BolgeXeber.Com » BÖLGƏ TV » Sahibkar Tufan İbadov: “Eldar Mahmudovun dəstəsi oğlumu oğurlamağa cəhd etdi” - VİDEO

Sahibkar Tufan İbadov: “Eldar Mahmudovun dəstəsi oğlumu oğurlamağa cəhd etdi” - VİDEO

5-12-2015, 11:22
Oxunub: 4 472 Sahibkar Tufan İbadov: “Eldar Mahmudovun dəstəsi oğlumu oğurlamağa cəhd etdi” - VİDEOSahibkar: “Başıma silah dirəyib ”Land Cruzer” və “BMV-X5”i əlimdən aldılar”

“2004-cü ildən 2015-ci ilə kimi onun təşkil etdiyi kriminal qrup mənim 500 min manata qədər pulumu reketlik yolu ilə əlimdən alıb. Bu qrupa rəhbərlik edən MTN-in yüksək çinli məmurları, şəxsən Eldar Mahmudov olub” - redaksiyamıza müraciət edən Binəqədi rayon sakini Tufan Aydın oğlu İbadov belə deyir.

Bakının Dərnəgül qəsəbəsindəki bazarda metaldan olan tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olduğunu deyən sahibkar quldurluq, reketlik, adam oğurluğuna cəhd, fiziki və mənəvi işgəncələrlə üz-üzə qaldığını diqqətə çatdırır.

Redaksiyamıza bir neçə məktub təqdim edən T.İbadov deyir ki, Eldar Mahmudov vəzifədə olduğu vaxtda onun ətrafının əməllərindən dövlət orqanlarına şikayətlər edib. Amma şikayətləri onun özü üçün əməlli-başlı başağrısına çevrilib. Baş prokuror Zakir Qalarova, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, milli təhlükəsizlik nazirinin əvəzi general Mədət Quliyevə yazdığı məktubların surətini təqdim edən T.İbadov (https://www.youtube.com/watch?v=I-fkd4OL1Pw&feature=youtu.be)
deyir ki, E.Mahmudovun işdən çıxarılması bir çox sahibkarları ümidləndirib: “Bizim başımıza açdıqları oyunları Allah heç kimə göstərməsin. Çünki müstəqil Azərbaycan inkişaf etdiyi, ölkəmizin dünya ölkələri içərisində ən yüksək reytinq qazandığı bir vaxtda ”Alik" ləqəbli Almurad Şura oğlu Məmmədovun bir Azərbaycan ailəsinin başına gətirdiyi bəla, oyun nə Allah, nə də hüquq-mühafizə orqanları tərəfindən qəbuledilməzdir. Mən mətbuatda hörmətli prezidentimizin çıxışlarını diqqətlə izləyirəm. Möhtərəm prezidentimiz dəfələrlə deyir ki, sahibkarlara mane olan məmurlar və başqa şəxslər bu dövlətin, vətənin düşmənləridir. Ona görə də bütün bu deyilənlərdən belə nəticə çıxarıram ki, bir sahibkar kimi mənim başıma gətirilən bu oyunların başında MTN-in sabiq rəhbərliyi durub. Məni bu qrupun üzvləri, kriminal aləmdə “Alik” kimi tanınan Zəngilan rayon sakini, onun ətrafı - Qasım Bayramov, Ərşad, Fuad, Elnur və başqalarıdır. Bu adamlar sahibkarlara hədə-qorxu gəlir. Sonradan MTN-in sahibkarlardan haqq yığanı Məhərrəm ortaya çıxıb pul alır. Kriminal aləmlə və sabiq MTN rəhbərliyi ilə işləyən Qasım Bayramov məni ölümlə təhdid edərək 300 min manat pulumu alıb. Dəfələrlə şikayət etmək istəmişəm. Lakin sabiq MTN işçiləri şikayətlərimin qarşısını alıblar. Bu şəxslər MTN-in kassiri və qoçusu olan Qasım Bayramovun oğlu və qaynıdır".

