BolgeXeber.Com » Gündəm » SHXÇDX-nin Qobustan şöbəsinin keçmiş rəisinin həbsinin əsl təfərrüatları...

SHXÇDX-nin Qobustan şöbəsinin keçmiş rəisinin həbsinin əsl təfərrüatları...

24-07-2014, 09:30
Oxunub: 4 588 Arzu Rəhimovun qanunsuz işlərinin üstü açılır

Ötən ilin yayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan anti-korrupsiya yoxlamaları bəzi şəxslərin həbsi ilə nəticələnmişdi. Dələduzluqda ittiham olunaraq həbs edilən şəxslərin arasında xidmətin Qobustan rayon şöbəsinin sabiq rəisi Anar İsmayılov da var idi. Xatırladaq ki, sabiq rəis yarım milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunurdu. Lakin daha sonra aydın oldu ki, xidmətin Qobustan şöbəsinin keçmiş rəisinin həbsində bəzi qaranlıq məqamlar var.

Daha dəqiq desək, əslən Füzuli rayonundan olan Anar İsmayılovun həbsində xidmətin rəisi, general-leytenant Arzu Rəhimovun əlinin olduğu və bu həbsin sifariş əsasında həyata keçirildiyi iddia edilirdi. İşi araşdıran aidiyyəti prokurorluq orqanları nədənsə xidmət rəisinin barəsində lazımi tədbir görmədilər. Aradan xeyli müddət keçsə də, SHXÇDX-də həyata keçirilən həbslərlə bağlı məlumatlar səngimək bilmir. Etibarlı mənbələrdən Anar İsmayılovun həbsindəki ilginc məqamlar və onun necə «ilişdirilməsi» haqda şok məlumatlar almışıq. Adının çəkilməməsini xahiş edən mənbənin verdiyi məlumata görə, Arzu Rəhimovun şərləyərək həbs etdirdiyi Anar İsmayılovun atası Süleyman İsmayılov tanınmış iş adamıdır və Yeni Azərbaycan Partiyasının yaradılmasında böyük xidmətləri olub: «Eşitdiyimə görə, Anar İsmayılovun atası oğluna yaradılan problemlərə cavab olaraq müəyyən addımlar atmaq istəyir. Əslində, keçmiş şöbə rəisinin həbsində birbaşa Arzu Rəhimovun marağı olub.

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Anar İsmayılovdan müxtəlif vaxtlarda ümumilikdə 470 000 manat pul götürüb, axırda da belə iş görüb. Xidmət rəhbəri həyata keçirdiyi qanunsuz işlərin üstünün nə vaxtsa açılacağından ehtiyat etdiyinə görə özünü sığortalamaq qərarına gəlib. General-leytenant sabiq şöbə rəisini həbs etdirməklə başı üzərində dolaşan «qara bulud»ların keçib gedəcəyinə ümid edib. Əksinə bu gün Arzu Rəhimovun karyerası sual altındadır, onun vəzifədə uzun müddət saxlanıb-saxlanmayacağı dəqiq bilinmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan şöbəsinin keçmiş rəisi həmin pulun çox hissəsini general-leytenanta verib. Bu yaxınlarda prezident İlham Əliyevin Füzuli rayonuna səfəri gözlənilir. Ola bilsin ki, Anar İsmayılovun atası prezidentlə görüşüb oğlunun başına gətirilən müsibətləri ölkə başçısının diqqətinə çatdırsın. Günahsız yerə həbs cəzasına məhkum edilən Anarın atası Süleyman İsmayılov prezidentlə görüşüb Arzu Rəhimovun qanuna sığmayan hərəkətlərini ona çatdırsa, generalın aqibəti heç də yaxşı olmayacaq». Mənbənin sözlərinə görə, xidmətin Qobustan rayon şöbəsinin sabiq rəisi Arzu Rəhimovun öz maşınında, baş idarənin yaxınlığında ona 160 000 manat pul verib: «Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şöbə, idarə və bölmələrində vəziyyət bu cürdür. Rəhbər vəzifələrdə təmsil olunan şəxslər general-leytenantın tapşırıqlarını müzakirəsiz-filansız yerinə yetirməlidirlər. (Bu məsələ ilə bağlı Arzu Rəhimov Anar İsmayılovla üzləşmək istəsə və ya münasibətini bildirmək istəsədərc etməyə hazırıq.)

Xidmət rəisinin sözü bu sistemdə çalışan şəxslər üçün sanki qanundur. Çünki onlar bilir ki, rəisin sözünə əməl etməsələr, onun tələblərini geri çevirsələr, gec-tez tutduqları vəzifələrdən azad ediləcəklər. Buna görə də vaxtı-vaxtında generalın tapşırıqlarını icra edirlər. Prezident İlham Əliyev cənablarının böyük ümid bəsləyərək yaratdığı xidmət etimadı doğrulda bilmədi. Hər şey göz qabağındadır. İki ildir fəaliyyət göstərən xidmət xəstə çağırışçıları hərbi xidmətə göndərməklə və saxta hərbi bilet satmaqla «məşhurlaşıb». Belə deyilsə, hörmətli general çıxsın desin ki, bu cür deyil. Xidmətin özünü doğrultmamasının səbəbkarları Arzu Rəhimovla birinci müavini Zaur Abdullayevdir. Xidmət rəisinin himayəsi altında polkovnik rütbəsinə kimi yüksələn Zaur Abdullayev vaxtilə Anar İsmayılova «Sən Füzuli rayonundan olmasaydın, başqa yerdən olsaydın, gör, sənin ulduzunu necə parladardım» deyib. Zaur Abdullayev əməlli-başlı özbaşınalıq edir. Deyilənə görə, Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsindən ona hər ay 20 000 gəlir. Bu da hər «otpravka»ya 60 000 min pul deməkdir. Çox güman ki, bu məbləğ kimlərləsə bölüşdürülür. Anar İsmayılovun atası qırmızı döş nişanı medalı alıb, halal adamdır və Füzuli rayonunda kifayət qədər hörmətə malikdir. Onun sahibkarlığın inkişafına göstərdiyi dəstək danılmazdır.

