BolgeXeber.Com » Dünya » BP NABUCCO-ya alternativ axtarır

BP NABUCCO-ya alternativ axtarır

28-09-2011, 18:10
Oxunub: 5 696 Avropa Xəzər və Türkmənistan qazını yeni bir yolla daşıyaraq, Rusiyadan asılılığını azaltmaq niyyətindədir

«Financial Times» qəzeti enerji nəzəngi BP-nin Azərbaycandan Avropaya 1300 km uzunluğunda yeni bir təbii qaz boru xətti çəkmək niyyəti olduğu barədə məlumat yayıb. Bolgexeber.com xəbər verir ki, qəzetin müxbiri Devid Bleyerin yazdığına görə, Xəzər dənizindəki «Şah Dəniz» sahəsindən çıxarılan təbii qazı Avropaya daşıyacaq və beləcə Avropanın Rusiya təbii qazından asılılığını azaldacaq yeni layihə ilə bağlı rəqabət daha şiddətli şəkildə davam edir.

Xəbərdə vurğulanır ki, hazırkı rəqiblərdən biri Avropa Komissiyasının dəstəklədiyi Türkiyədən Avstryaya qədər uzanacaq NABUCCO qaz kəməridir. Digərləri isə Yunanıstan, Albaniya, İtaliya və Qərbi Avropa üzərindən çəkilməsi gündəmdə olan Trans-Adriatik boru xətti və Yunanıstan-İtaliya boru xətti kimi tanınan İGİ Poseidondur.

Ancaq Devid Bleyerə görə, BP-nin də aralarında olduğu yeddi şirkətin inkişaf etdirməkdə olduğu «Şah Dəniz» yatağından çıxarılan Azərbaycan qazı üçün bir «cənub dəhlizi» inşa etməsini şərtləndirən yeni layihəsi Avropada enerjiylə bağlı strateji tablonu dəyişə bilər. Bolgexeber.com bildirir ki, xəbərdə «Cənubi şərq Avropa boru xətti» adı ilə tanınan BP-nin yeni layihəsi isə ilkin təkliflərin təqdim olunacağı cümə ertəsi günündən daha tez ortaya çıxarıldı. «ARDNŞ-in də üzvü olduğu konsorsium hansı boru xəttini seçəcəyi ilə bağlı qərarını isə ilin sonuna kimi verməlidir».

«Financial Times»ın yazarı Devid Bleyer «Şah Dəniz» yatağı üçün BP-nin vitse-prezidenti Al Kookun «Cənubi Şərq Avropa Boru Xətti» layihəsini «mümkün bir digər çözüm» deyə tərif etdiyini yazır. «Kook «BP-nin boru xətti layihəsinə daxil olmaq fikrindədir» deyir. Kook ayrıca, BP-nin daha əvvəl Azərbaycanla Türkiyəni bağlayan mövcud iki boru xəttinin inşasını da istiqamətləndirdiyini xatırladaraq, «Bu, bizə eynisini bir daha həyata keçirə biləcəyimiz üçün güvən verir» deyib».

Bolgexeber.com «Financial Times» istinadən qeyd edir ki, Devid Bleyer yeni layihənin siyasi və ticarət tələblərini uyğunlaşdırmağa çalışacağını vurğulayır. «Bir bankir NABUCCO-nu «daha çox siyasiləşmiş layihə» kimi təqdim edir. Lakin bəzi qaynaqlar deyirlər ki, Türkiyədən Avstriyaya uzanacaq NABUCCO 10 milyard dollara deyil, bundan iki dəfə bahaya başa gələ bilər. Mənim fikrimcə, Avropanın strateji maraqları NABUCCO-nun imkanlarını və xərclərini də ortaya çıxarır».

Müəllif məqsədlər barədə də yazıb: «Məqsəd Avropa qitəsinə təbii qaz daşımaq üçün yeni bir dəhliz yaratmaqdır. Bu təbii qazın təkcə Azərbaycandan deyil, Xəzər Dənizi bölgəsinin də yerdə qalanlarından, Türkmənistanla yanaşı, İraqdan da təmin edilə bilməsidir».

Bleyer daha sonra bildirir ki, BP-nin yeni layihə həm daha kiçik əraziləri əhatə etməli, həm də ucuz başa gəlməlidir. «Təklif olunan xətt Türkiyənin qərbindən başlayıb Bolqarıstan, oradan Rumıniyaya keçərək Macarıstanın da şərq sərhədlərinə qədər uzanacaq. Yeni layihəyə görə, bu kəmərin çəkilişi zamanı Azərbaycan və Avstriyada istifadə olunan imkanlardan yararlanılacaq. NABUCCO-nun üçdə biri uzunluğunda olacaq yeni kəmərin nəql imkanlarını isə istənilən vaxt artırmaq mümkün olacaq».