BolgeXeber.Com » Gündəm » “Məmmədovların böyük yalanları ortaya çıxdı”

“Məmmədovların böyük yalanları ortaya çıxdı”

29-05-2014, 12:20
Oxunub: 4 161 Rauf Arifoğlu: “Aynar Məmmədovun bu məsələdə suçlu olması təsbit ediləcək”

Aprelin 25-də “Yeni Müsavat” əməkdaşı Fərahim İlqaroğlu yaşadığı binanın qarşısında 3 nəfər tərəfindən döyüldü. Az sonra məlum oldu ki, jurnalisti döyənlər nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynarın dostlarıdır. Həmin şəxslər Daxili İşlər Nazirliyinin istintaqçıları tərəfindən müəyyən edildilər. Artıq cinayətin iştirakçılarından biri – Feyruz Termişi həbs olunub, digər 2 cinayətkardan birinin də adı bəllidir - Tural Bayramov.

Maraqlıdır ki, mayın 7-də jurnalisti döyənlərin Məmmədovlara bağlı olmalarını təsdiq edən foto və videolar ortaya çıxsa da, nəqliyyat naziri və onun deputat qardaşı israrla bu şəxslərin onlarla ilişgisini inkar edirdilər. Sonradan Məmmədovlar Aynar Məmmədovun istintaqa çağırılaraq dindirilməsinə də inkar mövqeyindən cavab verdilər. Ziya Məmmədov “Unikal” qəzetinə müsahibəsində “Aynar Məmmədov istintaqda dindirilməyib” dedi. Nazirin bu açıqlamasından 7-8 saat sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti Trend-in sorğusuna cavab olaraq Aynar Məmmədovun dindirildiyini, ifadəsinin alındığını rəsmən açıqladı.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistin döyülməsi ilə bağlı son gəlişməyə münasibət bildirərkən deyib ki, bu fakt hər şeydən əvvəl Məmmədovların böyük yalanlarını ortaya çıxarır: “Deputat Elton Məmmədov bizi yalan yazmaqda suçlayaraq, iddia edirdi ki, oğlu Aynar Məmmədovu ifadə verməyə çağırmayıblar. Bizim ünvanımıza da təhqir söyləyirdi ki, bütün bunlar böhtandır. Lakin indi rəsmən elan olundu ki, böhtanı biz yazmırıq - Məmmədovlar danışır. Həm də sübut olundu ki, heç kim toxunulmaz deyil. Hətta milyardlara hökm edən klanın gəncləri də polis qarşısında ifadə vermək məcburiyyətində qalır. Burada ortaya çıxan digər məsələ Ziya Məmmədovun dediyi kimi, “idmançının” Aynarın adını istintaqa deməsidir. İndi görünən budur ki, Aynarı - nəqliyyat nazirinin qardaşı oğlunu həbs etmək barədə siyasi qərar yoxdur. Lakin istintaq hələ bitməyib. O qədər “olmaz” deyilən məsələlər oldu ki, hələ bilmək olmaz proses nə ilə yekunlaşacaq. İstintaq heç də hər şeyi açıqlamır. Bu arayış da məcbur qalınmasaydı, heç verilməyəcəkdi. Mən inanıram ki, qısa zaman sonra Aynar Məmmədovun bu məsələdə suçlu olması təsbit ediləcək və prezident də öz siyasi qərarını verəcək”.