BolgeXeber.Com » Dünya » Leyla Əliyeva azərbaycanlı xəstəyə baş çəkib

Leyla Əliyeva azərbaycanlı xəstəyə baş çəkib

12-10-2010, 01:45
Oxunub: 3 991

O, Heydər Əliyev Fondunun vəsaiti hesabına Rusiya Elmi Cərrahiyyə Mərkəzində müalicə olunan Camal Bəkirovla görüşüb

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində (RECM) olub, ölkənin bu aparıcı tibb müəssisəsinin rəhbərləri ilə görüşüblər. RECM-in direktoru Sergey Dzemeşkeviç ilə görüşdə tibbi kadrların hazırlanması, təcrübə və mütəxəssislər mübadiləsi, eləcə də birgə tədbirlər və aksiyalar keçirilməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüş başa çatandan sonra Leyla Əliyeva Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu Rafiq Babayevin disklərinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kolleksiyasını mərkəzin muzeyinə hədiyyə edib. Leyla Əliyeva görkəmli sovet və Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, 1957-ci ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” adına layiq görülmüş professor B.Petrovskinin memorial muzeyinin ekspozisiyası ilə tanış olub. Daha sonra RAGT-nin sədri Leyla Əliyeva böyrək və qara ciyər transplantasiyası şöbəsinə baş çəkib, burada Nijni Novqorod şəhərindən olan 11 yaşlı həmvətənimiz, Heydər Əliyev Fondunun vəsaiti hesabına müalicə olunan Camal Bəkirovla görüşüb.

Həmin gün İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirilib. RAGT-nin tibb seksiyası, Azərbaycanın RF-dəki səfirliyi və YUNEYDS (BMT-nin İÇV/QİÇS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş konfransın məqsədi İÇV/infeksiya barədə gəncləri məlumatlandırmaq və xəstəliyin profilaktikasıdır. RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva konfrans iştirakçılarını salamlayıb. O qeyd edib ki, müzakirə edilən mövzu müasir gənclərin ən ağrılı və ciddi problemlərindən biridir və bu konfrans gəncləri QİÇS-in təhlükəli xəstəlik olması barədə məlumatlandırmağa kömək edəcək. L.Əliyeva əksər hallarda gənclərin mübtəla olduğu bu xəstəliyin yayılması barədə statistik məlumatları açıqlayıb: “Aşkardır ki, QİÇS səhiyyənin ciddi problemlərindən biridir və onun həllini axtarmaq zəruridir. Heydər Əliyev Fondu Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət yetirir. Fondun təşəbbüsü ilə respublikada bir neçə müasir tibbi mərkəz tikilib, Beynəlxalq Diabet Federasiyası ilə fəal əməkdaşlıq edilir, talassemiya kimi təhlükəli xəstəliklərə qarşı mübarizə məsələsinə böyük diqqət yetirilir. Heydər Əliyev Fondu YUNESKO, İSESKO, YUNEYDS və digər beynəlxalq təşkilatlarla da səhiyyə sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə uşaqlar arasında qızılca, məxmərək və digər xəstəliklər əleyhinə kütləvi immunlaşdırma tədbirləri həyata keçirilmişdir. Bu ilin baharında isə Azərbaycanda QİÇS barədə məlumatın insanlara çatdırılması məqsədilə “Uşaq göy qurşağı” layihəsi həyata keçirilib”.

Tədbirin sonunda məlumat xarakterli broşürlər paylanıb.