BolgeXeber.Com » BÖLGƏ TV » Elşad Abdullayev Gülər Əhmədova ilkə bağlı videonun tam versiyasını yaydı-Video
Elşad Abdullayev Gülər Əhmədova ilkə bağlı videonun tam versiyasını yaydı-Video
25-04-2013, 08:25
Oxunub: 5 735Elşad Abdullayevin köhnə videosunda yeni adlar
Aprelin 24-də ABU-nun sabiq rektoru Elşad Abdullayev “Yeni Müsavat”a saat yarımlıq gizli çəkiliş olan disk yollayıb. Belə məlum olur ki, bu diskdə sabiq YAP-çı deputat Gülər Əhmədova və onun rəfiqəsi, mərhum Sevinc Babayeva ilə E.Abdullayevin mandat söhbətinə həsr olunan danışıqlar öz əksini tapıb. Lakin bu videonun daha öncə yayılandan bir fərqi var. Bu da onun tam versiyada və 1,5 saat ölçüsündə olmasıdır. Xatırladaq ki, daha öncə G.Əhmədova və onun vəkilləri qəzetimizə açıqlama verərək, sabiq ABU rektorunu videonun tam versiyasını yaymamaqda ittiham edirdi. E.Abdullayev də öncə bu videogörüntülərin tam, montajsız versiyasını prokurorluğa göndərdi. Aprelin 24-də isə onu qəzetimizə yollayaraq, ictimaiyyətin bu söhbət barədə tam məlumatlı olmasına şərait yaratdı. Xatırladaq ki, videonun ilk 30 dəqiqəsi daha öncə yayımlanıb və orada deputatlıq alverinin detalları barədə müzakirə gedib. Həmin videogörüntülər və onun stenoqramı barədə qəzetdə sentyabrda silsilə məqalələr yazdığı üçün təkrara varmaq istəmirik. Biz videonun 30-cu dəqiqəsindən sonra qeydə alınan söhbəti nəzərinizə çatdırırıq. Həmin dəqiqədə də söhbət yenə E.Abdullayevin kabinetində G.Əhmədova və S.Babayevanın iştirakı ilə davam edir. Müzakirə deputatlığa namizədlərin öz namizədliyini geri götürməsi barədədir. G.Əhmədova videonun 30-cu dəqiqəsində E.Abdullayevin danışığından xoşu gəlmədiyinə və görüşü olduğuna işarə vuraraq otağı tərk edir. O gedəndən sonra S.Babayeva bir çox detalları açıqlayır. S.Babayeva iddia edir ki, gecə G.Əhmədovaya dirəniblər: “Gecə ilə mənə zəng elədi ki, 500 mini də (dollar-red.) çatdırmaq lazımdır. Komissiyanı mən həll eləmişəm. Bir həftə sonra da komissiya məsələsi həll olunacaq”. S.Babayeva daha sonra iddia edir ki, G.Əhmədova əlavə 500 min dollar söhbətini yalandan ortaya atıb: “Nə ölümü var bunun institutda? O sözə görə başını əzəcəm onun”. E.Abdullayev bu günə qədər Ramiz Mehdiyevlə işlədiklərini deyir. Xatırladır ki, daha öncə Aqil Əliyevlə işləsələr də sonuncu “ortaya bir iş qoymayıb”: “İndi bizim bütün sənədlərimizə Ramiz qol çəkir. Gör sən indi mənim ağzımı kimə dirəmisən?” S.Babayeva iddia edir ki, G.Əhmədova ilə işləməyi ona Ramiz Mehdiyevin yaxını təklif edib: “Mən Abbasla (Abbas Abbasovu nəzərdə tutur-red.) işləmək istədim. Qız mənə dedi ki, Abbas səni lap soyacaq, yaxşısı budur bununla (G.