BolgeXeber.Com » Şəki Əyriçay Su Anbarı əsl pul anbarı imiş... - Yeyinti ittihamı...

Şəki Əyriçay Su Anbarı əsl pul anbarı imiş... - Yeyinti ittihamı...

2-06-2016, 15:27
Oxunub: 2 772 Şəki Əyriçay Su Anbarı əsl pul anbarı imiş... - Yeyinti ittihamı...«Əyriçay Su Anbarı İstismarı İdarəsində böyük talan isə cari təmir işləri üçün tikinti materiallarının satın alınması zamanı həyata keçirilib"

Məlum olduğu kimi, aqrar sahənin inkişafı torpaqların meliorativ qaydada əkinə yararlı hala gətirilməsindən, normal suvarma suyu ilə təminatından asılıdır. Bu həyat əhəmiyyətli işlərdə sututarların, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən sığortalanması vacib məsələdir. Ölkəmizdə bu sahəyə diqqət və qayğı prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir. Melioratorlar dövlət tərəfindən irəli sürülən bütün proqramların icra olunmasında geniş imkanlara malikdir. Dövlət büdcəsindən «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə hər il on milyonlarla vəsait ayrılır ki, bu sahədəki çatışmazlıqlar və problemlər aradan qaldırılsın. Lakin görünən odur ki, bəzi vəzifəli şəxslər büdcə pullarını dədə malı kimi istifadə etmək vərdişlərindən əl çəkmək niyyətində deyillər. Gundelik-baku.com-a verilən məlumatlara görə, həmin şəxslərdən biri də Şəki Əyriçay Su Anbarı İstismarı İdarəsinin rəisi Məhəmməd Qasımovdur. Məlumat üçün deyək ki, bu qurumun əsas işi su anbarının doldurulması və vegetasiya dövründə limit əsasında verilməsini həyata keçirməkdir. Həmçinin müəssisə bəndlərin və su paylayıcı qurğuların istismarı, təmiri və bərpası ilə məşğul olur. Əldə etdiyimiz məlumatlara görə, Əyriçay Su Anbarı İstismarı İdarəsinin rəhbər və işçi heyəti fermerləri lazımi səviyyədə su ilə təmin edə bilmirlər: «İdarədə hökm sürən özbaşınalıq istehlakçıların suvarma və kommunal-texniki suya olan tələbatının tam ödənməsinə imkan vermir. Mövcud su mənbələrindən səmərəli şəkildə istifadə edilmir. Sel sularının hidrotexniki qurğulardan maneəsiz ötürülməsi üçün zəruri tədbirlər həyata keçirilmir. İdarəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara, hansı işlərə sərf olunması dəqiq bilinmir. Burda mövcud olan problemlər fermerləri çıxılmaz duruma salıb. Əkin sahələrinin vaxtında və tələb olunan qaydada suvarılmaması quraqlığa gətirib çıxarır, eyni zamanda məhsuldarlığı aşağı salır». Bu arada, qeyd edək ki, ötən ilin ikinci yarısında həyata keçirilmiş tenderlərdə 380 min manatlıq vəsaitin talan edilməsi barədə şok məlumatlar üzə çıxıb. Məlumata görə, torpaqqazan mexanizmləri və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması məqsədi ilə 89916,7 manat pul xərcləndiyi sənədləşdirilib. Ardından isə əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması prosesinə 108903,3 manat sərf olunduğu vurğulansa da, bu pulların təyinatı üzrə xərclənmədiyi deyilir: «Əyriçay Su Anbarı İstismarı İdarəsində böyük talan isə cari təmir işləri üçün tikinti materiallarının satın alınması zamanı həyata keçirilib. Belə ki, bu məqsədlə 160275,2 manat sərf olunub. Lakin gələn xəbərlərdə qeyd edilir ki, idarənin rəhbərliyi büdcədən ayrılmış pulları öz məqsədlərinə sərf ediblər. Hətta onların özlərinə bir xeyli daşınmaz əmlak aldıqları vurğulanır». Özəl qaynaqların bildirdiyinə əsasən, adıçəkilən idarəni bərbad vəziyyətə salan Məhəmməd Qasımov ASC rəhbərliyində təmsil olunan şəxslərdən birinə arxalanır. Məhz həmin şəxsin himayəsi sayəsində idarə rəisi özbaşına əməllərini davam etdirir. Ümidvarıq ki, cəmiyyətin sədri Əhməd Əhmədzadə və aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri qeyd olunan məsələləri araşdırıb rəisin barəsində tədbir görəcəklər.
Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.