BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadənin kadrı büdcə vəsaitlərini hara xərcləyir?

Əhməd Əhmədzadənin kadrı büdcə vəsaitlərini hara xərcləyir?

27-09-2014, 12:00
Oxunub: 6 255 Baş Mil-Muğan Kollektoru İdarəsinin drenaj kollektorları qrunt sularından təmizlənmir

Əhməd Əhmədzadənin kadrı özünə yaxın şirkətləri tenderlərə cəlb edərək bəzi niyyətlərini həyata keçirir.Bildiyimiz kimi, meliorasiya və su təsərrüfatı ölkənin milli iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının, əhalinin ərzaq məhsuları ilə etibarlı təminatının həllində mühüm rol oynayır. Son illər ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafına böyük diqqət göstərilir. Buna baxmayaraq, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan bəzi magistral kollektorlarda, o cümlədən suvarma sistemləri idarələrində müxtəlif problemlər nəzərə çarpır.

Məsələn, Baş Mil-Muğan Kollektoru İdarəsinin rəisi Bulat Ağabəyov vəzifəsinə istənilən səviyyədə məsuliyyət göstərmir. Onun haqqında yayılan tənqidi məlumatların ardı-arası kəsilmək bilmir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, idarənin fəaliyyəti qənaətbəxş deyil: "Qurumun balansındakı texnikalar rəisin özünə xidmət edir. Bulat müəllim həmin texnikaların şəxsi təsərrüfatlarda nəyinsə qarşılığında işləməsinə şərait yaradaraq maddi imkanlarını genişləndirir. Digər texnikalar da aidiyyəti üzrə istismar edilir. Bundan başqa, texnikaların işlədilməsi və təmiri üçün ayrılan vəsaitlərin bir hissəsi mənimsənilir. Bulat Ağabəyov qanunları bir kənara qoyaraq özünün müəyyənləşdirdiyi üsullarla iş görür. Bir müddət əvvəl Baş Mil-Muğan Kollektoru İdarəsinin istismar yollarının əsaslı təmirinin smeta sənədlərinin hazırlanması məqsədilə "ESR İnşaat" MMC-yə 4400 manat, yolda təmir-bərpa işlərinin aparılması üçün "Forvardo-Co" MMC-yə isə 215600 manat pul ödənilib. İdarə rəhbəri bu şirkətlərlə anlaşma əldə edərək büdcə vəsaitlərinə "əl gəzdirməli" olub. Əslində, adıçəkilən şirkətləri idarə rəisi özü tenderdə qalib elan edib ki, bəzi niyyətlərini rahat şəkildə həyata keçirə bilsin. Bu hələ harasıdır ki. Avtomobillərə ehtiyat hissələri və materiallar almaq üçün "Salyan Servis" MMC-yə 27066,3 manat, tikinti materialları üçün "Su-3" MMC-yə 129277 manat, beton və beton məmulatlarının alınması üçün "Nur" MMC-yə 112 645,7 manat, dəmir və dəmir məmulatlarının alınması üçün "Azəri TTM" MMC-yə 114 972,3 manat ödənilib. Həmin şirkətlər Bulat müəllimə yaxınlığı ilə seçilir. İdarə rəisi keçirilən tenderlərə bu şirkətləri cəlb etməkdə başqa məqsədlər güdür". Qaynağımızın iddiasına əsasən, büdcədən ayrılan vəsaitlərlə görülən işlərin arasında təzad var: "Yolların təmiri üçün ayrılan vəsaitlər demək olar ki, göyə sovrulub. Çünki idarənin istismar yolları yenə də bərbad durumdadır. Büdcədən vəsait ayrılıb, amma ortada konkret iş yoxdur. Baş Mil-Muğan Kollektoru İdarəsinin nəzarətində olan rayonlarda drenaj kollektorları qrunt suyu ilə doludur. Bu səbəbdən də əkin sahələri sürətlə şorlaşır. Fermerlər əkin sahələrini vaxtında suvara bilmirlər. Drenaj sularının axırıncı dəfə kollektora nə vaxt vurulmağını xatırlayan yoxdur. Bunun müqabilində isə Bulat Ağabəyov idarənin texnikasını şəxsi adamların işləri üçün ayırır. Mil-Muğan rayonlarında məhsuldarlıq xeyli aşağı düşüb. Bunun səbəbkarı isə məhz Bulat Ağabəyovdur. Uzun müddətdir vəzifədə olan məmurun maliyyə vəziyyəti çox yaxşıdır. Deyilənə görə, onun Bakıda mənzilləri və ticarət obyektləri var". Onu da vurğulayaq ki, idarə rəisinin adı bir müddət əvvəl 300 min manatlıq qalmaqalda hallanmışdı. Məlumata görə, ASC sədri Əhməd Əhmədzadənin vəzifəyə gətirdiyi kadr dövlət büdcəsindən regionlalarımızın ikişafı üçün ayrılmış vəsaiti istədiyi kimi xərcləyib: "O, əvvələr olduğu kimi yenə də qalmaqallı iş adamı kimi, mətbuatda adı dəfələrlə çəkilən Hacı Qurban Abbasovla sövdələşərək onun şirkətinə "İlkin-N" MMC-yə 300 min manat pul köçürüb. Sövdələşmədə təmir işləri adıyla tikinti materiallarının alınması nəzərdə tutulub. Amma qeyd olunan istifqamətdə heç bir tədbir görülməyib". Maraqlıdır, ASC sədri Əhməd Əhmədzadə indiyə kimi bir dəfə də olsa Baş Mil-Muğan Kollektoru İdarəsinin rəisi Bulat Ağabəyov haqda səsləndirilən tənqidlərə münasibət bildirməyib. Odur ki, hörmətli Əhməd müəllim Mil-Muğan rayonlarında məhsuldarlığın aşağı düşməsinə səbəb olan kadrını cəzalandırsa, pis olmazdı.gundelik-baku

Qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.