Əhmədovanı nəzərdə tutur-red.) işlə. İki nəfər işləyir bu işdə - Gülər, bir də Abbas”. E.Abdullayev: “Özü də bu Gülər Mahirin işini bilir”. S.Babayeva: “Bəs mən sənə demirəm ki, özləri buraxacaqlar? Bu prosesi keç, Mahir öz ayaqları ilə gələcək evə. O gün Gülər mənə belə variant da dedi ki, ola bilər çağırsınlar Elşadı. Desinlər ki, Mahiri 6 aylıq çıxart ölkədən, sonra qayıdıb gələr yenə. Proqnoz budur. Yoxsa nə oldu, Ramiz elə sənin üzərində dayandı? Sən ağıllı adamsan, özün bunları fikirləş. Pulu səndən ”obşiy" alıb, sonra da buraxacaqlar". S.Babayeva sonra iddia edir ki, dünən G.Əhmədovaya 500 min dollar verib. Onun 100 min dollarını G.Əhmədova özünə götürüb, 400 mininin isə “içəriyə” çatacağını deyib. E.Abdullayev isə bu yerdə S.Babayevaya təklif edir ki, R.Mehdiyevin kürəkəni İlhamı çağırtdırıb bu barədə danışsınlar. Sabiq rektor həmin şəxsə dərs dediyi üçün tanışlıqları olduğuna işarə vurur. S.Babayevanın “ver pulun qalanını indi, komissiyanı da həll edim də” təklifinə E.Abdullayev tələsməməyi məsləhət görür. Deyir, onun üçün komissiya məsələsi vacib deyil. Səfərlərdə olduğu üçün işləri də çox olur. S.Babayeva deyir ki, bu cür qeyri-ciddi münasibətə görə G.Əhmədova ilə təkbətək danışacaq. Hətta S.Babayeva G.Əhmədovanın ABU-da işə düzəlmək istədiyini də deyir. E.Abdullayev isə iddia edir ki, “bu cür söhbətdən sonra o məsələ alınmayacaq”. Bu yerdə G.Əhmədova S.Babayevaya zəng edir. O da bayıra çıxıb onunla görüşə gedir. Qayıdandan sonra aralarındakı söhbət əvvəlki sürətlə davam edir. S.Babayeva: “Deyir Madər (Biləcəridən deputat seçilmiş Hacı Madər Musayev-red.) neçə ildir orda oturub. Çünki milyonerdir. Heç kim ona əl vura bilmir (Bu yerdə G.Əhmədova ona yenidən zəng edir, söhbət kəsilir-red). Mənə deyir ki, məni də öldürürlər. Birinci öldürür bunları. Komissiya deyib ayıltdın sən bunu. Bir kəlmə özüm deyib, həll edəcəkdim də. Bu belə oyundur da. Sən canın, bunlarla qurtar”. E.Abdullayev: “Mən sən deyən pulu verdim də...” S.Babayeva: “Sən görmədin ki, bunlar Fərhadı (keçmiş nazir F.Əliyevi-red) nə günə qoydular? Hər şeyini aldılar. Əli İnsanovu görmədin nə günə qoydular? Bunlar budular da. Ramiz çətin adamdır. Bilirsən mənə nə təkliflər olur? Biləndə ki Ramizdi, qorxurlar, qaçırlar. Adını boş yerə ”kardinal" qoymayıblar ki... Amma normal işləsən, heç nə olmayacaq. Bax Madərə. 15 ildir oturub özü üçün. Aylığını çatdırır, oturur yerində. Madəri də ona vaxtilə Əli İnsanov calaq edib. Sonra özü xod tapıb ona, indi özü şefdir. Rafael mənə Madəri deyəndə onunla danışdım. O, mənə 2 demişdi. Mən dedim, sürüş burdan, lazım deyil". S.Babayeva E.Abdullayevdən bir daha xahiş edir ki, bu məsələni qurtarsın. Hətta deyir ki, G.