BolgeXeber.Com » Gündəm » Elton Məmmədovun obyekti paytaxtin girişini iflic edib

Elton Məmmədovun obyekti paytaxtin girişini iflic edib

29-10-2014, 09:00
Oxunub: 2 880 Bəzən tıxac Xırdalan dairəsindən “Şamaxinka” adlanan əraziyə qədər davam edir

Bakı-Sumqayıt yolunda tıxacın yaranmasının səbəbi avtovağzaldır; deputatın biznes marağına görə bu hissədə genişləndirmə işləri aparılmasına imkan verilmir
Bakıda hər gün tıxac yaşanan məkanlardan biri də Bakı Sumqayıt yoludur. Günün istənilən saatında Xırdalan istiqamətindən Bakıya gələnlər ekologiya postunu keçəndən sonra tıxacda bəzən saatlarla gözləməli olurlar. Səhər və axşam saatlarında isə burada sözün əsl mənasında fəlakətli vəziyyət olur, bəzən tıxac Xırdalan dairəsindən “Şamaxinka” adlanan əraziyə qədər davam edir.

Qeyd edək ki, ötən il Bakının şimal girişində tixacın qarşısını almaq üçün tədbirlər görülməsinə başlanılıb. Bu məqsədlə Biləcəri ərazisində yaşıllıq zolağını da kəsib yolu genişləndirdilər. Hazırda burada maşınların 6-7 sıra hərəkət etməsinə imkan var. Ancaq bunun bir faydası yoxdur, çünki aşağı hissələrdə yol nə qədər genişləndirilir genişləndirilsin, Bakı Beynəlxalq Avtovağzalının qarşısında 3 maşın zorla yanaşı hərəkət edə bilir. Avtovağzaldan çıxan avtobuslar, taksilər də hərəkəti ikiqat çətinləşdirir. Bu üzdən Bakının girişində avtomobillərin axınında çətinlik yaranır və avtomatik olaraq mütəmadi tixac meydana gəlir.

Həmin ərazidə yenidənqurma işləri aparan şəxslərdən birinin verdiyi məlumata görə, avtovağzalın qarşısı genişləndirilməyəcəyi halda Bakının girişində tıxacın qarşısının alınmasının mümkünsüzlüyü barədə müvafiq qurumlara məlumat verilib: “Lakin avtovağzalın avtombillərin hərəkətinə mane olan hissəsinin sökülməsinə razılıq yoxdur. Çünki bura nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun obyektidir. Yol-tikinti işlərini isə Nəqliyyat Nazirliyi həyata keçirir. Əgər avtovağzal başqa birinin obyekti olsaydı, oranı indi çoxdan söküb yolu genişləndirmişdilər. Ancaq obyekt də Məmmədovlarındır, yol işinə məsul olanlar da. Burada avtovağzal sökülüb yol genişləndirilməyənə qədər tixacın qarşısını almaq mümkün olmayacaq”.
Fotolara baxdıqda da görəcəksiniz ki, avtovağzala qədər olan hissədə avtomobillər 6-7 sıra ilə gedir, avtovağzalın qarşısına çatanda isə yol darlaşır və maşınlar 2 sıra ilə hərəkət etmək zorunda qalırlar.
musavat.com