BolgeXeber.Com » Gündəm » Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı - İDDİA

Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı - İDDİA

6-01-2015, 11:35
Oxunub: 4 054 "Qayınatam 3500 manatı şəxsən özü Əlövsət Məhərrəmova verib" Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edən rəis rüşvət almaqda ittiham olunur. İttiham tərəfi onda bunu sübut edəcək səs yazılarının olduğunu deyir.

Ucar şəhəri, Vaqif küçəsi, ev 13-də yaşayan İsmayıl İsrayıl oğlu Kərimov virtualaz.org saytının redaksiyasına müraciət edərək “FHN zabiti tərəfindən aldadıldığını” bildirib.

İsmayıl Kərimov özünü “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov” kimi təqdim edən şəxsin onlardan bacısı oğlu Rauf Mehdiyevi işə düzəldəcəyi vədi ilə 6050 manat pul aldığını söyləyir.

Şikayətçinin sözlərinə görə, “polkovnik Məhərrəmov” R.Mehdiyevi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə düzəldəcəyi vədini verib. Bununla da onlardan 6050 manat alıb.

İsmayıl Kərimov saytımıza açıqlamasında pulun Ə.Məhərrəmova üç dəfəyə verildiyini söylədi: “İlk danışığımız ötən ilin aprelində olub. Bacım oğlunu FHN-ə işə düzəldəcəyini demişdi. Qayınatam 3500 manatı şəxsən özü Əlövsət Məhərrəmova verib. Sonradan isə 250 manat və 2300 manatı Əlövsət Məhərrəmova bacım oğlu Rauf Mehdiyev verib. Məhərrəmov özünü bizə FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik kimi təqdim edib”.

İ.Kərimovun sözlərinə görə, Ə.Məhərrəmov onlara deyib ki, əvvəlcə 2-3 aylıq kurs olacaq, bundan sonra isə Raufun FHN-ə işə düzəlməsi ilə bağlı əmr veriləcək: “Təxminən 3 aya yaxın vaxt keçdi. Bacım oğlu Rauf kursa da gedirdi. Biz və bacımgil rayonda oluruq. Rauf Bakıda kursa gedirdi. Bacım oğlu ali təhsilli deyil. Əlövsət Məhərrəmov Raufa deyib ki, gəl səni Ukraynaya universitetə düzəldək, oradan diplom alandan sonra səni zabit kimi işə düzəldərik, sıravi işçi kimi getmə. Məhərrəmov Raufdan buna görə də təhsilhaqqı kimi 2350 manat ödəniş tələb edib. Biz razılaşdıq. İnanın ki, biz bu məbləğin 50 manatını düzəldə bilməmişdik. Əlövsət Məhərrəmov özü cibindən 50 manat çıxarıb üstünə qoyaraq bu pulu ödəyib. 2300 manatı Rauf özü Əlövsət Məhərrəmovun Dövlət Dəmiryolu Xəstəxanasının həyətindəki ofisində görüşərək ona vermişdi”.

Şikayətçi İsmayıl Kərimov

Şikayətçinin sözlərinə görə, bundan sonra Əlövsət Məhərrəmov Raufun ötən il sentyabrın 11-12-də Ukraynaya göndəriləcəyini deyib. Lakin sentyabrda bu fikrindən daşınıb. O, Raufa və ailəsinə bildirib ki, onun Ukraynaya getməsinə ehtiyac yoxdur, amma adı universitetdə gedir.

İ.Kərimov deyir ki, bundan sonra onlar Əlövsət Məhərrəmovdan şübhələnib və bu həlləm-qəlləmliyə etiraz ediblər. Pullarının geri qaytarılmasını istəyiblər. Elə bütün problemlər də bundan sonra yaşanıb. Əlövsət Məhərrəmov pulu qaytaracağı vədi ilə Raufu və ailəsini razı salmağa çalışıb.

