BolgeXeber.Com » Gündəm » İş adamı İsfəndiyar Axundov qanunları niyə saymır?

İş adamı İsfəndiyar Axundov qanunları niyə saymır?

7-01-2015, 15:50
Oxunub: 6 444 Tikinti maqnatı vətəndaşı çıxılmaz vəziyyətdə qoyub
"Şərur" MTK-nın sahibi Nehrəm sakini Tural Hacıyevin mənzili verməməkdə israrlıdır

İri tikinti maqnatlarından olan naxçıvanlı iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanın İsfəndiyar Axundovun adı bu günə kimi saysız-hesabsız qalmaqallarda çəkilib. Onun sahibi olduğu "Şərur" MTK-dan mənzil alan vətəndaşlar əlavə problemlə üzləşməli olublar. Belə ki, ya mənzillər eyni anda birdən çox şəxsə satılıb, ya da tikilən binalar sakinlərə vaxtında təhvil verilməyib.

Bir müddət əvvəl isə İsfəndiyar Axundovun adı daha səs-küylü məsələdə hallandırılırdı. Məlum olduğu kimi, "Mur Ay" MTK M.Xiyabani küçəsində yerləşən 317 mənzillik binanı təxminən 940 nəfərə satmışdı. Prezident İlham Əliyevin sərəncamı ilə "Mur Ay" MTK "Şərur" MTK-ya təhvil verilib, tikilməkdə olan binanın başa çatdırılması, həmçinin digər zərərçəkənlərin maddi zərərlərinin ödənilərək başqa binlarda mənzillə təmin olunmaları üçün dövlət tərəfindən maliyyə vəsaiti də ayrılıb. Amma mənzillərin və blokların dəhlizlərinin ərazi kvadratları azaldılaraq 317 mənzil üçün nəzərdə tutulmuş binada 400 mənzil tikilmiş, sakinlərdən hər kvadrat üçün əlavə ödəniş alınmışdır. Sakinlərin mənzillərlə təmin olunmalarına və ölkə rəhbərliyinin qəti göstərişinə baxmayaraq, binanın təhvil verilməsi yubandı, ev sahibləri mülkiyyət hüququ verən sənədlərlə təmin olunmadılar. Bir sözlə, İsfəndiyar Axundov sözügedən binadan mənzil alan insanlara əlavə problemlər yaratdı. Onun törətdiyi qanunazidd əməllər barədə aidiyyəti instansiyalara çoxsaylı müraciətlər edilsə də, iş adamı özbaşına işlərindən əl çəkmək niyyətində deyil. MTK sahibinin süründürməçiliyə məruz qoyduğu vətəndaşlardan biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Hacıyev Tural Adəm oğludur. Xatırladaq ki, Nehrəm kənd sakini şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək İsfəndiyar Axundov tərəfindən incidildiyini bildirmişdi. "Şirkətin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında binaları inşa olunurdu. 2008-ci ildən tikilməyə başlanan 16 mərtəbəli binaların birində iki otaqlı ev aldım. Şirkətin direktoru Azər Quliyevlə alqı-satqı müqaviləsi bağladım. Əlimdə bütün sənədlər var, yəni hər şey müvafiq qanunlara uyğun şəkildə həyata keçirilib. Mənzilə görə şirkət rəhbərinə ilkin olaraq 27900 dollar ödədim. Yerdə qalan 32 min dolları isə aramızda əldə olunan razılaşmaya əsasən kredit yolu ilə ödəyəcəkdim. Beləcə, dörd ay şirkətə 1000 dollar pul ödədim. Lakin dörd aydan sonra eşitdim ki, şirkətin rəhbəri Azər Quliyevi dələduzluğa görə həbs ediblər. Azər Quliyev "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovla şərik idi. Azər Quliyev mənzil dələduzluğuna görə həbs olunandan sonra "Azərtikinti ATF" MMC-nin mənzilləri İsfəndiyar Axundovun nazarətinə keçdi. İsfəndiyar müəllimlə görüşdüm. Ümid edirdim ki, bir yerlim kimi, o mənə nə köməklik lazımdırsa göstərəcək. O dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısan əlavə olaraq 25000 manat ver və mənzilini al. "Şərur" MTK-nın rəhbərinə buna maddi imkanımın çatmadığını dedim və bildirdim ki, pulum düzəlmir. Şirkət rəhbəri mənə dedi ki, get pulun düzələndə gələrsən. Növbəti dəfə onun yanına gedəndə məndən 35000 manat istədi. Səbəb kimi isə qiymətlərin bahalaşmasını göstərdi. Hər dəfə gedəndə qiyməti qaldırırdı. O mənə dedi ki, ürəyin hara istəyir get şikayət elə", - deyə Tural Hacıyev şikayətində vurğulayıb. Məsələnin mətbuat səhifəsinə çıxarılmasına baxmayaraq, İsfəndiyar Axundov vətəndaşın problemini hələ də həll etməyib. Beləcə, Tural Hacıyev nə pulunu, nə də mənzilini ala bilir. Dünən redaksiyamızla yenidən əlaqə saxlayan şikayətçi iş adamının qanunsuz əməllərinə etiraz olaraq növbəti dəfə cənab prezidentə müraciət etdi: "Heç bir vəzifəli şəxsin, yaxud biznesmenin sadə vətəndaşların hüquqlarını pozmağa haqqı yoxdur. Biz halal zəhmətimizlə pul qazanan insanlarıq. Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevə nehrəmlilərin böyük hörməti var idi. O, Moskvadan Azərbaycana gələndə hamıdan çox sevinən biz olduq. Onun dünyasını dəyişməsi də bizi çox sarsıtdı. İndi İsfəndiyar Axundov bizə deyir ki, gedin küçələrdə yaşayın. Halal evimi və pulumu vermək istəmir. Cənab prezidentimiz İlham Əliyev hər dəfə "Mən hər bir azərbaycanlının prezidentiyəm" deyir. İsfəndiyar müəllim isə bildirir ki, gedin hara istəyirsiniz şikayət edin. Bu adam qanunları saymır, özünə nə qədər arxayındırsa, vətəndaşları incitməkdən belə çəkinmir. İş adamı açıq şəkildə bildirir ki, 35 min manatı verməyincə, mənzili sənə verən deyiləm. Çıxılmaz vəziyyətdə qalmışam. Mən bilirəm ki, ölkə rəhbərliyinin bu məsələlərdən xəbəri yoxdur. Qəzet vasitəsilə möhtərəm prezidentdən kömək istəyirəm. Ondan xahiş edirəm ki, iş adamının törətdiyi qanun pozuntularının qarşısının alınması üçün lazımi şəxslərə göstərişlərini versin və mən mənzilimi əldə edim". Qarşı tərəflə əlaqə yaratmaq cəhdlərimiz heç bir nəticə vermədi. İnanmaq istərdik ki, iş adamı ilə vətəndaşın arasında yaranmış mənzil qalmaqalı tezliklə öz həllini tapacaq.

Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.gundelik-baku