Kriminal qaydalarla idarə olunan kənd – Türkan
30-06-2014, 10:55
Oxunub: 5 884
Türkanda Azərbaycan qanunları yalnız yetim-yesirə çatanda bütün gücü ilə işləyir; varlılar üçün qanun elə puldur, ver, dənizi hasarla, yolu bağla...
Türkan qəsəbəsi Bakıdan 35 kilometr aralıda, Xəzər sahilində yerləşir. Xəzər rayonuna daxil olan qəsəbədən biridir. Qəsəbədə əhali əsasən əkinçiliklə, qismən balıqçılıqla məşğuldur. Qəsəbənin ətrafında daş karxanaları mövcuddur. Sakinlər daş karxanalarının kriminal idarəçiliyinin kəndin idarəçiliyinə də böyük təsiri olduğunu deyirlər.
Bunu icra nümayəndəsi Hacı Rahil Babayevin həm də karxanaların əksəriyyətinə qeyri-rəsmi olaraq nəzarət etməsi ilə əlaqələndirirlər. Redaksiyamıza müraciət edən türkanlılar dəniz sahillərinin hasarlanması problemi ilə yanaşı işsizlikdən də şikayətlənirlər.
“Yeni Müsavat” “Yavər Camalov Xəzərə darvaza qoyub” yazmışdı. Mən də deyirəm ki, Türkanda o qədər yavərcamalovlar var ki... İcra nümayəndəmiz var - Rahil Babayev. Bu adam icra nümayəndəsidir, prezidentin səlahiyyətli nümayəndəsi olan icra başçımızın - Gülağa müəllimin Türkandakı nümayəndəsidir. Qanunla bu adam kriminaldan uzaq olmalıdır. Amma gedib onun dəniz qırağındakı restoranına, istirahət mərkəzinə baxsınlar. Əmircandan olan bir keçmiş “zonşik”i orada oturdub. Türkanda torpaqları onun əli ilə yetim-yesirdən alıb satırlar yavər camalov kimi oliqarxlara-nazirlərə. Onlar da dənizi hasarlayırlar, camaatı dəniz üzünə həsrət qoyurlar. Hacı Rahilin nəyi yoxdur ki? Onun qəsəbə ərazisində daş karxanası, hektarlarla torpaq sahəsi var. Üstəlik, dəniz kənarında istirahət mərkəzi. Yazıq sakinlər danışa bilmir. Çünki polis də, prokuror da onlar dediyini deyir", - deyə Rasim adlı sakin söyləyir.
Onun sözlərinə görə qəsəbədə at oynadanlardan biri də Mollağadır: “Əvvəllər məhkumluğu olan bu şəxs də Hacı Rahilin yaxın adamıdır. Mollağanın da dəniz sahilində ”Eldar" istirahət mərkəzi var. Həmin o əmircanlı kriminal, Hacı Rahil və Mollağa Türkanı kriminal qaydalarla idarə edirlər. Bir kasıb adam həyətində daşı-daş üstə qoymaq istəsə, dərhal başının üstünü kəsərlər. Min bir hoqqa çıxararlar. Yetimin biri gedib 1 eşşək arabası torpaq götürsün, bax onun həyatını qara günə qoyarlar. Özlərinin isə 5-6 “Kamaz”ları “Şaqman”ları (ağır tonnajlı yük maşını) var. Gecə-gündüz Türkanın qumunu daşıyıb satırlar. Bunları görən yoxdur. Yaxşı ki, deputatımız Mehriban Əliyevadır. Başqası olsaydı, bundan 5 qat artığını edərdilər. Cibləri dolub, bank hesabları daşır, amma iştahları camaatın axırıncı çörəyinə əl uzatmaqdan ar eləmir. Hacı Rahil kənd qəbiristanlığına öz yaxın adamı hacı Hörmüzü “smotryaşi” qoyub. Qəbir yerini də satırlar".
Sakinlər deyir ki, Hacı Rahil əvvəllər bələdiyyə sədri olub. Onu bu vəzifədən çıxarıblar, amma yenə də torpaq alqı-satqısı qeyri-rəsmi olaraq onun razılığı ilə həyata keçirilir: “Əvvəlki icra başçısı Zakir Fərəcov onu himayə edir. Qəsəbənin ətrafındakı daş karxanalarının əksəriyyəti Zakir Fərəcovundur. Onun-bunun adına rəsmiləşdirib Hacı Rahilin vasitəsilə nəzarət edir. Karxana da belədir ki, laylardan daş kəsib satırlar, lay tükənir. Bundan sonra düşürlər camaatın torpaqlarının canına. Ona görə də daş karxanalarında tez-tez Hacı Rahilin adamları ilə digər karxana sahiblərinin davası düşür. Keçən ilin martında belə bir dava oldu. Rahil Babayevin oğlu Zahidlə Samir Feyzi oğlu arasında atışma düşdü. Hacı Rahilin darvazası qarşısından başladılar, gedib Hacı İldırımın evinin qarşısına qədər çatdılar, güllələri qurtardı. Samirin əmisi Hacı Rəşidin də daş karxanaları var. O da varlı bir adamdır. Amma camaatla işi yoxdur. Türkan məscidinin minarələrini o tikdirib. Həmin o atışmadan sonra ”bandotdel" gəlib hər ikisini tutub apardı. 10-15 gün sonra yenə də hər ikisi kəndə bahalı maşınlarında o yan, bu yana gedirdi".
Asif adlı kənd sakini isə deyir ki, qəsəbənin problemləri dövlət qurumlarının yadından çıxıb: “Yol problemi, işsizlik problemi qalır. Elə bil ki, kəndə bircə Heydər Əliyev fondu baxmalıdır. Fond olmasa kəndin xəstəxanası, məktəbi, yolu qara gündə olar. Bu qədər dövlət qurumu nəyə lazımdır? Şikayət yazırsan, göndərirlər icra hakimiyyətinə. Oradan da Hacı Rahilə. Nəticə də olmur. Türkandakı polislərin günü onun ”Türkan" kafesində keçir. Söz deyirsən, polisi göndərir qapına. İşıqları, qazları da “levıy”dı. Qış oldu qazımız olmur. Amma Türkandakı “parnik”lərdə qaz fontan vurur. Camaat evində donanda bunlar xiyar-pomidora istilik verirlər. Sonra da deyirlər ki, bu camaat nədən narazıdır..."
Dəniz sahili olduğu kimi, Türkanın ətrafındakı torpaq sahələri də hasarlanıb. Həmin hektarlarla olan torpaq sahələrində əsasən istixanalar salınıb: “Burada hökumətdəkilərdən kimin ”parniki", torpağı yoxdur ki? Rövnəq Abdullayevin, Yavər Camalovun, deputatların, Səfər Əbiyevin. Bu hələ bizim bildiklərimizdir. O qədər hasarlanmış Türkan torpağı var ki. Bəlkə hasarlayan adamlar özləri də unudublar ki, Türkanda torpaqları var..."
E.MƏMMƏDƏLİYEV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər