BolgeXeber.Com » Gündəm » Masallıda İşıq İdarəsi əhaliyə divan tutur

Masallıda İşıq İdarəsi əhaliyə divan tutur

2-11-2011, 06:00
Oxunub: 5 275 İdarə “Azərenerji”yə olan borcunu əhalini cərimələməklə çıxarmaq istəyir, rayon sakinlər aksiya keçirməyə hazırlaşırlar

Hökumət korrupsiya ilə mübarizə məsələsində işləri ciddiləşdirdiyi bir vaxtda, əylətlərdən gələn xəbərlər heç də prosesin həmin səmtdə getmədiyini göstərir. Məsələ belədir ki, yerli məmurlar əhalini incitmək və onları gözümçıxdıya salmaq üçün əllərindən gələn hər şeyi edirlər.

Bununla bağlı daha bir xəbər Masallı rayonundan gəlib. Rayon sakinlərindən Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, Masallı Elektrik Satışı Şəbəkəsi İdarəsinin əməkdaşları qapı-qapı düşərək əhalini cərimələməklə məşğuldurlar. Hətta iş o yerə çatıb ki, kartla işləyən elektron sayğacları olan vətəndaşları da ağına-bozuna baxmadan cərimələməyə başlayıblar.

Əməkdaşlarımızla söhbət edən sakinlərdən birinin dediyinə görə, üç ildir işıq pulunu vaxtlı-vaxtında ödəyir: “Bütün ödəmə çeklərim əlimdədir. Amma qapıya gəlib işıqlarımızı kəsdilər, ardından da cərimə yazıb getdilər. Səbəbini soruşanda isə dedilər ki, onlarlıq məsələ deyil, tapşırıq rəisdən gəlib”.

Həmsöhbətimiz deyir ki, bu hadisə təkcə onun başına gəlməyib. Məlum olub ki, Masallı rayonunun mərkəzində yaşayan sakinlərin demək olar ki, hamısı bu şəkildə cərimələnib. Bolgexeber.com-a danışan rayon sakinləri deyirlər ki, kəsilən cərimələrin niyə və nə üçün olduğunu bilən yoxdur: “Adam var ki, onu heç bir səbəb göstərmədən 300 manat cərimə ediblər. Kimsə bizə bununla bağlı məlumat vermir və vermək də istəmir. Bu artıq özbaşınalıqdır”.

Apardığımız qısa araşdırmadan sonra belə məlum olub ki, əslində Masallıda baş verən məlum olaylar hər il cərəyan edir. Belə ki, Masallı İşıq İdarəsinin rəisi heç kimə məhəl qoymadan bildiyi şəkildə hərəkət edir. Aldığımız məlumatlara görə, sözügedən şəxsin belə hərəkət etməsinin başlıca səbəbi kimi, yığılan işıqpullarının mənimsənilməsi göstərilir. Hətta o da deyilir ki, hazırda Masallı İşıq İdarəsinin “Azərenerji”yə külli miqdarda borcu var. Həmin pulun ödənilməsini isə ASC idarə rəhbərliyindən tələb edir.

Rayon sakinlərinin sözlərinə görə, idarənin rəisi işçilərinin yığdığı pulların bir qismini özünə götürərək, qalanını “Azərenerji”nin hesabına köçürür: “Belə olduğu halda ödəmələrdə kəsir yaranır ki, onu da ört-basdır etmək üçün ən yaxşı yol cərimələri əhalinin boynuna yazmaqdır. Ödəməkdən imtina edəndə isə məhkəməyə verəcəkləri ilə hədələyirlər”.

Masallıda İşıq İdarəsinin özbaşınalığına qarşı hətta aksiya keçiriləcəyi deyilir.