BolgeXeber.Com » Dünya » İran neft kanalını bağlayır

İran neft kanalını bağlayır

13-12-2011, 09:30
Oxunub: 4 972 Tehran Hörmüz boğazını bağlayacağını bəyan edir

İran ətrafında yaşanan olaylar artıq kritik həddə çatır. Qərb nüvə proqramına malik olduğunu iddia etdiyi Tehrana sanksiyalar tətbiq etdiyi bu ərəflərdə qarşı tərəf də onlara cavab olaraq təhdidlərini çatdırır.

Bolgexeber.com xəbər verir ki, İran parlamentindəki Beynəlxalq Təhlükəsizlik Şurasının üzvü Pərviz Sərvəri bəyan edib ki, onlar istənilən vaxt Hörmüz boğazını bağlaya bilərlər. Hətta o bildirib ki, bunun üçün ilk təlimlər keçirməyə də hazırlaşırlar. İranlı deputat bəyan edib ki, belə bir addım atmaqda məqsədləri boğazı bağlamaq güclərinin olub-olmadığını müəyyənləşdirməkdir. «Yaxın zamanda Hörmüz boğazını bağlayıb-bağlamayacağımızı müəyyən etmək üçün təlim keçəcəyik. Əgər dünya bu bölgəni qeyri-sabit bir yer halına salmaq istəyirsə, biz də dünyanı qeyri-sabit bir yerə çevirəcəyik».

Sərvərinin açıqlamasına rəğmən, İran ordusunun rəsmiləri bununla bağlı hələlik heç bir açıqlama verməyiblər. Amma dünyanın aparıcı analitikləri hadisələrin bu şəkildə gedişatının heç də yaxşı nəticə verməyəcəyini deyirlər. TİA.AZ bildirir ki, Oman və İran arasında yer alan Hörmüz boğazı, Bəsrə körfəzi, Oman körfəzi və Oman dənizini bir-birinə bağlayır. ABŞ Enerji İnformasiyası Departamentinin 2009-cu il üçün açıqladığı rəqəmlərə görə, Hörmüz boğazı gündə 15,5 milyon barrel neft nəql etmə gücünə malikdir. Eyni zamanda, bu dünya neft nəqliyyatının 1/3-ni əhatə edir.

Amma İran dünyanı təkcə bununla heyrətləndirməyib. Tehran hökuməti bir neçə gün bundan əvvəl vurduğu və ələ keçirdiyi ABŞ-ın hərbi kəşfiyyat təyyarəsinin oxşarlarını istehsal etməyə başlayacaq. İranın dövlət televiziyasının yaydığı məlumata görə, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Pərviz Süruri bəyan edib ki, təyyarənin şifrələrini çözmə işlərini tamamlamaq üzrədirlər. «Bundan sonra isə təyyarənin oxşarlarını istehsal etməyə başlayacağıq. Ardından isə bu istehsalı daha da artırmağa başlayacağıq. Biz bununla Amerikanın cəsusluq texnologiyasına aid bir çox sirləri də ələ keçirə biləcəyik».