BolgeXeber.Com » Gündəm » "Qusar Mərkəzi Xəstəxanasında “ölü canlar” saxlanılır,saxta “xəstəlik tarixləri” açılır"

"Qusar Mərkəzi Xəstəxanasında “ölü canlar” saxlanılır,saxta “xəstəlik tarixləri” açılır"

10-01-2015, 15:35
Oxunub: 3 281 Qusarın kəndlərində yerləşən tibb müəssisələrində də vəziyyət acınacaqlıdır

Respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişaf dinamikası və irəliləyişlərin aşkar müşahidə olunduğu bir dövrdə bəzi rayon və bölgələrimizdə səhiyyənin durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Belə vəziyyətlərin yaranmasına isə səbəb budur ki, bəzən konkret bir müəssisəyə rəhbərlik edən məmurun azğınlığı və özbaşnalığı hətta yuxarı instansiyalar tərəfindən belə qarşısı alınmaz bir həddə çatır. Bu hal baş verdikdə isə həmin məmurun hansı fəsadlara yol açacağını və rəhbərlik etdiyi sahəni necə iflic vəziyyətə sala biləcəyini təsəvvür etmək belə çətindir. Bu gün səhiyyə sahəsi məhz belə kritik vəziyyət yaşamalı olan rayonlarımızdan biri də Qusar rayonudur. Əslində bu rayonun ümumilikdə səhiyyə sisteminin digər rayonlarla müqayisədə elə də bərbad durumda olmasını da qətiyyən iddia etmək olmaz. Xatırlayırsınızsa hələ 2012-ci ilin fevral ayında Ölkə Prezidenti cənab İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Qusar Rayon Mərkəzi Xəstəxanası ilə tanış olmuşdu. Həmin vaxt xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılamış, ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev isə xəstəxana barədə ona məlumat vermişdi. Bu məlumatda bildirilirdi ki, təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən 230 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunmuşdur. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir. Xəstəxanada şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılmışdır. Bununla belə Qusar RMX-da bu gün çiçəklənməkdə olan rüşvətxorluq, vəzifədən sui-istifadə və digər neqativ halların mövcudluğu ümumilikdə rayonun bu sahədə simasını heç də bəzəmir. Belə vəziyyətin yaranmasını isə yerli mənbələr birbaşa Qusar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Mübariz Zeynalovun fəaliyyəti ilə bağlayırlar. Rayon sakinlərindən aldığımız şikayət məktublarında ilk növbədə bildirilir ki, Qusar RMX-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Digər tərəfdən isə Mübariz Zeynalov rayonun müvafiq idarə rəhbərləri ilə qeyri-qanuni işbirliyinə girərək dərman preparatlarının satın alınması əsasında dövlət vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunan maliyyə maxinasiyaları həyata keçirir. Həmçinin məlumatlarda göstərilir ki, bu gün Qusarın kəndlərində yerləşən tibb müəssisələrində də vəziyyət acınacaqlıdır. Rayon ictimaiyyətinin xüsusi narazılığını doğuran daha bir cəhət də budur ki, mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar həm də bu yolla mənimsənilir. Amma bu maxinasiya eyni zamanda iki məqsədə xidmət edir. Belə ki, bu “xəstəlik tarixləri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Lakin bu da var ki, xəstələr üçün ayrılan dərman preparatları və ərzaq spekulyasiyalarında heç də bütün həkimlər iştirak etməyə razılıq vermirlər. Buna görə də belə məqsədlər üçün kənd xəstəxanaları bəzən daha əlverişli olurlar. Nəticədə isə sənədlərə görə kənd xəstəxanalarının bəzilərində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur...