Şirvanda ünvanlı yardımlar ünvanına çatmır
25-06-2014, 10:40
Oxunub: 3 494
Etiraf etmək lazımdır ki, Füzuli Ələkbərov vəzifədən çıxarılandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) bir sıra müsbət dəyişikliklər qeydə alınıb. Prezidentin etimad göstərərək nazir postuna təyin etdiyi Səlim Müslümov vəzifəsinin icrasına başlar-başlamaz sabiq nazirin komandasını dağıtdı. ƏƏSMN-in mərkəzi aparatında təmsil olunan şəxslərin bir neçəsi yeni nazirin əmri ilə işdən xaric edildi. Nazirliyin yerli mərkəzlərində vətəndaşlara problem yaradan bəzi vəzifəli şəxslər də tutduqları postları itirdilər.
Nazirin dəyişməsindən sonra ünvanlı sosial yardımların verilməsində baş vermiş neqativ hallara görə indiyədək 150-dək işçi vəzifəsindən uzaqlaşdırılıb. Təbii ki, həyata keçirilən tədbirlər nəticəsində bu sahədə əvvəllər tüğyan edən korrupsiya hallarına böyük ölçüdə son qoyulmuş oldu. Vurğulayaq ki, ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində artıq bir sıra yeniliyə imza atılıb. Belə ki, sosial müavinətlər kimi ünvanlı yardımlar da aylıq hesablara köçürüləcək. Nazirlikdən verilən məlumata görə, mövcud sahədə hüquq-mühafizə orqanları ilə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb. Yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək. Ünvanlı yardımların verilməsi zamanı korrupsiya hallarına şərait yaradılmasına qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, bəzi şəxslər Səlim Müslümovun etibarından istifadə edərək özbaşına işlərlə məşğul olur. Belə məmurlardan biri də Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMN) direktoru Nazim Hüseynovdur. Dayanıqlı mənbələrdən aldığımız bilgilərə əsasən vəzifəyə yeni təyin olunan direktor ona göstərilən etimadı heç cür doğrulda bilmir: «Şirvan camaatı mərkəzin sabiq rəhbərinə rəhmət oxuyur. Vasif müəllimin dövründə vəziyyət indiki kimi deyildi. Nazim Hüseynov az müddətdir vəzifəyə keçməsinə baxmayaraq, artıq əsl məqsədinin nədən ibarət olduğunu yerli əhaliyə bildirib. O, işinin icrasına başladığı ilk günlərdə fəaliyyətini tam şəffaf prinsiplər üzərində quracağına söz vermişdi. Lakin direktor açıq şəkildə özbaşınalıqla məşğuldur. Ünvanlı yardımların təyin edilməsi zamanı müxtəlif haqsızlığa yol verilir. Belə ki, mərkəz rəhbəri sosial yardım almaq üçün bura müraciət edən aztəminatlı ailələrin qarşısında ağır «şərt» qoyur. Deyir ki, yardımın yarısı sənin, yarısı mənim olmalıdır. Əks təqdirdə, kasıb ailələrin heç birinə sosial yardım vermir. Nazir Səlim Müslümov «6 ay sənin, 6 ay mənim» prinsipi ilə işləyən mərkəz direktorlarını ağır cəzalarla hədələyir, Nazim Hüseynov isə onun tapşırıqlarına məhəl qoymayaraq özünə məxsus formada fəaliyyət göstərir. Bütün sənədləri qaydasında olan kasıb insanlar süründürməçiliyə məruz qalır. Mərkəzin işçiləri belə insanları sənəd bəhanəsi adı ilə get-gələ salırlar. Bəzi insanlar üzləşdiyi vəziyyətdən bezib ünvanlı yardım almaq istəmir. Günlərlə dilinə çörək dəyməyən sakinlər var ki, ünvanlı yardım almaqda böyük çətinliklə üzləşir. Amma evi, xarici maşını və işi olan bəzi şirvanlılar Əhalinin Sosial Müdafiəsi Mərkəzindən hər ay sosial yardım alır». Mənbəmizin bildirdiyinə görə, Nazim Hüseynov həyata keçirdiyi qeyri-qanuni əməllərini ƏƏSMN rəhbərliyinin adı ilə bağlamağa çalışır: «Direktor deyir ki, nə etməliyəm bura gəlmək üçün yuxarılara «hörmət etmişəm», onu çıxarmalıyam, ya yox. Yuxarılar deyəndə nazirliyin rəhbər şəxslərini nəzərdə tutur. Beləcə, aztəminatlı ailələrdən kəsdiyi sosial yardım pullarının əsas hissəsini nazirliyə göndərdiyini iddia edir. Amma bu, inandırıcı məsələ deyil. Çünki Səlim Müslümov prezidentə söz verib ki, bu sahədə mövcud olan xoşagəlməz halları qısa müddətdə aradan qaldırıb şəffaflığı təmin edəcək. Yəni nazir kadr təyinatı məsələsində heç vaxt belə işlərə zəmin yaratmaz. Direktor sadəcə, onun adını hallandırmaqla şəxsi mənafeyini təmin edir». Şirvan ƏSMN-in mərkəzində cərəyan edən xoşagəlməz hadisələrlə bağlı nazirlik yetkililərini də məlumatlandırdıq.
ƏƏSMN rəsmiləri bildirdilər ki, tezliklə adıçəkilən məmurun fəaliyyəti araşdırılacaq və işində nöqsanlar aşkara çıxarılacağı təqdirdə müvafiq qaydada cəzalandırılacaq.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər