BolgeXeber.Com » Gündəm » İqtisad Universitetində şok olay

İqtisad Universitetində şok olay

10-06-2014, 15:45
Oxunub: 3 870 Prorektor Heydər Əliyevin çıxışını təhrif etdi, vəzifəsini itirdi və məhkəməlik oldu

Az öncə Dövlət İqtisad Universitetində İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsindən azad edilən hakim Yeni Azərbaycan Partiyasının universitet təşkilatının sədri Zəfər Bayramova qarşı xüsusi ittiham qaydasında şok iddia qaldırılıb.

Daxil olan məlumata görə, YAP-çı sədrin məhkəməyə verilməsinə səbəb mərhum prezident Heydər Əliyevin vaxtı ilə universitetin yubileyində etdiyi çıxışının təhrif edilməsi və bu çıxış əsasında universitetin professoru, iqtisad elmlər doktoru Bədirxan Musayevə böhtan atılması olub: «Zəfər Bayramov iqtisad elmləri doktoru Bədirxan Musayevin keçmiş rektor Şəmsəddin Hacıyevdən etdiyi şikayətlərə münasibətini açıqlayarkən, professoru təhqir edən ifadələr işlədib.

O, həmin çıxışında Heydər Əliyevin universitetin yubileyində etdiyi çıxışı da təhrif edib ki, bu da birbaşa məhkəmə predmeti olub. Artıq bu işə Yasamal rayon Məhkəməsində baxılıb. Lakin həmin məhkəmənin hakimi YAP-çı sədrə qarşı verilmiş iddia ərizəsini icraata qəbul etməyib. Buna görə Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib. Həmin məhkəmənin hakimi Mirpaşa Hüseynov YAP təşkilat sədrinin çıxışında yer alan ifadələrin, o cümlədən mərhum Heydər Əliyevin fikirlərinin təhrif edilməsinin iddia ərizəsində qeyd edilən böhtan və təhqir olub-olmamasını müəyyənləşdirmək üçün işi ekspertizaya göndərib».

May ayının sonunda ekspertiza rəsmi rəyini məhkəməyə göndərib. Və ən maraqlısı odur ki, aylardır məhkəmələrin ötür-ötür oyununa saldığı məsələ ekspertizanın rəyi ilə icraata qəbul edilmək məcburiyyətində qalıb: «Ekspertiza Zəfər Bayramovun çıxışında təhqirə yol verdiyini təsdiqləyib. Bu isə o deməkdir ki, YAP-çı sədr ona qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında qaldırılmış iddiaya məhkəmədə cavab verəcək».

Məlumatda deyilir ki, hakim Mirpaşa Hüseynov iş üzrə iyunun 4-nə iclas saatı müəyyən edibmiş. Lakin həmin günü Zəfər Bayramov və nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən proses təxirə salınıb: «Buna görə hakim Mirpaşa Hüseynov iclası iyunun 11-nə təyin edib».

Məsələ ilə bağlı Zəfər Bayramovdan münasibət öyrənə bilmədik. Onu da dinləməyə hazırıq.

İqtisad elmləri doktoru Bədirxan Musayev isə Mia.az-a faktı təsdiqləyib. Deyib ki, Zəfər Bayramov mərhum Heydər Əliyevin fikirlərini təhrif edib və bununla həm ona, həm də keçmiş prezidentə böhtan atdıqları üçün təkcə YAP-çı təşkilat sədri deyil, keçmiş rektor Şəmsəddin Hacıyevin yaxın adamlarını da məhkəməyə verib: «Lakin nə bu iddialarım, nə də şəxsən Şəmsəddin Hacıyevə qarşı tələblərimlə bağlı ərizələrimi hakimlər bəlli səbəblərdən qəbul etməkdən yayınıblar. Açıq şəkildə mənə deyiblər ki, Şəmsəddin Hacıyev deputatdır, toxunulmazlığı var. Ancaq mən ruhdan düşmədim. İstəmədim ki, mərhum Ulu öndərin fikirlərini kimlərsə təhrif edərək, ucuz maraqları naminə istifadə etsinlər. Odur ki, ardıcıl mübarizə aparmaqla, nəhayət, Zəfər Bayramovla bağlı şikayətimi icraata qəbul etdirdim. Bəli, ekspertiza mənim ərizəmdə qeyd edilən tələblərlə bağlı müsbət rəy verib. Düşünürəm ki, bu məsələyə görə təkcə Zəfər Bayramov yox, başda Şəmsəddin Hacıyev olmaqla, onun universitetdəki yaxın ətrafı (Bəzilərini yeni rektor işdən çıxarmaqla, cəzalandırıb – Bədirxan Musayev) cavab verməlidirlər».