BolgeXeber.Com » Gündəm » “Yeni Bakı” yaşayış massivində ev alanlar peşman olublar - Şikayətlər var

“Yeni Bakı” yaşayış massivində ev alanlar peşman olublar - Şikayətlər var

31-05-2014, 16:20
Oxunub: 5 713 Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış massivinin 100-ə yaxın sakini sözgüdən ərazidə baş qaldıran özbaşınalıqlarla bağlı "Azerfax" saytına müraciət edib. Saytın yazdığına görə, nüsxələri dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fövqəladə hallar naziri Kəmallədin Heydərova ünvanlanan müraciətlərdə sakinlər şirkət rəhbərliyi tərəfindən aldadıldığı, şirkət rəhbərinin qohumu olan komendantın özbaşına hərəkətləri barəsində məlumat veriblər.

Problemlərdən cana doyan sakinlər qeyd edir ki, bir çoxları “Yeni Bakı”dan ev almağa televiziyalardakı reklamlardan sonra qərar veriblər. Müqavilə bağlayıb ev alıblar. Problemlər də bundan sonra başlayıb: “Müqavilədə qeyd olunanların heç birinə əməl olunmayıb. Şirkət öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Müqavilədə qeyd olunub ki, şəhərciyin uşaq baxçası, məktəbi, uşaqların mədəni istirahəti üçün park olacaq. Eyni zamanda şəhərciyin marşurutu istismara veriləcək. Ancaq bu günə kimi bunlar reallaşmayıb. Əvəzində şirkət biz sakinlərdən təmir pulu üçün 250 manat, su, işıq, telefon, qaz sayğacları da daxil olmaqla əlavə 250 manat pul alıb. Bu puldan əlavə mənzilini təmir edən sakinlər əlavə olaraq işıq sayğacı üçün pul ödəməyə məcbur olurlar.
Bu azmış kimi, mənzillərlə bağlı heç bir rəsmi sənəd olmamasına baxmayaraq mənzillərin hər kvadrat metrindən 28, ofislərdən 80 qəpiklik kommunal pulu yığılır.
Mənzillərə qazın verilişi hələ də öz həllini tapmayıb. Qazın nə zaman veriləcəyi ilə bağlı rəhbərliyə dəfələrlə müraciət edilsə də şirkət rəhbərliyi 2 ildir zamanı uzada-uzada qalıb.

Qaz sayğaclarının quraşdırılmasına görə hər mənzildən 100 manat pul yığılıb. Şirkət təmsilçiləri yığılan pulun “Azərenerji”yə ödənildiyini deyirlər.

Mənzillərin qazlaşdırılması ilə əlaqədar sayğacdan (hər mənzil qapısının önündən) mənzilə qədər çəkiliş həyata keçirmək üçün sakinlərdən əvvəlcə 40 sonra isə 60 manat tələb olunub. Şirkərin maraqlarına xidmət edən müəssisə ilə müqavilə bağlanılıb. Qazın çəkilişini də həmin müəssisə həyata keçirir”.

Uşaqların istirahəti üçün yaxınlıqda yerləşən “Qurtuluş 93” Yaşayış Massivində quraşdırılan atkarsionlardan istifadə etdiklərini deyən sakinlər şirkət rəhbərliyinin qohumu olduğu deyilən komendantın səriştəsiz fəaliyyətindən gileylənirlər. Sakinlər deyir ki, komendant ancaq vətəndaşları soymaqla məşğuldur. Öz vəzifəsinin ağırlığını dərk etməyən bu adam sakinlərə “krutoy oğlan” gözündə baxır. Sakinlərin problemlərini həll etmək iqtidarında olmayan komendant yaşayış massıvındə zibilin daşınması prosesini həyata keçirməklə işini bitmiş hesab edir.

Şəhərcikdə gecə saatlarında it sürüsü olur. Onların əlindən həyətə düşüb istirahət eləmək mümkün deyil. Bu itlərin səsindən gecə yatmaq olmur.

Bundan əlavə blokların təmizlənməsi demək olar ki, həftədə bir dəfə həyata keçirilir. O da ala yarımçıq.

Şəhərciyin düz mərkəzində yerləşən zibilliyin yerinin dəyişdirilməsi ilə bağlı komendanta dəfələrlə müraciət etsək də o bütün bu müraciətlərə məhəl qoymur. Üstəlik zibil tam daşınmadığından ərazidə mığmığa və ağcaqanadlar çoxalır. Yayda ağcaqanad əlindən evlərə girmək ümmkün olmur.

Sakinlər aidiyyatı şəxslərdən şirkət rəhbərliyinin bu özbaşına əməllərinə son qoyulması üçün addım atmasını xahiş ediblər. Eyni zamanda, şirkət rəhbərinin qohumu kimi sakinlərə yuxarıdan aşağı baxan komendatın vəzifəsindən azad edilməsini, komendantın məhəllə sakinləri arasından seçilməsini təklif ediblər.

“Yeni Bakı” Yaşayış Massivində baş qaldıran narazılıqların həll edilməsi ilə bağlı kimə müraciət edirsənsə onlar “get işinlə məşğul ol, biz belə istəyirik, belə də olmalıdır” deyirlər.

Biz bina sakinlərinin öz iddialarında nə dərəcədə əsaslı olub-olmadıqlarını deyə biləmərik. Hər halda ümid edirik ki, əlaqədar orqanlar bu problemlərlə maraqlanaraq, ölkə rəhbərliyinin vətəndaşların rahat həyatının təmin olunması istiqamətində atdığı addımlara əks davranışların qarşısnı alacaqlar. Biz məktubda söz açılan digər məqamlara başqa yazılarda toxunacağıq.

Əməkdaşımız məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb. Lakin təəssüf ki, çoxsaylı cəhdlərə baxmayaraq “Yeni Bakı” yaşayış massivinin rəhbərliyi qeyd olunan problemlərlə dair fikir bildirməyib. Lakin buna baxmayaraq biz qarşı tərəfin mövqeyini yayımlamağa həmişə hazırıq.