BolgeXeber.Com » Gündəm » Mətbuat Şurasında unudulmaz jurnalist Məmmədəli Nasir ehtiramla anıldı

Mətbuat Şurasında unudulmaz jurnalist Məmmədəli Nasir ehtiramla anıldı

25-06-2014, 18:10
Oxunub: 3 678 Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış Azərbaycan ədibi, jurnalist-publisisti Məmmədəli Nasirin anadan olmasının 105 illiyi münasibətilə anım mərasimi keçirilib.

MŞ sədri Əflatun Amaşov milli jurnalistika tariximizdə öz dəst-xətti ilə seçilən, uzun illər mətbuatda səmərəli çalışan Məmmədəli Nasiri Azərbaycan peşəkar jurnalistikasının ikinci nəslinin millətsevər, istedadlı nümayəndələrindən biri kimi səciyyələndirib. O bildirib ki, XX əsrin əvvəllərində mədəni mühitdə tərbiyələnmiş Məmmədəli Nasir yeniyetmə yaşlarından Bakıda və Tiflisdə nəsr olunan anadilli qəzet-jurnallarla əməkdaşlıq edib. Məşhur “Molla Nəsrəddin” jurnalında çıxışları onu milli bəlalarımızla barışmaz ziyalı kimi tanıtmışdı. Sovet dövründə mədəni quruculuq prosesində fəal iştirak edən gənc yazarın haqq işinə dərin bağlılığı başına bəla olub, təqib və sürgün həyatına məruz qoyub.

Əflatun Amaşov daha sonra qeyd edib ki, ötən əsrin 50-60-cı illərində jurnalistlik fəaliyyətinə qayıtmış Məmmədəli Nasir respublikanın müxtəlif mətbu orqanlarında milli-mədəni dəyərlərimizin qorunması, zənginləşdirilməsi ilə bağlı silsilə yazılarla çıxış edib. Bugünün qocaman jurnalistləri bu unudulmaz ziyalını mənəviyyatı saf, prinsipial insan, nurlu ziyalı, ustad mətbuat xadimi kimi xatırlayırlar.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli M.Nasirin həyat və fəaliyyəti barədə geniş söhbət açıb, böyük Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli ilə eyni məsləki daşımış, ömrünün sonunadək xalqa xidmət işinə sadiq qalmış ədibi həqiqi mətbuat xadimi olaraq dəyərləndirib.

İstedadlı ədibin nəvəsi, onun sənət yolunun davamçısı və irsinin araşdırıcısı jurnalist Şəfəq Nasir babasının həyatı, çətin mübarizə yolu ilə bağlı bir sıra maraqlı məqamları mərasim iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Məmmədəli Nasir demokratik jurnalistikamızla sovet dövrü mətbuatının milli zəminə bağlı yazarları arasında canlı vasitə olub. Onun zəngin irsi mətbuat tariximizin yarım əsrdən artıq bir dövrü barədə dolğun təsəvvür yaradır.

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri, yazıçı-jurnalist Yusif Kərimov Məmmədəli Nasirin ömrünün son illəri barədə xatirələrinə üstünlük verib, onun sözə tələbkar, dolğun, dürüstlüyə bağlı müdrik insan kimi tanınmış olduğunu söyləyib.

Qocaman jurnalist Ələsgər Cabbar da jurnalistikamızın Məmmədəli Nasir və onun təmsil etdiyi nəsillə bağlı dövrünün dərindən öyrənilməsinin zəruri olduğunu bildirib, yubiliyarın əsərlərinin çap olunması arzusunu ifadə edib.

Təranə Məmmədova babası barədə xatirələrini danışıb, ümummilli lider Heydər Əliyevin dəfələrlə Məmmədəli Nasiri yada saldığını, ona xatirə hədiyyələri göndərdiyini iftixarla söyləyib. Azərbaycan Mətbuat Şurasına və mərasim iştirakçılarına babasının xatirəsinə göstərilən sayğıya görə minnətdarlığını bildirib.

Sonda MŞ sədri Əflatun Amaşov Məmmədəli Nasirin həyat və yaradıcılığı barədə “Nasir” və “Könüllərə şəfəq payı” kitablarının müəllifi Şəfəq Nasirə Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.
Bolgexeber.com