Bu gün Moskvada gəlmələrə qarşı “rus marşı” keçiriləcək
4-11-2013, 09:20
Oxunub: 4 900
Azərbaycanlılar da etiraza hazırlaşır; İlham İsmayıl: “Rusiyada millətçilik məqsədli şəkildə qızışdırılır, bu, dövlət siyasətinin tərkib hissəsidir...”
Bu gün Moskvada ultramillətçilər ənənəvi “rus marşı” keçirəcəklər. Artıq Moskva meriyası ultramillətçilərin noyabrın 4-də paytaxtda gəlmələrə qarşı “Rus marşı” keçirməklə bağlı müraciətinə müsbət cavab verib. Noyabrın 4-də Moskvada 9 mitinq keçiriləcək.
İndidən bəllidir ki, hər il olduğu kimi bu aksiyalar zamanı miqrantlara hücumlar baş verəcək. Son zamanlar Rusiyada, xüsusən də Moskvada azərbaycanlılara münasibətin dəyişməsi ilə eyni dövrə təsadüf edən yürüşlə bağlı artıq azərbaycanlı miqrantlara xəbərdarlıq edilib. Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatının sədri İlqar Hacıyev azərbaycanlılara müraciət edərək özlərini rus millətçilərinin qəzəbindən qorumağa çağırıb. İ.Hacıyev məktəblərdə oxuyan azərbaycanlılar, müxtəlif sənət sahibləri olan soydaşlarımızı mümkün qədər ehtiyatlı olmağa dəvət etdiklərini söyləyib. “Həmin gün Rusiya polisi gücləndirilmiş iş rejimində çalışacaq. Soydaşlarımız məktəblərə də getməlidirlər, işləri ilə də məşğul olmalıdırlar. Amma millətçilərdən qorunmalıdırlar”.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyanın hazırkı hakimiyyəti artan millətçilik dalğasına qarşı faktiki olaraq heç bir real addım atmır. Əksinə, ekspertin fikrincə, Rusiya hakimiyyəti millətçilik faktorunu qızışdırmaqda maraqlı görünür: “Rusiyanın hazırkı hakimiyyətinin apardığı siyasət imkan vermir ki, bunların qarşısı alınsın. Söhbət təkcə Azərbaycana qarşı münasibətdən də getmir. Ümumiyyətlə, rus millətçiliyi əvvəl-axır rusları başqa iddialara gətirəcək. ”Biz Amerika kimi superdövlət olmaq istəyirik", “Avropanın yarısını yenə də almaq istəyirik” kimi şüarlar, təbii ki, iştahalarından keçsə də baş tutan deyil. Amma fakt budur ki, bu, indiki hakimiyyətin apardığı siyasətin tərkib hissəsidir. Putin şovinizmi, millətçiliyi, başqa millətlərdən olan biznesmenləri məhz millətçilərin xoşuna gəlsin deyə qanunsuz olaraq həbsə atdırması, SSRİ-ni bərpa etmək iştahası son nəticədə Rusiyada millətçiliyin bu şəkildə baş qaldırmasına gətirib çıxardı".
Baş verənlərin həm də çox ciddi bir provokasiya olduğunu qeyd edən İlham İsmayılın fikrincə, Rusiyada “gəlmələrə” qarşı nifrətin qızışdırılması milli zəmində nifrət və təxribatlara səbəb ola bilər: “Təsəvvür edin ki, Moskvada təzyiqlərlə üzləşən, qovulan, döyülən və hətta öldürülmüş birinin yaxınları rus millətinə hansı münasibəti bəsləyəcək. Sabah bu adamlar Moskvadan qayıdandan sonra Bakıda qisas məqsədi ilə yerli ruslara hücum edə bilər. Bunun nəticəsi isə böyük bir gərginlik deməkdir.
Bu təxribatlar həm də Rusiyanın indiki hakimiyyətinin maraqlarındadır. Söhbət təkcə Azərbaycandan getmir, keçmiş ittifaq respublikaları əllərindən çıxdığı üçün bu kimi vasitələrdən bir təzyiq forması kimi istifadə edirlər. Azərbaycana bu şəkildə, Orta Asiyaya başqa şəkildə təzyiq formaları işə salınır. Bunlar təsadüfi məsələlər deyil, Rusiyanın dövlət siyasətinin tərkib hissəsidir".
Rusiyada millətçi çağırışların yatırılmasında əsas rolu oynaya biləcək rus ziyalılarının susqunluğuna işarə edən ekspertin sözlərinə görə, rus ziyalısı bu proseslərdə sakitləşdirici rolunu oynaya bilmədi: “Çox təəssüf ki, bu problemin qarşısını almaq imkanında olanlardan bir hərəkət yoxdur, hamısı susub. Vaxtaşırı Bakıya gəlib Azərbaycan hakimiyyətindən orden-medal alan rus ziyalıları, mədəniyyət, incəsənət, elm xadimləri hamısı susub. Heç birinin səsi çıxmır. Kimsə demir ki, biz bu milləti tanıyırıq, biz gedib Azərbaycanda hörmət görürük, orden alırıq. Burdakı rus millətinin nümayəndələrinin səsi çıxmır, indi onlar ora gedib işlər görməli idilər. Bütün bunlar hamısı göstərir ki, rus millətçiliyi bizim ziyalı adlandırdığımız zümrədən də yan keçməyib. Mən xatırlayıram ki, Soljenitsın Amerikadan qayıdanda Uzaq Şərqdən Rusiyaya daxil olmuşdu. Həmin vaxt o, Uzaq Şərqdən Moskvaya qatarla gəldi. Qazaxıstanın ərazisindən keçəndə onu təəccüb bürümüşdü ki, nə üçün Qazaxıstanın ərazisi bu qədər böyükdür. Açıq şəkildə deyirdi ki, buranın Qazaxıstana aidiyyəti yoxdur, buraları 500 il əvvəl Yermak gəlib ələ keçirib, Şimali Qazaxıstanı almaq lazımdır-filan. Bu, o Soljenindır ki, biz onu insan haqları uğurunda ən böyük mübariz sayırdıq. Yəni bu insanların ən böyük ziyalısının içində daim bir militarist, millətçi əhval-ruhiyyə hər zaman olub”.
Əlavə edək ki, “rus marşı”na Moskvadakı azərbaycanlılar da hazırlaşır. Bu haqda Rusiya paytaxtında yaşayan soydaşımız İdrak Camalbəyli öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, azərbaycanlılar bu ölkədə tüğyan edən ifrat millətçiliyə küçələrə çıxmaqla etiraz edəcəklər. Şüarlar isə “Miqrantlardan əlinizi çəkin!”, “Orxan Zeynalova azadlıq!” olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər