BolgeXeber.Com » Gündəm » Cahangir Əsgərovun işçiləri maaş qiyamına qalxdı

Cahangir Əsgərovun işçiləri maaş qiyamına qalxdı

30-05-2014, 09:20
Oxunub: 3 871 AZAL-da işçilərin maaşla bağlı növbəti problemi yaşanıb. Maaşlarının tez-tez gecikdirilməsindən şikayətçi olan AZAL işçiləri aprel ayının maaşını ala bilmirlər

Bu məlumatı virtualaz.org saytına AZAL-ın Aviasiya Təhlükəsizlik Xidmətinin (ATX) işçiləri veriblər.

Təzyiqlərdən çəkinərək adının çəkilməsini istəməyən ATX işçiləri deyir ki, artıq maaşların gecikdirilməsi adət halını alıb: “Son zamanlar maaşlar tez-tez gecikdirilir. Hər ayın 8-15-i arası maaşlar hesabımıza keçirilməlidir. Lakin may ayı qurtarsa da biz hələ heç aprel ayının da maaşını ala bilməmişik”.

AZAL prezidenti Cahangir Əsgərovun narazı işçiləri deyir ki, sonuncu dəfə də maaşlar iki aya yaxın gecikdirilmişdi. O zaman işçilərin etirazından və məsələ ilə bağlı mətbuatda məlumatlar yer alandan sonra problem aradan qaldırıldı.

“350-390 manat arası maaş alırıq. Bunu isə vaxtında vermirlər. AZAL-da maaş probleminin olması haqda düşünmək bir az gülməlidir. Niyə gecikdrirlər - anlaya bilmirik. İş vaxtları artırılır. İşçilərin sayı da çoxalır” - deyə maaşlarını ala bilməyən işçilər bildirdi.

Maaşların gecikdirilməsinin rəhbərlik tərəfindən təkzib ediləcəyini bildiklərini deyən işçilər əməkhaqqının ödəniş kartlarına köçürüldüyünü və bu üzdən də aprel ayının maaşını alıb-almamalarının rahatlıqla yoxlanıla biləcəyini söylədilər.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə virtualaz.org saytına açıqlamasında deyilənlərin həqiqətəuyğun olmadığını söylədi: “Maaşlar gecikdirilmir. Hissə-hissə ödənişlər edilir. Maaşların gecikdirildiyini deyənlər yalan danışırlar. AZAL-ın rəsmi nümayəndəsi olaraq sizi əmin edirəm ki, bu söhbətlər yalandır”.
Bolgexeber.com