BolgeXeber.Com » BÖLGƏ TV » Ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilib

Ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilib

30-07-2016, 17:25
Oxunub: 3 390 Ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilibİstintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,9% yaxşılaşaraq 85,6% təşkil etmişdir

İyulun 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2016-cı ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilmiş, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil etmişdir.

Xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının beynəlxalq əhəmiyyətli və genişmiqyaslı tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olmuşdur. Bildirilmişdir ki, ölkənin hüquq mühafizə orqanları Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə respublikanın müxtəlif yerlərində keçirilmiş beynəlxalq tədbirlərdə, o cümlədən müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində baş tutmuş “Formula – 1 Avropa Qran-Pri” yarışlarında ictimai asayiş və təhlükəsizliyi yüksək səviyyədə qorumuşdur.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarının Prokurorluq orqanları tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqəli şəkildə icra olunması istiqamətində zəruri işlər davam etdirilməklə amnistiya aktı hazırkı vaxtadək 9 minə yaxın şəxsə tətbiq olunmuşdur.

Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuş, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

2016-cı ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 min 251 cinayət qeydə alınmış, bu cinayətlərin 85,6%-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,4%-i ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, zorlama, xuliqanlıq, avtonəqliyyatın qaçırılması, yol-nəqliyyat hadisələri, qəzalarda həlak olanların və xəsarət alanların sayı əhəmiyyətli dərəcədə azalmışdır. Adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin açılması tam təmin edilmiş, keçmiş illərdən bağlı qalmış 205 cinayət açılmışdır. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmış, müxtəlif cinayətlər törətmiş 7003, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1121 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmiş, istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulmuşdur.

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilmişdir. İstintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,9% yaxşılaşaraq 85,6% təşkil etmişdir.

2016-cı ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Qeyd edilən tədbirlərin, habelə prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işin nəticəsində qeydə alınmış 87 qəsdən adam öldürmə cinayətlərindən 85 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 42 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 97,7 % (2015-ci ilin müvafiq dövründə 98,9 %) təşkil etmişdir.

Xüsusi qeyd edilmişdir ki, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə və yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdə Xaçmaz və Bərdə rayonlarında törədilməklə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərindən 1-nin açılması təmin edilmiş, Bərdə rayonunda törədilməklə bağlı qalmış cinayətin açılması, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Cari il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölmüş, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəymiş və ya onlar dağıdılaraq tam yararsız hala salınmışdır.

Ermənistan tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, eləcə də mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi və digər faktlara görə Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq qısa müddətdə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupları yaradılmışdır.

Cinayət işləri üzrə dağıdılmış evlərə və sosial obyektlərə müvafiq komissiyaların üzvlərinin iştirakı ilə müasir texniki vasitələrdən istifadə etməklə hərtərəfli baxış keçirilmiş, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətləri təsdiq edən maddi sübutlar aşkar edilərək götürülmüş, dəymiş ziyanının məbləğinin, mülki şəxslərin ölümünün səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə rəylər alınmış, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindirilmiş, erməni vəhşiliklərini sübut edən zəruri sənədlər əldə olunaraq cinayət işlərinin materiallarına əlavə edilmişdir. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.

Bildirilmişdir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2016-cı ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.

Bildirilmişdir ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoymuşdur. Həmin vəzifələrin icrası ilə əlaqədar Baş prokuror tərəfindən 19 may 2016-cı il tarixdə Tədbirlər Planı təsdiq edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt“ əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq hesabat dövründə bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə önəm verilmişdir.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 143 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 95 şəxs barəsində 39 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılıaraq məhkəmələrə göndərilməsi xüsusi vurğulanmışdır.

Hesabat dövründə də kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 100 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 58 faizini təşkil edən 656 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirmişdir.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların təkmilləşdirilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.

2016-cı ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 6 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 1 nəfər tutduğu vəzifədən azad olunmuşdur. Belə ki, xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol vermiş Səbail rayon prokurorluğunun müstəntiqi Vüsal Kazımov, İmişli rayon prokurorunun böyük köməkçisi Çingiz Quliyev, Xaçmaz rayon prokurorunun köməkçisi Tural Allahverdi və Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov prokurorluq orqanlarından xaric edilmişlər.

Bundan başqa, xidməti və əmək intizamına riayət etmədiyinə, Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin ciddi pozuntusu hallarına yol verdiyinə görə Masallı rayon prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədli prokurorluq orqanlarından xaric edilməklə barəsində aparılmış yoxlama materialı üzrə cinayət işi başlanmışdır. Həmçinin, xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanmış və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Tələb edilmişdir ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Qeyd olunmuşdur ki, vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Gəncə şəhəri, Bərdə, Quba, Qəbələ, Neftçala, Cəlilabad və Göyçay rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Müşavirədə 2016-cı ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə etmişdir. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini, Müsabiqə Komissiyasının sədri Namiq Əsgərov hesabat dövründə prokurorluq orqanlarına müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar dövlət başçısı tərəfindən imzalanmış normativ-hüquqi aktlardan irəli gələn vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər vermişdir. Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.