BolgeXeber.Com » Gündəm » Arzu Rəhimovun nəzərinə növbəti fakt

Arzu Rəhimovun nəzərinə növbəti fakt

9-06-2014, 15:20
Oxunub: 5 533 Əgər həqiqətən də rəhbərlik etdiyiniz qurumda qanun pozuntularının aradan qaldırılmasında maraqlısınızsa...

O zaman Səfərbərlik Xidmətinin Daşkəsən və Şəmkir rayon şöbələrində yaşanan olayı araşdırın.Bu gün general-leytenant Arzu Rəhimovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əksər rayon şöbələrində bir sıra qanun pozuntularına yol verildiyindən artıq hərbi ekspertlərin bir çoxu hesab edirlər ki, hərbi çağırış sisteminə nəzarət Müdafiə Nazirliyinin ixtiyarına verilməlidir. Səfərbərlik Xidmətinin nazirliyin tabeçiliyinə verilməsinin daha məqsədə uyğun olduğunu vurğulayan ekspertlərin fikrincə, bu, hərbi çağırış zamanı baş verən neqativ halların qarşısını almağa, prosesə birbaşa nəzarət etməyə imkan verəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı gündən indiyədək hərbi xidmətə yararsız yüzlərlə gəncin ordu sıralarına cəlb edildiyini qeyd edən hərbi ekspertlər məhz elə bu səbəbdən də adıçəkilən qurumun Müdafiə Nazirliyinin tərkibinə birləşdirilməsini arzulayırlar. Çünki mütəxəssislər bu qənaətdədirlər ki, hazırkı hərbi çağırış sistemi köhnə sovet sistemindən qalma olduğu üçün müasir standartlara cavab vermir və beləliklə də, sonradan ciddi nöqsanlar ortaya çıxır. Aparılmış araşdırmalar belə deməyə əsas verir ki, hazırda ölkəmizdə tətbiq olunan çağırış sistemi SSRİ-dəki sistemin ən pis variantıdır. Hərbi sahədən kifayət qədər bilgili olan məlumatlı şəxs də hesab edir ki, bu, Birinci və İkinci Dünya müharibəsində təkmilləşmiş reqressiv, insana məxsus xüsusiyyətləri məhv edən bir sistem idi: "Buna baxmayaraq, həmin sistemdə demokratik, müasir Azərbaycandakı sistemə nisbətən güzəştlər daha çox idi. Hesab edin ki, o vaxtı çağırış yaşı 28 yaşa qədər idi, 2 uşağı olan xidmətə çağırılmırdı. Ailəsində problem olan şəxsə hökumət tərəfindən verilən pul indikindən qat-qat yüksək idi. Müasir Azərbaycanda isə mövcud olan güzəştlərin hamısı ləğv olunub. Hərbi komissarlıqlar, qərargahlar il ərzində kağız doldurmaqla məşğuldurlar. Bizdəki sistem nə SSRİ, nə inkişaf etmiş ölkələr, nə də bizə doğma olan Türkiyəyə uyğun bir sistemdir. Bu, hansısa bir hibrid çağırış sistemidir ki, nə vətənpərvərlik hissini qaldırır, nə döyüş tapşırıqlarını yerinə yetirir, nə ordu institutuna hörmət gətirir".

