BolgeXeber.Com » Gündəm » Ucar Rayon Məşğulluq Mərkəzinə ayrılan vəsaitlər hara xərclənir?

Ucar Rayon Məşğulluq Mərkəzinə ayrılan vəsaitlər hara xərclənir?

24-10-2014, 14:40
Oxunub: 7 529 Bu qurumun fəaliyyətində bir sıra xoşagəlməz hallar var



Dövlət Baş Məşğulluq İdarəsinə tabe olan bir sıra məşğulluq mərkəzlərinin fəaliyyətlərindəki nöqsanlar onların nüfuzdan düşmələrinə səbəb olur. Təəssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Baş Məşğulluq İdarəsi Səlim Müslümovun bu dövlət strukturuna təyinat almasından sonra da fəaliyyətində dönüş yarada bilmədi. Müşahidələr göstərir ki, məşğulluq mərkəzləri bu gün yetərincə fəaliyyət göstərə bilmirlər.

Ayrı-ayrı rayonların bu strukturlarının fəaliyyətlərinin əsas istiqamətləri həmin rayonlarda qeydiyyatda olan işsiz sakinlərin problemlərini həll etməkdən ibarət olsa da, həmin strukturların bəzilərinin fəaliyyətləri nöqsanlarla müşahidə olunur. Belə ki, məşğulluq mərkəzlərinə müraciət edərək, işsiz kimi qeydiyyatdan keçsələr də, onların işlə təminatı məsələsi uzun müddət həllini tapmır. İşsiz vətəndaşları işlə təmin olunmasına kömək məqsədilə hökumət tərəfindən böyük büdcə pulları hesabına yaradılan və fəaliyyət göstərən məşğulluq mərkəzlərindən adi vətəndaşlar yox, ancaq bu dövlət idarələrində işləyən bəzi məmurlar da yetərincə istifadə edirlər. Bölgələrdə yaşayan əhalinin əksəriyyəti işsiz olması şəraitində bu problemlər açıq-aydın görünür. Məsələn, Ucar Rayon Məşğulluq Mərkəzinin işçiləri demək olar ki, icra etməli olduqları bir sıra işləri görmürlər. Heç bir iş görmədiyi üçün də onun fəaliyyəti vətəndaşların narazılıqları ilə müşahidə olunur. Sakinlər deyirlər ki, məşğulluq mərkəzi rayonda fəaliyyət göstərdiyi gündən indiyə qədər, hələ ciddi bir iş görməyib. Bu quruma müraciət edənlərə nə iş təklif edilib, nə də onlar başa salan olmayıb ki, işsiz kimi qeydiyyatdan keçib, iş tapana qədər müavinət alsınlar. Qeyd edək ki, əslində işsizlik müavinəti ilə bağlı münasibətlər "Məşğulluq haqqında" Qanunla və Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq olunmuş "İşsizlik müavinətinin hesablanması və verilməsi qaydaları" ilə tənzimlənərək həyata keçirilir. Qanuna əsasən işsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşdır. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) məşğulluq mərkəzlərində iş axtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70 faizi məbləğində müəyyən olunur. Lakin Ucar rayonunun işsiz sakinləri bu qanundan xəbərsizdir. Sakinlər deyir ki, mərkəzə iradını bildirənlər isə çox soyuq rəftarla qarşılaşır və onlara iş tapmaq üçün heç bir yardım olunmur. Deyilənə görə, mərkəzin işçiləri öz yaxın adamlarının, tanışlarının adını işsiz kimi qeydiyyatdan keçirir və dövlət vəsaitini göyə sovururlar. Sakinlərin sözlərinə görə, paytaxtda ali məktəbi bitirib, öz rayonuna qayıdanlara elə işlər təklif olunur ki, həmin ünvanlarda işçi lazım olmadığı bildirilir. Sadalananlardan həqiqətən də görünür ki, Ucar Rayon Məşğulluq Mərkəzinin fəaliyyəti formal xarakter daşıyır. Burada sakinlərə iş tapmaqda heç bir yardım edilmir, hələ üstəlik onlara ayrılan müavinətlərin də taleyi qaranlıqdır. Həmin səbəbdən də ilk olaraq mərkəzin direktoru və daha sonra idarədə çalışan əməkdaşları barədə müvafiq ölçü götürülməli, bu strukturun fəaliyyəti yoxlanılmalıdır. Bir sözlə, Ucar Rayon Məşğulluq Mərkəzinin fəaliyyəti heç də normal sayılmır. Sakinlər deyirlər ki, mərkəzin rəhbəri Qasım Kamilov üzərinə düşən vəzifələrin öhdəsindən lazımınca gəlmir. Hələ biz onu demirik ki, Ucarda işsizliyə görə müavinətlərin verilməsində ciddi problemlər mövcuddur. Burada qeydiyyatda olan və məşğulluq mərkəzində işsiz kimi adı rəsmiləşdirilən şəxslərin bir neçəsi işləmədiyi aylara görə müavinətləri çətinliklə ala bilirlər. Başqa sözlə desək, Ucar Rayon Məşğulluq Mərkəzinin direktoru Qasım Kamilov müvafiq qanunun tələblərinə riayət etmir. Onun rəhbərlik etdiyi dövlət strukturunda sakinlərə münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində yardım olunmur.

Saytların, xəbər portallarının, qəzetlərin nəzərinə: - "Gündəlik Bakı" qəzetində dərc olunan yazılardan öz çirkin məqsədləri üçün istifadə edənlər şərəfsizdir.
gundelik-baku