BolgeXeber.Com » Gündəm » Arzu Rəhimovun oğlu özünü kimə göstərir?

Arzu Rəhimovun oğlu özünü kimə göstərir?

20-06-2014, 12:45
Oxunub: 6 403 Arzu Rəhimov övladının bahalı maşınları hansı pullarla aldığına aydınlıq gətirməlidir

Okeanın o tayındakı ADİU-nun 3-cü kurs tələbəsi maddi sıxıntının nə olduğunu bilmir."Bolgexeber.com bildirir ki,Gündəlik Bakı” qəzetinin ötən saylarından birində «Arzu Rəhimovun oğlunun dəbdəbəli həyatı...» başlığı ilə dərc olunan məqalə böyük rezonansa səbəb olmuşdu. Ölkənin əksər KİV-ləri qəzetimizin apardığı araşdırma əsasında hazırlanan materialı işıqlandıraraq məmur övladının şəxsi həyatını necə ictimailəşdirməsini bütün xalqa çatdırdılar. Qeyd edək ki, söhbətini etdiyimiz məqalədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) maliyyə ixtisasının 3-cü kursunda təhsil alan oğlu Murad Rəhimovun bahalı həyat tərzi ilə bağlı faktlar ortaya qoyulmuşdu.

Belə ki, generalın oğlu okeanın o tayına Mayamiyə gedərək orada ən elit məkanlarda istirahət edib və gəzdiyi yerlərdə şəkil çəkdirməyi də unutmayıb. Timsah balası ilə şəkil çəkdirib sosial şəbəkələrdə şəkillərini paylaşan Murad Rəhimov həm də sahib olduğu avtomobil kolleksiyasına görə fərqlənir. Tanınmış psixoloq Dəyanət Rzayevin fikrincə, bəzi məmur balalarının vəhşi heyvanlarla şəkil çəkdirməsi onların özlərini ətrafdakılara göstərmək istəyi ilə bağlıdır: «Artıq bəzi vəzifəli şəxslərin övladları bahalı maşınları ilə diqqəti cəlb edə bilmirlər. Buna görə də timsahla, pələnglə və digər vəhşi heyvanlarla şəkil çəkdirib özlərini kimlərəsə göstərirlər».

Ötən yazıda qeyd etdiyimiz kimi, ADİU-nun 3-cü kurs tələbəsi heç yerdə işləmədiyi, daha doğrusu, qazancı olmadığı halda qiyməti çox bahalı olan qara rəngli, 90 KS 009 nömrəli «Mercedes», həmçinin 90 DF 550 nömrəli «BMW 530» sürür. Təbii ki, bizim Arzu Rəhimovun oğlunun keçirdiyi güzəranla bağlı araşdırma aparmağımız təsadüfi deyil. Yadınızdadırsa, prezident İlham Əliyev cənabları məmurlarla keçirdiyi iclaslardan birində onların özünə və övladlarına irad tutaraq cəmiyyətdə özbaşınalıq etdiklərini bildirmişdi. Hətta ölkə başçısı bəzi məmurların uşaqlarının qudurğanlığından da söz açmışdı. Məhz həmin vaxtdan etibarən ölkə rəhbərliyi səviyyəsində cəmiyyətdə özünü apara bilməyən məmur balalarına qarşı mübarizə aparılır. Bu mübarizənin tərkib hissəsi olaraq şəhər küçələrində avtoxuliqanlıq edərək ağır qəzalar törədən bir neçə vəzifəli şəxsin övladının barəsində müvafiq tədbirlər həyata keçirilib. Ataları isə tutduqları vəzifələrdən azad ediliblər. Biz KİV nümayəndələri olaraq bu mübarizədə ölkə rəhbərliyinə kömək etməli və özbaşına işlərlə məşğul olan vəzifəli şəxslərin uşaqlarının kimliyini cəmiyyətə çatdırmalıyıq. Hələ ki, Arzu Rəhimovun oğlunun avtoşluq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmayıb. Yəqin ki, zaman çatmayıb. Amma bu o demək deyil ki, Murad Rəhimov cəmiyyətdə özünü sadə aparır, təvazökarlıqdan uzaqdır və şəhərdə normal avtomobil idarə edir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Murad Rəhimov baha qiymətə aldığı 90-KS-009 nömrəli «Mercedes»i ilə Bakı küçələrində sakinlərin rahatlığını pozan əməllər törədir və bir çox halda yol hərəkəti qaydalarının tələblərini pozur. Murad Rəhimovun qanunlara qarşı hörmətsizliyi onun «BMW 530» markalı avtomobilinin alt hissəsinə vurduğu gecə işıqlarından açıq şəkildə bəlli olur. Müvafiq qanunlara əsasən, sürücülərin nəqliyyat vasitələrinə əlavə avadanlıqlar quraşdırması qəti qadağandır. Xidmət rəisinin oğlu isə qanunu heçə sayaraq öz istədiyi şəkildə avtomobilinə «vid» verib. Bizi daha çox maraqlandıran Murad Rəhimovun bahalı maşınları hansı vəsaitlərlə əldə etməsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi ayda nə qədər maaş alır ki, onun övladı qiyməti yüz min dollarla ölçülən maşınlar sürür? Bildiyimizə görə, hörmətli generalın maaşı o qədər də yüksək deyil. Bəs, oğul Rəhimov 90-KS-009 nömrəli «Mercedes»i, 90-DF-550 dövlət nömrə nişanlı «BMW 530»u necə alıb?.. Arzu Rəhimov SHXÇDX yaranandan indiyə qədər verdiyi açıqlamaların çoxunda qurumda işlərin şəffaflıq prinsipləri üzərində qurulduğunu, o cümlədən korrupsiya hallarının qeydə alınmadığını bildirib. Cənab generala sual edirik: əgər sizin fəaliyyətiniz tam şəffafdırsa, aylıq vəzifə maaşı ilə oğlunuz Murada bahalı maşınları necə almısınız? Yaxud Murad hansı pullarla vaxtaşırı olaraq dünyanın elit ölkələrində istirahət edir? Səhv deyirik, Arzu müəllim?