Bu arada, mövzu ilə əlaqədar aparılmış araşdırmalar göstərir ki, hazırda ölkəmizdə hərbi xidmətə çağırış sistemində əsas problemlər çağırışçıların xidmət yerləri üzrə bölüşdürülməsi, hərbi xidmətdə çağırışdan möhlət alma hüququndan istifadə zamanı və digər hallarda yaşanır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, başında Arzu Rəhimovun durduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti geridə qoyduğumuz 2 il ərzində özünü doğrultmağı bacarmayıb. Maraqlı məqam ondadır ki, "Gündəlik Bakı" qəzeti olaraq Səfərbərlik Xidməti, ümumiyyətlə, hərbi çağırış sistemilə əlaqədar bu və digər faktları ictimailəşdirdikdə bəzi qeyri-peşəkarlar bizi hərbi məlumatları yaymaqda ittiham etməyə cəhd göstərir. Halbuki ortada heç bir hərbi məlumatın yayılmasından söhbət belə gedə bilməz. Çünki biz bu kimi məsələlərdə kifayət qədər ehtiyatlı davranırıq. Lakin unutmaq lazım deyil ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələrində baş alıb gedən əyrintiləri işıqlandırmaq, əsgər ölümlərini, müxtəlif xəstəliklərdən əziyyət çəkən gənclərin sırf plan doldurmaq xətrinə ordu sıralarına cəlb olunmasını qeyd etmək, imkanlı şəxslərin, vəzifə sahiblərinin, məmur balalarının övladlarının isə "neqodnıy" adı ilə həqiqi hərbi xidmətdən yayındırılmalarını yazmaq, qohumluq, tanışlıq əlaqələrinə görə "general" rütbəsi alanları ifşa etmək, hərbi xidmətə çağırış sistemindəki özbaşınalıqlarla, eləcə də hərbi həkim komissiyaları tərəfindən hər 3 aydan bir çağırışçıların sağlamlığının düzgün qiymətləndirilməməsilə bağlı aidiyyəti qurumları məlumatlandırmaq hərbi sirri yaymaq anlamına gəlməməlidir. Çünki ordu xalqın bir hissəsidir.

Deməli xalqın, cəmiyyətin hərbi çağırış sistemində, həmçinin orduda baş verən olaylara biganə qalmağa haqqı yoxdur. Odur ki, həqiqətləri işıqlandırdığımıza görə bizi bu tip məsələlərdə ittiham etmək qəbul olunan hal deyil!

