BolgeXeber.Com » Dünya » Ərdoğandan Sarkoziyə sərt məktub

Ərdoğandan Sarkoziyə sərt məktub

16-12-2011, 18:30
Oxunub: 6 189 Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır.

Bolgexeber.com-un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Nikola Sarkoziyə göndərdiyi məktubda deyilir.

Məktubda qeyd edilir ki, qondarma "erməni soyqırımı" məsələsi Türkiyə üçün həssas və ciddi mövzudur.

"Fransa siyasi hesablar naminə ikitərəflı münasibətləri qurban verməməlidir. Ölkə hakimiyyəti düzəlməyəcək səhvlərə yol verməməlidir", - məktubda deyilir.

Parlament çoxluğunu təşkil edən Fransa Prezidentinin Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar dekabrın əvvəllərində Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.