BolgeXeber.Com » Gündəm » Ucarın Maliyyə İdarəsində acınacaqlı durum

Ucarın Maliyyə İdarəsində acınacaqlı durum

9-06-2014, 15:40
Oxunub: 4 091 Yusif Bəkirovun fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb



Bu gün bəzi rayonlarda məmur özbaşınalıqları, vətəndaşların hüquqlarının pozulması, onların süründürməçiliyə məruz qalması və digər xoşagəlməz işlər sanki adi hal alıb. Yəqin fikir vermisiniz ki, son vaxtlar rayonlardan müxtəlif səpkili şikayətlər eşidilir. Əyalətlərdə yaşayan insanlar məmurların törətdiyi haqsızlıqlara tab gətirə bilməyərək yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalırlar. Müxtəlif rayonların yerli idarələrində aşkarlanan ciddi nöqsanlar bir sıra şəxslərin işinin yoxlanılması zəruriliyini ortaya qoyur.

Məsələ burasındadır ki, Ucar rayonunda bəzi idarə və müəssisələr, habelə büdcə təşkilatları yerli Maliyyə İdarəsinin rəhbərinin əlindən boğaza yığılıblar. Bu vəzifəyə təyinat alan rəis artıq işləri elə bir yerə çatdırıb ki, bir sıra büdcə təşkilatları yaşanan özbaşınalıqları dilə gətirməyə başlayıblar. Verilən məlumatlarda deyilir ki, Ucar rayon Maliyyə İdarəsinin müdiri vəzifə başına keçəndən sonra tətbiq etdiyi ilk qayda rayondakı bəzi idarə və müəssisələrin onun icazəsi olmadan işə adam qəbul etməməsi olub. Mənbələr bildirir ki, Yusif müəllim bütün qurumların rəhbərlərinə bərk-bərk tapşırıb ki, əgər belə bir addım atarlarsa, onların hər birində yoxlama aparıb, bütün faktları üzə çıxaracaq.

Burada məqsədin nədən ibarət olduğu da maraqlıdır. Maliyyə İdarəsinin müdirinin sərgilədiyi fəaliyyətlə ölkəmizin maliyyə sistemilə bağlı əldə edilən bir sıra uğurları şübhə altına alır. Belə ki, məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, maliyyə idarəsinin müdiri fəaliyyəti dövründə bu və digər dərəcədə maliyyə maxinasiyalarında iştirak, hətta onlara rəhbərlik edib ki, bu da xoşagəlməz hal hesab olunur. Bununla da Ucar rayonu Maliyyə İdarəsinin rəisi kimi bu cür neqativ hallarda iştirakı ölkənin son illər maliyyə sektorunda əldə etdiyi uğurları sual altına almaqla yanaşı, həmçinin dövlətin maliyyə sütunlarına da ağır zərbələr vurur. Halbuki sıravi maliyyə işçisi belə, çox gözəl bilir ki, nə vaxtsa dövlət büdcəsindən düzgün istifadə edilməməsinə görə sorğu-suala tutula bilər. Görünür, Yusif müəllim kiməsə arxayın olduğundan, onu bu cür ciddi problemlər heç cür narahat etmir.

Rayonun rəhbərliyində himayədarı olan bu məmurun yuxarı dairələrdə də adamının olduğu deyilir. Bildirilir ki, idarənin rəhbərliyi adından bəzi müəssisələrdə yığım həyata keçirilir. Başqa sözlə desək, Ucar Maliyyə İdarəsinin rəisi Yusif Bəkirov isə hamıdan daha çox qazanc əldə edir. Belə ki, rayonda bəzi idarə və müəssisələrin rəhbərləri hələ ötən ilin sonunda 2014-cü ildə böyük büdcəyə sahib olmaq istəyilə Yusif Bəkirovun qəbuluna dışüblər. Orada qısamüddətli danışıqlardan sonra razılaşma əldə edilib. Sakinlər deyir ki, Ucarın acınacaqlı vəziyyətə düşməsində bu insanın günahı böyükdür. Yusif Bəkirovun bu cür fəaliyyəti artıq rayon sakinlərinin də haqlı narazılıqlarına səbəb olur.
gundelik-baku