BolgeXeber.Com » BÖLGƏ TV » MTN-dəki həbslər: Eldar şamından yıxılanlar - VİDEO

MTN-dəki həbslər: Eldar şamından yıxılanlar - VİDEO

26-10-2015, 11:51
Oxunub: 1 869 MTN-dəki həbslər: Eldar şamından yıxılanlar - VİDEO"Milli Təhlükəsizlik Nazirliyi ətrafındakı mənzərəni də eyni fırça cızıb"

İndi söhbət Eldar Mahmudovdan getmir. O, korrupsiyaya, əsassız tələblərə və rüşvətə müharibə elan etmiş dövlət başçısının prinsipial münasibətinin hədəfi oldu. Amma Eldar Mahmudov eyni zamanda zəngdir. Görəsən, bu zəng daha kimin üçün çalınır? Bax, sual budur və hər bir nazir bilməlidir ki, onun da qapısı günlərin bir günü döyülə bilər.

Mən burda bəzi kütləvi informasiya vasitələrimizin, bir sıra ictimai xadimlərimizin də davarınışları ətrafında gəzişmək istəyirəm. Ona görə ki, nazir vaxtında Eldar Mahmudovun 10 metrliyində durub bəlkə çiyninin yarısı mənə də düşdü deyə uzaqdan şəkil çəkdirib ən azı fon bəxtəvərliyi yaşayanlar bu gün milli mentalitetimizin yıxılan ağaclara dirənən fəlsəfəsi ilə hərəkət edirlər... Hətta kin, nifrət kim daha uzağa tüpürər yarışı təşkil edirlər. Onu da unudurlar ki, beş-altı nəfərə görə bütün bir nazirliyi gözdən salırlar.

Unudurlar ki, bu binada yüzlərlə insan var ki, sadə peşəkar fəaliyyətləri ilə məşğuldurlar və bəlkə də MTN-in ünvanına total qaralamalar baş alıb gedəndə onlar təhlükəli terrorçularla açıq döyüşdə həyatları ilə risk edirdilər. Mənə elə gəlir ki, baş vermiş hadisə Azərbaycan cəmiyyətində çiçəklənməkdə, daha doğrusu, qanqallamaqda olan bir xüsusiyyəti də üzə çıxardı.

Bəzi insanlarımız səlahiyyətlərindən fərdi hakimiyyət kimi istifadə etməyə artıq öyrəşiblər. Özü də, fərqi yoxdur, bu adam nazirdir, komitə sədridir, yoxsa tanınmış bir incəsənət adamı. Şəxsən məndən ötrü, səlahiyyətindən, dövlətdə tutduğı qulluq mövqeyindən istifadə edərək sahibkarı zirzəmiyə atan və ondan külli miqdarda xərac alıb buraxan birisi ilə, sadəcə, şöhrətindən istifadə edib, kimlərisə linç edən, özündən məhkəmə quran başqasının əməllərinin kontentində bir fərq yoxdur.

Bəlkə də, kiməsə mükafat verməyə adət edəndə sənə elə gəlir ki, cəza vermək səlahiyyətin də var, lap dövlət kimi. Təhlükəli jestdir. Cəmiyyət nazirə baxıb nazir, artistə baxıb artist olmaq istəyir. İndi təsəvvür edin ki, bu müğənniyə pərəstiş edənlər ondan nəyi öyrənəcəklər?! Biz müxtəlif vaxtlarda bu mövzuda danışmışıq.

Məsələn, bir dəfə hətta sevgilisini döyərək başını dəniz kənarında qırxmış və sonra da bu prosesi çəkərək internetə yerləşdirmiş birisini də göstərmişdik. Bu baxımdan cəmiyyətin balaca və böyük Eldarları arasında elə bir fərq yoxdur. Biri öz kiçik imkanlarından istifadə edir, öz hədəqəsində qanun malikanəsi yaradır, bir başqası isə öz böyük imkanlarının içinə sığınır.

Cəmiyyət isə hər dəfə bir yeni əcinnənin yaradılması prosesinin fəal iştirakçısına çevrilir. Əvvəlcə onu toxunulmazlaşdırır. Az qala quş uçsa qanad, qatır qaçsa dırnaq salar həddinə qədər. Sonra isə adam yıxılanda onu tüpürcək leysanının altına tutur. Amma bu da səbəb deyil, nəticədir, bəlkə ayrı-ayrı vətəndaşların özünəməxsus məhkəmə quraşdırması elə bir sıra məhkəmələrimizin ədalətsiz və ya qeyri-müstəqil qərar çıxarmaları ilə bağlıdır.

Və mən yalnız məhkəmə hakimiyyətini nəzərdə tutmuram. İctimai mühakiməni, mediya məhkəməsini də bura aid edirəm. Son hadisə göstərdi ki, mətbuat, mediya üçün qapalı zona olmamalıdır. Müdafiə naziri Səfər Əbiyev işdən kənarlaşdırılandan sonra ordunun az qala bütün rəhbərliyi cinayət məsuliyyətinə cəlb olundu. Məntiq diqtə edir ki, bu sahə də mətbuat və mediya üzünə qapalı olduğundan zir-zibillər masanın altında, divarın küncündə gizlədiliblərmiş.

Milli Təhlükəsizlik Nazirliyi ətrafındakı mənzərəni də eyni fırça cızıb. Prezidentlə tam razıyıq. Hər şey şəffaf və açıq olmalıdır. Xalqın xidmətçisi xalqın xidmətində durmalıdır, daha onu öz nökərinə çevirməməlidir. Heç bir nazirlik, komitə, xidmət və ya şura öz səlahiyyətləri çərçivəsində bir QKÇP yaratmamalıdır. O zaman Eldar şamı hamı üçün yanacaq!



Mir ŞahinANS