Gəncə məhkəməsində gözlənilməz qərar
19-06-2014, 08:40
Oxunub: 3 559
Azərbaycan məhkəmələrində ədalətsiz qərarların sayı o qədərdir ki, ədalətli qərarlar sensasiya hesab edilir
Bu baxımdan Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəyi Allahverdiyevin verdiyi qərar bugünkü Azərbaycan reallığında sensasiya sayıla bilər. Məsələ burasındadır ki, hakim məhkəmə qarşısına çıxarılan və narkotik satan şəxs kimi ittiham olunan Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazova bəraət verib. B.Niyazovun vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a deyib ki, ibtidai istintaq zamanı müvəkkilinin günahsız olması ilə bağlı dəfələrlə vəsatət qaldırıb.
Vəkilin fikirlərini təqdim etməzdən əvvəl ittiham aktında yazılanlarla tanış olaq. İstintaq sənədlərinə görə, Bayram Niyazovun tutulması üçün əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin və Gəncə stansiyası Xətt Şöbəsinin əməkdaşları həyata keçirib. İttihama görə, əməliyyat 25 iyun 2012-ci il tarixdə baş tutub. Həmin sənədə görə B.Niyazov tutulduğu gün Balakənin Sarıbulaq kəndi ərazisində baxımsız sahədə bitən çətənə kollarını yığıb və Gəncə şəhərinə gətirib. Həmin gün saat 17.00-da şərti alıcı olan Gəncə stansiyası Xətt Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Vüqar Qədirova 2159,78 qram narkotik vasitəni 3 min dollara satarkən həbs edilib.
Bundan sonra ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham verilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Məhkəmə araşdırması zamanı B.Niyazovun uşaqlıqdan xəstə olması müəyyən olunub. O, daimi olaraq ürək getmədən və ruhi xəstəlikdən əziyyət çəkib. Məhkəmədə həmçinin B.Niyazovun şərlənərək həbs edilməsi müəyyənləşib. Onun vəkili iş üzrə narkotik vasitələrin tapılması zamanı hal şahidi olmuş Kəramət Məmmədov və Tofiq Hüseynovun başqa çoxsaylı narkotik vasitələrlə bağlı cinayət işlərində iştirak etmələrini məhkəməyə sübut edib. Vəkilin Gəncə şəhəri, Nizami və Kəpəz rayon Məhkəmələrinə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə verdiyi sorğulardan məlum olub ki, ibtidai istintaq zamanı B.Niyazov həbs olunan zaman hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynovun mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı hal şahidi qismində iştirak ediblər.
Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində iştirak ediblər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar. Həmçinin B.Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polislərin təhrikçisi olması, 5 başqa rayonda da belə cinayət işlərində iştirak etməsi üzə çıxıb. Eyni zamanda ekspertiza rəyindən B.Niyazovda “tapılan” narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eyni olması üzə çıxıb. Məhkəmə B.Niyazovun barəsində bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxıb.
Hakimlər B.Niyazovun həbs edilməsi zamanı iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də Elşad Məsiyevin və əməliyyatda iştirak edən əməliyyatçılar barəsində xüsusi qərardad çıxarıblar. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərə görə, E.Məsiyev 5 rayonda polisin təhrikçisi kimi cinayətlərdə iştirak edib. Hökmdən prokuror Rizvan Həsənov apelyasiya protesti verib. Prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və B.Niyazovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, prokurorun şikayəti təmin edilməyib.
Vəkil C.Yusifov deyir ki, müvəkkilinin həbsindən sonra ibtidai istintaqa onun günahsızlığını sübut edən faktlar təqdim edib və barəsində olan cinayət işinə xitam verilməsini istəyib: “Amma istintaq orqanı şər-böhtan xarakteri daşıyan əməli həqiqət kimi qəbul etdi və ruhi xəstə Bayram Niyazovu narkotik vasitələrin qanunsuz satışında təqsirli bildi. İş bu şəkildə məhkəməyə göndərildi və Bayram Niyazovun əməli sübuta yetirilmədi. Buna görə də barəsində bəraət hökmü çıxarıldı. Məhkəmədə ”şahid" Elşad Məsiyevin polis əməkdaşları ilə birgə işləməsini sübuta yetirilib. Buna görə də Elşad Məsiyevin və polis əməkdaşlarının əməlinə hüquqi qiymət verilməlidir. Belə bir tədbir görüləndən sonra Bayram Niyazov kimi günahsız insanlar şərlənərək həbs edilməyəcək".
C.Yusifov onu da əlavə edib ki, prokuror müvəkkilinin həbsi üçün Ali Məhkəməyə müraciət edib. Onun sözlərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayəti rədd edilib. Vəkil onu da qeyd edib ki, məhkəmənin belə ədalətli qərarı günahsız insanların şərlənərək həbs edilməsinə imkan verməyəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər