BolgeXeber.Com » BÖLGƏ TV » Qəssab dükanında qətl (VİDEO)

Qəssab dükanında qətl (VİDEO)

8-03-2013, 10:40
Oxunub: 6 343 Mərhumun qohumları dünən Respublika Prokurorluğuna şikayət edib
“Atamı polis idarəsinə ağır vəziyyətdə aparıblar. Ona nə ilkin tibbi yardım olunub, nə də xəstəxanaya yerləşdiriblər. Bizə zəng etdilər, dedilər ki, atanız morqdadır” - bu sözləri Kəklik Qaraşova deyir. O deyir ki, atası Malik Qaraşovu martın 3-də döyərək öldürüblər.
Ötən gün Qaraşovun ailə üzvləri və qohumları Respublika Prokurorluğuna şikayətə gəlmişdilər. Qaraşovlar ailəsinin üzvləriylə də elə burda görüşüb qətl hadisəsinin detallarını öyrəndik.
“Atamı Fuadın əlindən qurtarmaq istədim, ancaq gücüm çatmadı”
Kəklik Qaraşova deyir ki, atasıgillə bir binada yaşayırlar. Hadisə baş verən gün Malik Qaraşov 14 ildir ki, yataq xəstəsi olan həyat yoldaşı üçün dərman alıb evə gəlirmiş. Yolda maşını sürətlə sürüb: “Atam maşından düşəndən sonra qonşuluqda yaşayan Fuad Qəhrəmanov ona yaxınlaşaraq maşını niyə sürətlə sürdüyünü dedi. ”Maşını bərk sürüb niyə lotulanırsan?", “Get başqa yerdə lotuluq elə!”, “Sən kimsən ki, burada maşını sürətlə sürürsən” dedi. Atam isə sakit şəkildə onu dinlədi. Sonra əlavə etdi ki, Fuad, gəl gedək evdə çay içək. O isə atamın üstünə gəldi. Fuadın yanında dördüncü sinifdə oxuyan qızı da vardı. Qızı da ona mane olmaq istədi, ancaq bir şey olmadı".
Kəklik Qaraşova bu olayı evindən seyr edəndən sonra dərhal aşağı düşüb: “Istədim ki, Fuadla atam mübahisə etməsin. Aşağı düşdüm, Fuad atamı sürüyə-sürüyə öz maşınına aparırdı. Ona mane ola bilmədim. Ürəyim də ağrıyır. Tez-tez ürəktutmam var. Atamı Fuadın əlindən qurtarmaq istədim, ancaq gücüm çatmadı”.
Mərhumun qızı deyir ki, səs-küyə qonum-qonşular da çıxıb: “Ancaq Fuad bizi aldatdı. Yalandan atama dedi ki, gedək yuxarıda - parkda çay içək. Çay içmək adıyla atamı güclə apardı”.
“Sifəti, boynu zərbələrdən göyərmişdi”

Atasının aparılmasından narahat olan Kəklik Qaraşova bu barədə polisə məlumat verdiyini deyir: “Polisdən isə bizə dedilər ki, bizə şikayət etməyin. Fuad atamı işlədiyi yerə - qəssab dükanına aparıb. Orada dörd-beş nəfərlə onu döyüblər. Atam vəziyyətdən çıxış yolu kimi sonda polisə zəng edib. Polis onu xəstəxanaya aparmaq əvəzinə idarəyə gətirib. Bizə xəbər çatanda isə atam artıq vəfat etmişdi. Meyidini morqa aparmışdılar”.
Malik Qaraşovun qohumları deyir ki, mərhumun bədənində xəsarət izləri olmasa da baş nahiyəsində yaralar vardı: “Sifəti, boynu zərbələrdən göyərmişdi. Bədənində heç nə yox idi, ancaq başına vurublar”.

1960-cı il təvəllüdlü Malik Qaraşov əslən Laçın rayonundandır. Xəzər rayonu, Şüvələn qəsəbəsi, Cəsur düşərgəsi, ev 1 ünvanında yaşayan Qaraşovlar ailəsi hökumətdən məsələyə adekvat reaksiya gözləyir.
Mərhumun anası Həqiqət Qaraşova oğlunun qanının batırılmamasını tələb edir: “Oğlumun heç bir günahı yoxdur. Onu qanının batırılmasını istəmirəm”.
Mərhumun qardaşı Xalid Qaraşov isə olayda hüquq-mühadizə orqanlarının günahlandırır: “Indiyə kimi heç bir iş görülmür. Niyə gəlib bir söz demirlər? Polis də, prokurorluq da məsələyə öz qiymətini verməlidir”.
Qaraşovlar bizimlə söhbəti bitirdikdən sonra Respublika Prokurorluğuna getdilər. Onları qəbul edən şəxs məsələni araşdıracaqlarını və günahkarların cəzalandırılacağını deyib.
Ramin DEKO