Əhmədova qarşısında şərt də qoyacaq: “Deyəcəm ki, bir şərtlə verir ki, sən bunu Ramizin yanına salacaqsan. Bu, birbaşa onunla işləyəcək”. E.Abdullayev isə deyir ki, bu günə qədər onun bütün işlərini R.Mehdiyev görüb: “İki-üç dəfə Aqilə (Heydər Əliyevin qardaşı A.Əliyevə-red) dedim, həll eləmədi. Sonra özüm məcbur tapıb, dilini dedim, həll elədim. Onun sözünə baxan var?” S.Babayeva isə hədəfi yenə G.Əhmədovanın üzərinə gətirir. Deyir G.Əhmədovanın hazırda bu dərəcədə dirənməsinin bir səbəbi var: “Bilir ki, səni o kişi özü tapacaq, sənlə işləyəcək. Bu da olacaq heç kim. Ona görə deyir ki, bəri başdan nə aldım-aldım, aparıb yiyəsinə çatdırım”. E.Abdullayev isə namizədliyinin geri verilməsi ilə bağlı olanları yada salır. Deyir həmin gün işə gələndə YAP-ın sədri ona siyahı verib. Təqribən 20 nəfər namizədliyini veribmiş: “O 20 nəfərdən 15-nə dedilər ki, çək dala namizədliyini. Mən də onları çağırıb dedim ki, məsələ belədir. Bu indi demir ki, 500 də ver? Bunun öz ürəyindən keçir həmin pul. Özünə götürmək istəyir”. S.Babayeva da deyir ki, bunu onsuz da bilir. E.Abdullayev isə şərt qoyur ki, onu komissiya sədri keçirsinlər, 500 min dolları əlavə verəcək. S.Babayeva yenə sabiq rektora G.Əhmədovanın mesajını çatdırır: “Deyir, bu günə qədər bir iş görməyib, heç yerə getməyib. Bir milyon onunçün əladır. Bir yerdə pul xərcləməyib”. S.Babayeva: - Qurtar bu məsələni də. Sənə söz verirəm ki, komissiya sədri olacaqsan. E.Abdullayev: - 500 demisiz, vermişəm də. S.Babayeva: - Yenə ver də. E.Abdullayev: - Musa bunlara 500 min dollar verən... (söyüş söyür). S.Babayeva: - Yox, Musanı komissiya sədri qoyacaqdılar. Sonra partiyanı parçalayacaqdılar, kimisə qoyacaqdılar ora. S.Babayeva E.Abdullayevi inandırmağa çalışır ki, namizədlər arasında ondan yaxşısı yoxdur: “Getsinlər baxsınlar roliklərə. Gör səndən yaxşısı var? Biri qəssabdır, o biri oxuyandır, biri ”moşennik"dir. Hansı biri düzdür? Yazıq Rza (R.İbadov-red) özünü niyə öldürür? Deyir mənim kimi oğlanı qoyublar qırağa, alverçini, diktofonla danışanı çıxarıblar ora. Deyir mənim günahım nədir. Dağıdaram Azərbaycanı əgər keçməsəm. O da yanır ki, biabırçılıqdır. Nazim İbrahimovun qardaşı biabırçılıqdır, bir kəlmə danışa bilmir. Utanmır özünə mahnı yazdırır. Mən sənə söz verirəm ki, komissiya sədri olacaqsan". E.Abdullayev isə deputat keçəndən sonra seçkinin səhəri günü həmin vəsaiti ödəyəcəyini deyir. S.Babayeva G.Əhmədovanın onun haqqında “imkanı var, o boyda universitet işlədir, pulu versin” sözlərini çatdıranda isə sabiq rektor əsəbi şəkildə deyir: “Bacarır gedib o da bir obyekt işlətsin”. S.Babayeva iddia edir ki, G.Əhmədovanı 50 faiz yuxarı instansiyalarla özü tanış edib: “Apardım Paşayevlərlə tanış etdim. Bir ay dostluq elədilər bununla. Sonra gördülər bu kimdir. Mənə dedilər ki, rədd elə bunu”. Mərhum rəfiqəsi G.