BolgeXeber.Com » Gündəm » "Eurohome"dən əldə olunan milyonlar büdcədən gizlədilir - maxinasiya

"Eurohome"dən əldə olunan milyonlar büdcədən gizlədilir - maxinasiya

25-07-2014, 12:15
Oxunub: 5 105 "Uğur-97" şirkətinin prezidenti "AF hotel Aqua Park", "Aqua Park", "AF Centre" və "AF Bank"ı necə əldə edib?

Son illər ölkə ərazisində tikinti işlərinin geniş vüsət alması bu sahədə fəaliyyət göstərən bazarların artmasına səbəb olub. Tikinti bumunu görən iş adamları tikinti materialları sektoruna sərmayə qoyaraq gəlirlərini bir qədər də artırırlar. Statistikaya görə, bu ilin ilk aylarından etibarən tikinti materialları bazarında kəskin bahalaşma müşahidə olunmaqdadır. Sahibkarlar bunu gömrük orqanlarında yaradılan bəzi problemlə bağlasalar da, ekspertlərin fikrincə, bu, süni bahalaşmadır və iş adamları tərəfindən qəsdən yaradılır. Sözsüz ki, süni bahalaşmanın bir məqsədi var - əhalinin cibinə girib olan-qalan pulunu qoparmaqdır. Onu da qeyd edək ki, Azərbaycanda ən çox vergidən yayınma halları məhz tikinti materiallarının satışı ilə məşğul olan bazarlarda və ticarət sektorunda mövcuddur. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədov bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bildirib ki, tikinti materiallarının alqı-satqısı sahəsində daha çox qanun pozuntularına yol verilir. Belə ki, il ərzində departamentin icraatında tikinti materiallarının alqı-satqısı sahəsində 26 vergidən yayınma hallarına dair cinayət işi qaldırılıb. Bakı-Sumqayıt yolunda, daha dəqiq desək "ekologiya postu" ilə üzbəüz yerləşən "Eurohome" tikinti materialları bazarında da qanun pozuntularına yol verilir. Etibarlı mənbələr tərəfindən redaksiyamıza ötürülən informasiyaya görə, bazarda satılan bütün növ tikinti materiallarının qiyməti dodaq uçuqladır: "Paytaxtda fəaliyyət göstərən tikinti materialları bazarı ilə müqayisədə burda qiymətlər çox bahadır. Satıcılar vətəndaşların etibarından istifadə edərək onlara baha qiymətə tikinti materialları satırlar. Bazar rəhbərliyi süni bahalaşmaya zəmin hazırlayaraq əhalinin istehlakçı hüquqlarını tapdalayır. Ay ərzində "Eurohome" tikinti materialları bazarından bəlkə də milyonlarla manat gəlir əldə edilir. Ancaq həmin vəsaitin hansı ünvana getdiyi dəqiq bilinmir. Daha doğrusu, əldə olunan külli miqdarda vəsaitdən dövlət büdcəsinə heç bir vergi keçirilmir. Bazarda fəaliyyət göstərən dükanlarda kassa aparatları yoxdur. Müştərilərə aldıqları malın dəyərinin göstərildiyi qəbzlər verilmir. Bu isə o deməkdir ki, bazar rəhbərliyi dövlətə vergi verməməkdən ötrü bu üsuldan istifadə edir. Nəticədə vergi cinayəti baş verir". Mənbənin məlumatları ətrafında apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, adıçəkilən bazar "Uğur-97" şirkətinin prezidenti, tanınmış iş adamı Möhnətov Azay Xasay oğluna məxsusdur. Məlumat üçün bildirək ki, "Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaradılıb. Fəaliyyətinin ilkin dövründə istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olan şirkət 1998-ci ildən başlayaraq Bakı şəhərinin inşaat biznesinə qoşulub. Və Azay Möhnətov tikinti sektorunda inhisarçı qüvvələrdən birinə çevrilib. Şirkət Rəşid Behbudov küçəsindəki 9, 10, 16 və 18 mərtəbəli 3 bina tikib. 2001-ci ildə isə Mərkəzi Bankın yaxınlığında Ş.Bədəlbəyli küçəsində 19 mərtəbəli göydələn ucaldıb. Araşdırmalara görə, qısa müddət ərzində maliyyə imkanlarını xeyli yaxşılaşdıran Azay Möhnətov obyektlərinin sayını durmadan artırıb: "İş adamının biznesinin əsas hissəsini Novxanı qəsəbəsində yerləşən "AF hotel Aqua Park", Rəşid Behbudov küçəsində fəaliyyət göstərən "Aqua Park", "AF Centre" ticarət mərkəzi və "AF Bank" təşkil edir. Bu biznes mərkəzlərinin hər birində müxtəlif qanunsuzluqlar hökm sürür. Azay Möhnətovun bundan başqa paytaxtın müxtəlif ərazilərində də ticarət obyektləri fəaliyyət göstərməkdədir. Onun rəhbəri olduğu obyektlərin aylıq gəliri milyonlara, hətta milyardlara bərabərdir. Di gəl ki, biznesmen dövlətə vergi keçirmir. Təkcə "Eurohome" tikinti materialları bazarını qeyd etmək kifayətdir. Burda külli miqdarda vəsait vergidən yayındırılır. Buna baxmayaraq, əlaqədar dövlət orqanlarının rəhbərləri Azay Möhnətovun bazarında cərəyan edən özbaşınalıqların qarşısını ala bilmirlər. Yaxud qəsdən burda üzə çıxan qaranlıq məqamlara göz yumurlar". Təbii ki, külli miqdarda vəsaitin vergidən yayındırılması ölkə dövlət büdcəsinə mənfi təsir göstərir. Odur ki, hörmətli vergilər naziri Fazil Məmmədov təcili olaraq Azay Möhnətovun obyektlərində, xüsusilə də "Eurohome" tikinti materialları bazarında yoxlama təşkil etdirib qanun pozuntularını aşkara çıxarmalıdır. Əgər biznesmenin qeyri-qanuni işlərinin qarşısını vaxtında alınmasa gələcəkdə daha böyük problemlər yarana bilər. gundelik-baki