BolgeXeber.Com » Dünya » Ermənistan müxalifəti ordudakı vəhşiliklərə etiraz etdi

Ermənistan müxalifəti ordudakı vəhşiliklərə etiraz etdi

14-09-2010, 02:40

“Günahkarlar tapılmasa Serj Sarkisyan başda olmaqla bütün ordu rəhbərliyi bu cinayətin iştirakçısı elan ediləcək”

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi internet saytlarında yayılan və erməni ordusunun iç üzünü açan videoçarxlara münasibət bildirib. “Bolgexeber.com” yerli mətbuata istinadən xəbər verir ki, bəyanatda deyilir: “Son günlər bəzi internet saytlarında orduda hökm sürən adətləri əks etdirən dəhşətli videoçarx yerləşdirilib. Qurşağadək çılpaq olan, yırtıcıya və heyvana oxşayan zabit kolluqda nahar edir, qarşısında isə iki əsgər oturub. O, onlara yaxınlaşmağı əmr edir, başlarından yapışır, var gücü ilə qulaqlarından dartır, sonra isə əlinin içi ilə qulaqlarına elə vurur ki, qançır qalmasın”. Ermənistan müxalifəti orduda baş verənləri vəhşilik adlandırır və bəyan edir ki, heç faşizm vəhşilikləri də Ermənistan ordusunda baş verənlərlə rəqabət apara bilməz. Müxalifət hesab edir ki, videoçarxa baxanda son vaxtlar orduda baş verən faciəli və qanlı insidentlərin səbəbini anlamaq olur: “İnsanlığa sığmayan təhqirlərə məruz qalan hər bir ağıllı insan, özü də 18-19 yaşlı gənc intihara, qətlə əl ata, düşmən tərəfə keçə bilər. Ən yaxşı halda o evə fiziki, mənəvi və psixi cəhətdən şikəst qayıdacaq. Amma o bir şeyi dəqiq etməyəcək-lazım olsa düşmənlə döyüşməyəcək. Beləcə ordunu məhv edirlər və Qarabağı verirlər”.

Ermənistan müxalifəti hesab edir ki, Müdafiə Nazirliyi fakta tələsik, savadsız və ziddiyyətli münasibət bildirib. Erməni Milli Konqresi bildirir ki, bu, həqiqətin üzə çıxmasına yox, onun gizlədilməsinə xidmət edir: “Videçarxda aydın əks olunan iki əsgər və zabitin şəxsiyyətinin dəqiqləşdirilməsi indiyi texniki təchizat şəraitində saatların olmasa da, cəmi bir neçə günün işidir. Baş verənlər adi döymə və ya nizamnamənin pozulması yox, orduda düşkünlük yaratmağa xidmət edən xəyanət, ağır cinayətdir”.

Müxalifət Ermənistan hakimiyyətindən bir həftə ərzində heyvanabənzər zabitin tapılmasını, açıq istintaqın aparılmasını tələb edir. Erməni Milli Konqresi bildirir ki, araşdırmada vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai təşkilatlar və jurnalistlər də iştirak etməlidirlər: “Əks halda Serj Sarkisyan başda olmaqla bütün ordu rəhbərliyi bu cinayət əməlinin iştirakçısı elan ediləcəklər”.