İndi isə general-leytenant Arzu Rəhimovun rəisi olduğu qurumun Daşkəsən rayon şöbəsilə bağlı konkret faktlara toxunmaq istərdik. Beləliklə, hərbi xidmətdən yarımcan dönən 1995-ci il təvəllüdlü, Daşkəsən rayon sakini əsgər Kamran Niyazovun atası Urfan Niyazovun bu günlərdə mətbuatda yayılmış şikayətində qeyd olunur ki, oğlu ötən il aprel ayının 4-də həqiqi hərbi xidmətə çağırılıb. Ailənin bütün bədbəxtliyi də elə bundan sonra başlayıb: "Daşkəsən Rayon Hərbi Komissarlığına getdim. Onlara dəfələrlə oğlumun gözlərində problem olduğunu, irsi xəstəlikdən əziyyət çəkdiyini dedim. Amma dediklərimə məhəl qoyan olmadı. Hərbi komissarlıqda yoxladılar, baxdılar, dedilər tam sağlamdır. Ailənin yeganə övladı olan xəstə oğlumu 13-14 həkimin verdiyi rəy əsasında əsgər apardılar. Oğlumun sağlam, orduya yararlı olması barədəki həkim rəyini sübut kimi özümdə saxlamışam. Hərbi komissarlıqda oğlumun orduya yararsız hesab edilməsi üçün məndən 3000 manat rüşvət istədilər. Bu məbləği verməyə maddi imkanım olmadığına görə uşağımı əsgər apardılar". Əsgər Kamran Niyazovun atası Urfan Niyazovun bildirdiyinə görə, oğlu cəmisi 9 gün əsgərlik həyatı görüb: "Kamran Giləzidəki 052 saylı hərbi hissədə xidmət keçib. Amma cəmisi 9 gün. "Spesnaz"da idi. O da ağır hərbi hissədir. 9 gündən sonra Kamranda şiddətli ağrılar baş qaldırıb, hospitala aparıblar. Qaraciyərində exnokok kista aşkarlanıb. Təcili əməliyyat ediblər. Qaraciyərinin sol pay hissəsini kəsib götürmüşdülər. Amma biz oğlumun qaraciyərində xəstəlik olduğunu bilməmişdik". Urfan Niyazov iddia edir ki, bir aydan sonra yenidən hərbi hissəyə qayıdan əsgər Kamran Niyazov burada iki-üç gündən artıq tab gətirə bilmir. Buna əsgər yoldaşları ilə dava etməsi və bıçaqla özünə xəsarət yetirməsi səbəb olub: "Əməliyyatdan bir ay sonra yenidən hərbi hissəyə qayıtdı. Amma əsgər yoldaşları tərəfindən incidildiyi üçün özünə bıçaqla xəsarət yetirmişdi. Təkrar hospitala qaytardılar. Bundan sonra ordudan tərxis olunmuşdu". Şikayətçinin söylədikləri arasında diqqətçəkən məqamlardan biri də Kamran Niyazovun 10-cu sinifdə oxuyan zaman hərbi xidmətə getməsidir: "Oğlum əsəb xəstəsi idi. Dəfələrlə müalicə olunmuşdu. İki il sinifdə qalmışdı. Mənim uşağımı 10-cu sinifdə oxuyan zaman çağırıb apardılar xidmətə, təhsili də yarımçıq qaldı". Qarabağ döyüşçüsü olan Urfan Niyazov üzləşdikləri problemlərlə bağlı Respublika Hərbi Prokurorluğuna da şikayət etdiyini vurğulayıb: "Şikayətim əsasında cinayət işi başladılar, sonra Hərbi Prokurorluqda bu işə xitam verdilər. Keçmiş döyüşçü kimi aidiyyəti orqanlardan bu işdə günahı olan insanların cəzalandırılmasını tələb edirəm. Hərbi çağırış zamanı məndən rüşvət istəmişdilər. Mən də bununla bağlı şikayət etmişdim. Gəldilər, araşdırma apardılar, yoxladılar. Hərbi Prokurorluqda cinayət işi başlandı. Amma Hərbi Prokurorluqda işə müstəntiq Məhərrəm Məhərrəmov tərəfindən xitam verildi. Daşkəsən elektrik yarımstansiyasında elektrik montyoru işləyirdim. Şikayət etdiyimə görə mən işdən çıxarıldım. Bir ildir ki, işsizəm. Birbaşa müdirimiz Yaqub müəllimə təzyiq göstərdilər. Ona görə də əmək müqaviləsinə xitam verildi. Bir sözlə, şikayət etdiyimə görə işimi də itirməli oldum".