O, Arzu Rəhimov və Zaur Abdullayev kimi dövlətin pulunu yox, öz halal qazancını yeyir. Xidmət rəisi dövlət və dövlətçilik qarşısında əhəmiyyətli işlər görən şəxsin oğlunun başına olmazın müsibətlər gətirib. Anar İsmayılov şəxsən Arzu Rəhimovun özünə külli miqdarda pul verib. Məsələn, sabiq rəis xidmətin Ağsu rayon şöbəsinin tikintisi üçün 35 min manat verib. 35 min manat isə hərbi biletlər üçün alınıb. Ağsu rayon şöbəsinin binasının tikintisi üçün əlavə olaraq 110 min manat da verilib. Bu pul Ağsu rayon şöbəsinin inzibati binasının tikintisi ilə məşğul olan şirkətin iş icraçısına çatdırılıb. Biletin pulu isə Arzu Rəhimovun keçmiş sürücüsü Namiqə verilib. Xidmət rəisi baş vermiş hadisələrə görə yaxasını kənara çəkib və özünü heç nədən xəbəri olmayan biri kimi göstərir. Halbuki, bütün işlərin birbaşa iştirakçısı özü olub.

Arzu Rəhimov hələ Dövlət Miqrasiya Xidmətinin rəisi işləyəndə bir sıra qanunsuzluq törədib. 500 min manatlıq yeyintiyə görə həbs edilən generalın keçmiş sürücüsü Namiq Arzu Rəhimovun Dövlət Miqrasiya Xidmətində çalışdığı dövrlərdə hansı əməllərə imza atdığını yaxşı bilir. Yəqin ki, nə vaxtsa haqsız yerə həbs edilən sürücü bunların hamısını açıqlayacaq. Anar Qobustanda işləyəndə hamı onu yaxşı oğlan və işini bilən biri kimi tanıyırdı. Və nəsə problem olan kimi birinci onu axtarırdılar. Necə oldu bu adam birdən-birə dələduza çevrildi? Arzu Rəhimov qeyri-qanuni işlərini ört-basdır etmək üçün Anar İsmayılovu «rasxod»a verdi, vəssalam. Bunun başqa adı yoxdur». Aldığımız məlumatda həmçinin o da bildirilir ki, xidmətin bəzi şöbə və idarə rəisləri Zaur Abdullayevin adamıdır: «Məndə olan məlumata görə, Qaradağ idarəsinin rəisi də birinci müavinə yaxın olan şəxsdir. İdarə rəisi hər ay Zaur müəllimi görür. Zaur Abdullayevlə Arzu Rəhimov əlbir olaraq Anar İsmayılovun başına belə bir oyun açdılar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qatı açılmamış çox hadisələr var. Sadəcə olaraq, Respublika Hərbi Prokurorluğunun və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yetkili şəxsləri həmin faktların dərinliyinə gedib araşdırma aparmaq istəmirlər». Qeyd edək ki, Arzu Rəhimovun haqqında səsləndirilən ittihamlar kifayət qədər kəskindir.

Belə qərara gəldik ki, Anar İsmayılov, Arzu Rəhimov və Zaur Abdullayevi «Bakıtv.az» İnternet Televiziyasında debata dəvət edək. Qoy onlar gəlib burda münasibətlərinə aydınlıq gətirsinlər. Bizə çatan məlumatlara görə, keçmiş şöbə rəisi Arzu Rəhimovun gözünün içinə baxıb ona nə qədər pul verdiyini deməyə hazırdır. İnanırıq ki, debat təşkil etsək, Anar İsmayılov tərəddüd etmədən təklifimizi qəbul edib gələr. Amma Arzu Rəhimov və Zaur Abdullayevin debata gəlib-gəlməyəcəyini dəqiq bilmirik. Hər halda qəzet vasitəsilə SHXÇDX rəisini və müavinini «Bakıtv.az» İnternet Televiziyasında təşkil edəcəyimiz debata dəvət edirik. General-leytenant və polkovnik debata gəlməsələr, deməli, barələrində səsləndirilən fikirlərin hamısı həqiqətdir. Son olaraq respublikanın hörmətli hərbi prokuroru Xanlar Vəliyev və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarından xahiş edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və idarələrində yoxlama aparsınlar, həmçinin Arzu Rəhimovla Zaur Abdullayevin fəaliyyətinə nəzarəti gücləndirsinlər.

Yazıda adı qeyd olunan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.gundelik-baku

P.S. Xanlar Vəliyevə rəsmi faklar göndəririk nəyəsə görə, münasibət bildirmir.