGƏ TV » Gənclər hansı kitabları oxuyur? - Video

Gənclər hansı kitabları oxuyur? - Video

3-10-2015, 18:36
Oxunub: 2 878 Gənclər hansı kitabları oxuyur? - Video"Xudafərin körpüsü", "Çaldıran döyüşü", Xalid Hüseyninin əsərləri, Knut Hamsun, Dostoyevski, Çingiz Aytmatovun əsərlərinə maraq böyükdür"

Son illər Bakıda çox xeyirxah bir ənənənin əsası qoyulub.Bayramlarda, şənbə və bazar günlərində paytaxtın müxtəlif yerlərində, parklarda ayrı-ayrı nəşriyyatlar və kitab mağazaları tərəfindən kitab yarmarkaları təşkil olunur. Bu, gənclərin və şəhər sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsində əhəmiyyətli rol oynayır.

Elə Nərmin Xəlilzadə ilə də mərkəzi parklardan birində qarşılaşdıq. Onun sözlərinə görə, tətil vaxtı və həftə sonları daha çox kitab oxumaqla dincəlir: "Hazırda Elxan Qaraqanın “Mələk” romanını oxuyuram. Ümumiyyətlə, bu yazarın demək olar ki, bütün əsərlərini oxumuşam. Mən daha çox həqiqətləri özündə birləşdirən həyati kitabları mütaliə etməyi xoşlayıram. Vaxt olduqca, aya iki-üç kitab oxuyuram".

Daha bir gənc - Zeynal Cahangirli isə deyir ki, tədris ili başladıqdan sonra, demək olar, yalnız kimya-biologiya dərsliklərinin sinifdən xaric oxularını mütaliə edir: "Amma tətil boyu bədii ədəbiyyata marağım böyükdür. Məktəbin sonuncu sinfində oxuduğumdan, bəzən mütaliəyə vaxt tapa bilmirəm".

Qubadan Bakıya bayram tətilinə gələn 16 yaşlı Orxan Məmmədovun da mütaliəyə marağı böyükdür. Deyir ki, kitab yarmarkalarından daim mütaliə üçün kitab seçir ki, yay tətillərində oxusun: "Bu yay "Qara Volqa"nı oxudum".

Gənclərdən fərli olaraq, orta yaşlı nəslin nümayəndələrinin isə məsələyə münasibəti tam fərqlidir:

- Kitaba marağım böyükdür, amma mən indiki əlifbanı oxuya bilmirəm. Calışıram rus dilində detektiv əsərləri oxuyum.

- Daha çox ispan mütəfəkkirlərinin əsərlərini oxuyuram. Hər həftə kitab yarmarkalarına baş çəkirəm. Sonuncu dəfə Çingiz Abdullayevin kitabını aldım.

- Kitaba marağım böyükdür, daha çox tərcümə olunmuş əsərləri oxuyuram. Azərbaycan dilində oxumağı xoşlayıram. Gənclərə tövsiyəm də odur ki, kitab oxusunlar.

Oxucu qıtlığından əziyyət çəkmədiklərini deyən kitab meneceri Tariyel Əliyev APA TV-yə müsahibəsində bildirib ki, onların oxucu auditoriyasını 25-35 yaş arası gənclər təşkil edir. Kitab oxumağa marağı artırmaq məqsədilə paytaxtda və bölgələrdə ardıcıl olaraq kampaniyalar keçirilir və qiymətlərdə 25 faiz endirilir: "Mövsümlə əlaqədar olaraq ən çox satılan kitablar orta məktəb dərslikləri və sinifdən xaric oxudur. Ali məktəb tələbələri isə hazırda daha çox ingilis dilli kitablara maraq göstərilir. Bədii ədəbiyyata gəlincə, bu gün ən çox oxunan xatirə ədəbiyyatı seriyasıdır. "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Xalid Hüseyninin əsərləri, Knut Hamsun, Dostoyevski, Çingiz Aytmatovun əsərlərinə maraq böyükdür".

Mütəxəssis hesab edir ki, insanları kitaba yenidən qaytarmaq üçün təhsil ocaqlarında - məktəblərdə, universitetlərdə, sadəcə, müəyyən qruplar formalaşdırılmalı, hansısa mövzunu əks etdirən kitablar təqdim olunmalı və oxunduqdan sonra müzakirəsi təşkil olunmalıdır. Bəlkə bu minvalla nəsə etmək olar: "Dünya ilə müqayisədə bizdə kitab çox az oxunur. Əvvəllər ictimai nəqliyyatda kitab oxuyan görərdiksə, indi əlində kitab olan insan az görürük. Kitab özünüifadənin ən asan, ən kamil yollarını göstərir. İnsanlarda erkən yaşda kitab oxumağa maraq yaranması vacibdir. Çünki kitab oxumaq erkən yaşda vərdiş halına çevrilməsə, çətin ki, yetkinlik çağında buna həvəs yarana".

Yeri gəlmişkən, tibbi baxımdan da kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var. Bəzi həkimlər kitab oxumağı ilk növbədə zehni məşq etdirmək uğrunda atılan uğurlu bir addım kimi qiymətləndirirlər. Daimi mütaliə yaddaşı, məntiqi gücləndirir, öyrənmə qabiliyyətini artırır. Nəticədə insan hadisələri daha düzgün analiz edə bilir, gözəl nitqə sahib olur, məntiqli danışır. Düzgün qaydada kitab oxumaq gözləri də məşq etdirir. Bununla yanaşı, həkimlər bildirirlər ki, kitab oxuyarkən ürək döyüntüsü normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır.

(apa)