T.İbadov ölkə rəhbərliyinə və baş prokuror Zakir Qaralova müraciət edərək üzləşdiyi qanunsuzluqların araşdırılmasını istəyib: “Başıma gətirilən müsibətlər, üzləşdiyim reketliklərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində tam təfsilatı ilə izahat verməyə hazıram. Xahiş edirəm məni qəbul edib dinləsinlər, zərərçəkmiş kimi ifadəmi alsınlar. Bu adamlar onlara aylıq haqq vermədiyimə görə mənim övladımı oğurlamağa cəhd ediblər. Başında Eldar Mahmudovun dayandığı qoçu dəstəsi oğlumu oğurlamağa cəhd edib. 2015-ci il aprelin əvvəlində 16 yaşlı oğlum Yasən İbadov hazırlıqdan evə gələndə ona tanımadığı adamlar hücum edib. Oğlum qaçıb canını qurtarmasaydı, onu oğurlayacaqdılar. Həmin vaxt oğlumun telefonu əlindən düşüb. Bu adamlar da telefonu götürmüşdülər. Qonşular qışqır-bağır etməsəydi, oğlum oğurlanacaqdı.
Sahibkar Tufan İbadov: “Eldar Mahmudovun dəstəsi oğlumu oğurlamağa cəhd etdi” - VİDEO


Oğluma hücum etmələrinin videosunu müstəntiqə təqdim etmişdim. Baxmadı. O videoda açıq-aşkar ”Alik"in oğluma hücumu görünür. Oğlumu xeyli müddət gizlətməyə məcbur oldum. Onlar mənim ofisimə basqın edib başıma silah dirəyib “Land Cruzer” markalı, Az 99 CC 990 nömrə nişanlı maşınımı, “BMV-X5" markalı, Az 90 MC 777 nömrə nişanlı maşınlarımı əlimdən aldılar. Sonradan isə zəng edib deyirdilər ki, gəl notariusa, maşınları adımıza keçir. Getmədim. Özləri yenidən ofisə basqın etdilər. Zorla özləri ilə notariusa aparmaq istədilər. Gördülər ki, müqavimət göstərirəm məni elektroşokla vurdular.

Sonradan bilmişəm ki, 2 saat özümdə olmamışam. Mənə dedilər ki, maşınları verməsən uşağını oğurlayacağıq. Mən də notariusa gedib onlara ”dovernost" verdim. Mənə deyirdilər ki, səni istədiyimiz vaxt öldürə bilərik. Eldar Mahmudova güvənən bu qoçu dəstəsi tanıdığım çoxsaylı sahibkarlardan aylıq haqq alırdı. Bu adamların hələ çox açılmayan cinayətləri var. Əfsuslar olsun Qasım Bayramov hələ də öz qoçu dəstəsi ilə dövlətə və dövlətçiliyə qarşı cinayətlər törətməkdə davam edir. Belə şəxslərin sahibkarlar üzərində etdikləri zorakılıq dövlətimizə və prezidentimizə qarşı təxribatdır. Bu adamlar Eldar Mahmudov işdən çıxarılsa da, öz mənfur niyyətlərini hələ də həyata keçirirlər. Onlar məni dəfələrlə fiziki, mənəvi təzyiqə məruz qoyublar".

Sahibkar deyir ki, dəstə üzvlərinin əməlləri haqda şikayətlərindən biri Bakı Şəhər Baş Polis İdarəsində işləyən Məhərrəm adlı müstəntiq tərəfindən ört-basdır edilib: “Müstəntiq məni çağırıb ərizəmi geri götürməyimi tələb etdi. Hətta məndən 100 min manat da əlavə pul istədi. Dedi ki, get, başını aşağı sal, ora-bura şikayət etmə.

O, mənim tanıdığım sahibkarlardan bir neçəsindən də külli miqdarda rüşvət tələb edib və alıb. Onlar bu gün də mənim ailəmi ölümlə təhdid edirlər. Mən baş prokuror Zakir Qaralovdan, milli təhlükəsizlik naziri əvəzi Mədət Quliyevdən ailəmin və özümün təhlükəsizliyimizi təmin etmələrini xahiş edirəm”.

musavat.com