Bizə inanmırsınızsa, oğlunuzun Amerika qitəsində olarkən getdiyi yerləri bir-bir sizin diqqətinizə çatdıra bilərik. Buyurun diqqət yetirin yoldaş general. Tələbə oğlunuz Murad ötən ilin avqust ayının 13-də «US Capitol Building» adlı yerdə olub. Elə həmin gün «The White House», yəni «Ağ ev»in yaxınlığında olub. ABŞ-a səyahəti zamanı məmur balası «The National Archives» adlı yerə də baş çəkib. Gəzməkdən doymayan tələbə «İnternational Spy Museum»i də görüb. Hansı ki, sadaladığım yerlərə getmək üçün adamın cibində çoxlu pulu olmalıdır. Arzu Rəhimov bu məsələdə oğluna məhrumiyyət yaşatmayıb və onun ABŞ-də sözün əsl mənasında krallara layiq kef çəkməsi üçün pul kisəsinin ağzını açıb. General-leytenantın gənc övladı 2013-cü ilin 15 avqustunda «Ocean Drive, South Miami Beach, FL» adlı yerdə olub. Amerika Birləşmiş Ştatlarında dincələrkən Murad avqustun 21-də yolunu «Niagara Falls Tourism»dən salıb. Belə ki, məmur balası çox insanın xəyalında canlandırdığı, amma maddi məsələlərə görə gedə bilmədiyi «Niaqara» şəlaləsinə də gedib. Və burda şəkil çəkdirməyi yaddan çıxarmayıb. Arzu müəllim, vallah mən «Niaqara» şəlaləsinin adını orta məktəbdə oxuyarkən coğrafiya dərsliklərində eşitmişdim. Maşallah, sizin oğlunuz oralara qədər gedib çıxıb. Görəsən, hansı pullarla? Murad Rəhimov ABŞ-da istirahəti zamanı «MGM Grand Las Vegas», «Big Sur Coastal Drive California» məkanında da olub. ADİU-nun tələbəsi « Big Sur Coastal Drive California»da olarkən «Bura da gəlib çıxdım. Çox şükür. Uşaq vaxtı ən sevdiyim PC oyunlarından biri olan Driver 3-ün şəhərində. ( San francisco). Real maşın sürmək bir az qəribə olsa da, cox maraqlı və gözəl hissdir», deyə status yazıb. Murad Rəhimov üçün xaricdə kef çəkmək nə qədər maraqlı və gözəl hissdirsə, onun atasının sağlam adı altında hərbi xidmətə göndərdiyi gənclərin valideynlərinin çəkdiyi ah-nalə bir o qədər əzabvericidir. Hərbi xidmət zamanı xəstəlikdən dünyasını dəyişən onlarla gəncin valideyninin nə çəkdiyini bir Allah bilir. Arzu Rəhimov, bu faktlara nə sözünüz var? Açıqlayın görək oğlunuz heç bir yerdən qazancı olmadığı halda ABŞ-da necə istirahət edib? Başqa vaxt deyirsiniz ki, «Gündəlik Bakı» mənim fəaliyyətim haqqında həqiqəti əks etdirməyən məlumatları yazır. Bəs indi nə deyirsiniz? ADİU-da Murad Rəhimovdan maddi imkanı aşağı olan tələbələrin hansı bahalı maşınlarda gəzir, yaxud bahalı ölkələrdə dincəlir? Onlar da Murad kimi tələbələrdir də. Məgər onların istirahət etməyə haqları yoxdur? Hörmətli general, biz sizdən bu məsələlərlə bağlı açıqlama gözləyirik. Oğlunuzun bahalı maşınları hansı pullarla aldığına mütləq aydınlıq gətirməlisiniz. Bu arada, bir məsələni də vurğulamaq istərdik. Arzu müəllim xəbəriniz olsun ki, yolumuzu Xaçmaz rayonundan salmışıq. Yaxın günlərdə Xaçmazdakı möhtəşəm villadan reportaj hazırlayacağıq. Görək, onda nə cavab verəcəklər? Özəl qaynaqlardan aldığımız məlumatlara görə, SHXÇDX rəisinin fəaliyyətindəki nöqsanlarla bağlı yuxarı dairələrə məruzə edilib və Arzu Rəhimovun vəzifəsindən çıxarılması məsələsi gündəmə gəlib. Deyilənə görə, xidmətdəki problemlər səngiməyəcəyi təqdirdə general-leytenant tutduğu vəzifə ilə vidalaşmalı olacaq.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

P.S. Növbəti saylarımızı gözləyin maraqlı məqamlara toxunulacaq.

P.P.S. Elxan Heydərov 16 nəfərin içindən necə çıxa bildi, görəsən, Elxan Heydərov əvvəllər kimə bağlı olub?