Əhmədovanın bəzi əməlləri barədə də E.Abdullayevə məlumat verir. Onun sözlərinə görə, G.Əhmədova beynəlxalq bir tədbir keçirmək istəyəndə hökumətdən 700 min dollar istəyib. Qarşı tərəf isə bu tədbirin 50 min dollara başa gələcəyini S.Babayeva vasitəsilə ona çatdırıb: “Fərhada (güman ki, F.Əliyevi nəzərdə tutur-red.) verdilər tədbirin proqramını. O da proqramı o üz-bu üz baxdı, ”moşennik"in biri də odur axı. Baxıb dedi ki, 100 min verə bilərəm. Uzaqbaşı 50 min də özünə hədiyyə... Bax, bu, belə adamdır... Dalında Ramiz dayanıb, ona görə at oynadır". S.Babayeva daha sonra iddia edir ki, G.Əhmədovanın da Mahir Abdullayevin işindən xəbəri var. Buna sübut kimi M.Abdullayev itən gün sabiq deputatla aralarında keçən söhbəti danışır: “Mən ağlayırdım, dedim, yazığın başına gör nə gəldi. Bu da dedi ki, yazıq niyə olur, oturub da orda. Çıxacaq da. Dedim onu heç tutmayıblar ki. Qayıtdı ki, o qədər adamı elə şərləyiblər ki... Bir gün xalq düşməni deyəcəklər, o biri gün pul atıb deyəcəklər. Niyə təəccüblənirsən ki? Tək yeyəndə bilmirdi ki, belə olacaq? Dedim, aaz, Misirlə Ramiz qoyar onu tək yeməyə? Bunların hamısını demişəm ona. O da dedi ki, getsin qoysun Eldarın qabağına pulu, gör Eldar onun qardaşını gecə ilə buraxır, buraxmır. Deyirəm bilir də məsələni... O ”açkili" müavini var e, Hilal Əsədov, o, mənə zəng edib deyirdi ki, kimi istəyirsiz, şöbə müdiri qoyaq... Dedim daha siz Namiq Abbasovu keçdiniz ki. Dedi, belədir də..." S.Babayeva sonra iddia edir ki, daha bir tanışı olan Elşad (kim olduğunu açıqlamır-red) MTN-in Türkiyə şöbəsinə rəhbər getmək istəyib və ondan 5 milyon dollar istəyiblər. Hətta ona həmin pulu bir neçə ayda “çıxaracağı” da vəd edilib. Amma həmin şəxs cəmi 1 milyon dolları olduğunu deyib və alver baş tutmayıb. S.Babayeva həmçinin Arzu Kazımovun adam oğrusu kimi ad çıxardığını vurğulayır. Onun sözlərinə görə, bu şəxs Mətanət İsgəndərlinin, Brilliant Dadaşovanın, İnarənin əli ilə adam oğurluğu ilə məşğul olub: “O Elçin mənə dedi ki, Arzu Kazımov Elşaddan qardaşına görə pul aldı. Ev tikirdi, pulu tikintiyə sərf elədi, sonra pulu qaytardı ki, tapa bilmədim. Sənin qardaşını sənə görə tutublar. Ola bilər desinlər ki, 5 ay get haradasa oturt, sonra gələrsən. Əlini əlinin üstünə qoy, buraxacaqlar. Bunların pulunu ver”. S.Babayeva daha sonra deputat mandatı alveri ilə bağlı “bildiyi” detalları da sadalayır. Deyir ki, Rövnəq Abdullayevdən deputatlıq üçün 2 milyon dollar alıblar. Özü isə rayonlarda 500 min dollar xərcləyib. İkisi də razılaşırlar ki, daha çox seçilməyəcək adamlar televiziyada çıxış edirlər. Söhbətin bundan sonrakı bir neçə dəqiqəsində S.Babayeva E.Abdullayevi qalan 500 min dolları ödəməyə razı salmağa çalışır. Sabiq rektor isə G.Əhmədovanın axırının yaxşı olmayacağına işarə vurur. S.Babayeva isə seçkidən sonra Paşayevlərlə işləyəcəyini iddia edir: “Güləri apardım Əli İnsanovla tanış etdim, bunu qovaladı. Sonra əlbəəl Fərhad Əliyevlə tanış etdim. Getdi-gəldi Fərhadın yanına. Fərhad buna 2 dənə mağaza verdi. Dedi, bir şərtlə bu mağazaları sənə hədiyyə edərəm ki, pulun yarısı Sevincə çatacaq. Dedi baş üstə. Hər ikimiz müqaviləni yazdıq. Üstündən 9 ay keçib. Hər dəfə soruşuram ki, pul noldu. Deyir heç birimizin adına olmayacaq dükan, qardaşımın adına olacaq. Dedim, elə mənim bacımın adına olsun da. İndi Fərhadı atdılar bayıra, mənə bir qəpik də verməyəcək”. Sabiq rektor S.Babayeva vasitəsilə G.Əhmədovaya da gözdağı verir. “Ona de ki, Elşad ”spotsmen" adamdır, başı da xarabdır, bu cür aldatsan, vurar səni" tipli cümlələrlə S.Babayevanı da bir növ qorxutmağa və onunla oyun oynamağın təhlükəliliyinə inandırmağa çalışır. S.Babayeva E.Abdullayevə deputat olması üçün israr edir. “Əks halda səni qurdlar yeyəcək, bu universitet çoxunun gözünə girir, deputat olsan, 5 il kef edəcəksən” kimi arqumentlərlə onu inandırmağa çalışan xanım həmçinin Nərgiz Paşayevanın da universitetə gözünün düşməsi ilə bağlı şayiəni sabiq rektora deyir: “Mən də sözarası bunu Nərgiz xanımdan soruşdum. Dedi ki, mənim nəyimə lazımdır o universitet, Bakının yarısı mənimdir. Deyir, indi mənim ən gəlirli yerim evlərdir. Bakının mərkəzi yerlərində evləri mən tikirəm. Çox adam da bilmir ki, bu evlər mənimdir”. S.Babayeva deyir ki, G.Əhmədova onu öldürür gecədən bəri. Bir daha E.Abdullayevə israr edir ki, qalan pulu da versin. S.Babayeva: - Qazanacaqsan da verdiyini. E.Abdullayev: - Qoyurlar ki, qazanım? S.Babayeva: - Ver o pulu. Bax, verməsən, qoymayacaqlar səni nazir olmağa. E.Abdullayev: - İstəmirəm nazir olmaq... Deputatlıq məsələsini “həll edən” cütlük daha sonra komissiya müzakirəsinə də başlayır. E.Abdullayev deyir ki, deputat seçilən günün səhəri komissiya məsələsini özü həll edəcək. “Komissiya sədrlərinin hamısı dəyişəcək” - deyən ABU rektoruna S.Babayeva məsləhət görür ki, G.Əhmədovaya qeyri-ciddi yanaşmasın: “5 ay sonra onu Səlim Müslümovun yerinə qoyacaqlar”. S.Babayeva bir neçə dəfə otağı tərk edib getmək istəyir, E.Abdullayev hər dəfə onu yoldan saxlayır, söhbəti uzadır. Nəhayət, S.Babayeva sağollaşıb G.Əhmədova ilə danışmağa gedir. Cütlük dəhlizdə də söhbətlərini davam etdirir ki, bunu dəqiq eşitmək mümkün olmur. S.Babayeva getdikdən sonra sabiq rektor texniki işçisinə “bunu ”zapis"ə ver" deyir. P.S. Videomaterial axşam saat 21 radələrində əlimizə keçdiyi üçün dəqiq stenoqram təqdim etmək imkanımız olmadı. Amma video ilə bağlı yazıları davam etdirəcəyik.