İ.Kərimov deyir ki, özünü FHN-in polkovniki kimi təqdim edən Ə.Məhərrəmovla telefonla şəxsən özü danışırmış. Lakin “polkovnik” hər dəfə vaxt istəyərək, vədlər verərək onları yola verirmiş: “Sonuncu dəfə ötən ilin dekabrında danışdıq. Əvvəlcə həftənin birinci gününə, sonra isə beşinci gününə pulu qaytaracağını vəd etdi. Sonradan isə telefon zənglərimə cavab vermədi”.

Ə.Məhərrəmovdan şübhələnən İ.Kərimov deyir ki, sonradan onunla olan telefon danışıqlarını qeyd etməyə başlayıb: “Onunla telefon danışıqlarımı yazmağa qərar verdim ki, əlimdə sübut olsun. Bu səs yazılarında da o, təsdiq edir ki, bizdən pul alıb və qaytaracaq. Amma bizə yalandan vədlər verir. Məhərrəmov bizə bir neçə nazirlə qohum olduğunu da deyib. Səs yazılarında hamısının adı var. Mən dediklərimi sübut etməyə hazıram”.

Bu süründürməçilikdən bezən İ.Kərimov FHN-in elektron poçtuna şikayət məktubu göndərdiyini və nazirliyə dəvət olunduğunu dedi. O, bundan başqa prezident İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova da məktub ünvanladığını bildirdi.

Bu iddialarla bağlı Əlövsət Məhərrəmovun da mövqeyini öyrəndik.

Ə.Məhərrəmov virtualaz.org saytına açıqlamasında bildirdi ki, qeyd edilən məsələdən, şikayətdən xəbərdardır, lakin o, heç kimdən pul almayıb.

Ə.Məhərrəmov səslənən iddialarla bağlı bunları dedi: “O insanları tanımıram. Mənə zəng edib belə bir iş görməyimi istədilər. Lakin mən onların bu təklifini rədd etdim. Mənim FHN-in polkovniki olduğumu yazıblar. Bu - yalandır. Mən Bakı Dəmiryol Xəttinin Mülki Müdafiə Qərargahının rəisiyəm. Yəqin ki, bununla bağlı FHN-dən də təkzib veriləcək”.


Qərargah rəisi ona qarşı ittihamlar irəli sürən İ.Kərimovla telefon danışığında pul almasını etiraf etməsi məsələsinə də münasibət bildirdi: “Mən telefonda onlara yalnız bu təklifi rədd etdiyimi bildirmişəm. Başqa danışıq olmayıb”.

Ə.Məhərrəmov əlavə etdi ki, İ.Kərimov bu səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyi təqdirdə o da hüquq-mühafizə orqanlarına müraciət edərək haqqında yalan məlumatlar yayılması ilə bağlı şikayət edəcək.

Əlövsət Məhərrəmov FHN-in polkovniki olması və pul alması xəbərini təkzib edəndən sonra şikayətçi İsmayıl Kərimovla növbəti dəfə əlaqə saxladıq.

İ.Kərimov bir daha qeyd etdi ki, Ə.Məhərrəmov özünü onlara “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik” kimi təqdim edib: “O, özünü FHN-in polkovniki kimi təqdim edib. Pulu da bacım oğlu Rauf özü aparıb ofisində Əlövsət Məhərrəmova verib”.

Bundan sonra Ə.Məhərrəmovun ofisinin yerləşdiyi Dəmiryol Xəstəxanasına getdik.

Ofisdə Ə.Məhərrəmovla görüşmək istəsək də onun bir neçə dəqiqə əvvəl işdən çıxaraq harasa getdiyini dedilər. Amma bunu bird aha dəqiqləşdirdik ki, Ə.Məhərrəmov FHN-in polkovniki yox, həqiqətən də Bakı Dəmiryol Xətti Mülki Müdafiə Qərargahının rəisidir.

Sonda onu da deyək ki, şikayətçi İ.Kərimov artıq FHN-ə dəvət olunub. Bizə isə məsələnin araşdırılacağını və səslənən ciddi ittihamlara hüquqi qiymət veriləcəyini gözləmək qalır...