Qeyd edək ki, Urfan Niyazov Hərbi Prokurorluğa ərizə ilə müraciət edərək oğlunun qanunsuz hərbi xidmətə aparıldığını, onun yararsız hesab olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin bölmə rəisi Qulu Əsədovun ondan 3 min manat istəməsini göstərib. Kamran Niyazovun anası Sevil Niyazova oğlunun hazırda yataqda olduğunu, maddi imkanlarının kritik həddə çatdığını bildirib: "Kamran mənim yeganə övladımdır. Çox yerə müraciət etmişik, bu günə qədər heç bir cavab almamışıq. Mənim onsuz da xəstə olan övladımı əsgər aparıb üstümə yarımcan qaytardılar. Bir anlıq məni öz yerlərinə qoysunlar. Övladının göz önündə bu hala düşməsi ana üçün dəhşətdir. Övladım əmək qabiliyyətini itirib, III qrup əlildir". Arzu Rəhimov, bu da sizin üçün növbəti fakt! Əgər həqiqətən də rəhbərlik etdiyiniz qurumda neqativ halların, qanun pozuntularının aradan qaldırılmasında maraqlısınızsa, o zaman Səfərbərlik Xidmətinin Daşkəsən rayon şöbəsində yaşanan olayı araşdırın və 10-cu sinif şagirdini, gözlərində problem olan, irsi xəstəlikdən əziyyət çəkən şəxsi ordu sıralarına cələb edən, hərbi çağırışçının valideynindən 3 min mant tələb edən komissarlıq işçisi barəsində müvafiq ölçü götürülməsini təmin edin. Yox, əgər qeyd olunan fakt sizin üçün azdırsa, o zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Həsrət İsmayılovun sabiq müavini mayor Aydın Namazova təhvil vermədiyi bölmənin siyahısına nəzər yetirməyinizi məsləhət görərdik. O zaman görəcəksiniz ki, 1993-cü il təvəllüdlü, İrmaşlı kənd sakini Bağırov Xaliq Şahvələd oğlu 80c maddəsilə 28.04.2014-cü il tarixdə, Alıyev Şahlar Zabit oğlu (1993. İrmaşlı. 68b. 28.04.2014), Cəfərov Arif Asif oğlu (1993. Atabəy. 2c. 28.04.2014), Musayev Mətləb İbad oğlu (1993. Çənlibel. 84b. 27.04.2014), Qurbanov Xəyal Yusif oğlu (1992. Ələsgərli. 10c. 30.01.2014), İbrahimov Tural Məsim oğlu (1993. Ələsgərli. 42c. 25.04.2014), İmanov Samir Vidadi oğlu (1981. Çaykənd. 2c. 06.04.2014), Şıxıyev Nəcəf Zakir oğlu (1980. Seyfəli. 2c. 29.04.2014), Əgəsgərov Müslüm Qulu oğlu (1980. Seyfəli. 68b. 26.04.2014), Rzayev Elçin Xəqani oğlu (1987. Seyfəli. 62b. 29.04.2014), Ələsgərov Amin Cəlaləddin oğlu (1987. Seyfəli. 14b. 11.04.2014), Şirinov Seymur Əzim oğlu (1982. Seyfəli. 68c. 21.04.2014), Qasımov Namiq İlqar oğlu (1982. 57c. 09.04.2014), Yusibov Aqil Məhəmmədəli oğlu (1993. Seyfəli 65b. 82c. 10.04.2014), Şıxıyev Namiq Vaqif oğlu (1993. Seyfəli. 21b. 28.04.2014), Süleymanov Ruslan Çoban oğlu (1993. Seyfəli. 34b. 28.04.2014), Məmmədov Niyaməddin Elmixan oğlu (1993. Seyfəli. 26c. 28.04.2014), Musayev Səxavət Vasif oğlu (1993. Seyfəli. 20b. 27.04.2014), Hüseynov Akif Tarif oğlu (1993. Seyfəli. 17b. 19.04.2014), Qasımzadə Ülvi Arzu oğlu (1993. Seyfəli. 13c. 28.04.2014), Hüseynov Nəzarət Arif oğlu (1993. Seyfəli. 35b. 28.04.2014), Babayev Mobil İlmas oğlu (1993. Seyfəli. 62b. 27.04.2014), Əsgərov Binnət Əhliman oğlu (1993. Seyfəli. 2c. 28.04.2014), Əhmədov Tural Haxverdi oğlu (1993. Seyfəli. 14b. 29.04.2014), Qurbanov Vahid Zahid oğlu (1982. Dəllər qəs. 2c. 21.02.2014), Qasımov Anar Ramiz oğlu (1989. Dəllər qəs. 68b. 04.04.2014), Məmmədov Yusif Məhərrəm oğlu (1991. Dəllər qəs. 14b. 25.04.2014), Bayramov Qiyəddin Fəxrəddin oğlu (1992. Dəllər qəs. 88b. 25.04.2014), Quliyev Qənbər Suraqəddin oğlu (1993. Dəllər qəs. 14b. 29.04.2014), Tağıyev Həsrət Hüseynqulu oğlu (1985. Könüllü kənd. 2c. 30.04.2014), Hüseynli Rəhman Rüstəm oğlu (1992. Könüllü kənd. 2c. 10.04.2014) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə tibbi müayinədən keçiriliblər. Siyahının davamı ilə növbəti sayımızda tanışola bilərsiniz.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku.com