BolgeXeber.Com » Gündəm » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarına dair hesabat verib - FOTO

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarına dair hesabat verib - FOTO

15-01-2015, 15:05
Oxunub: 3 522 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 218 işi araşdırır

Bolgexeber.com-a bildirir ki, Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi 2014-cü ildə də ölkə həyatının bütün sahələrində yenidənqurma işləri uğurla davam etdirilmiş, möhtəşəm nailiyyətlər qazanılmaqla irimiqyaslı nailiyyətlərə imza atılmışdır.
2014-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.
Prezident cənab İlham Əliyevin 24 iyun 2014-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə ilk dəfə sədrlik edəcəyi dövrdə insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək göstərəcəyini qeyd etməklə yanaşı, korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən biri olduğunu bildirməsi, habelə 31 dekabr 2014-cü il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə Azərbaycan xalqını təbrik edərkən korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi və sistem xarakterli tədbirlərin aparılacağını xüsusi vurğulaması bu istiqamətdə siyasi iradənin təzahürü olduğu bildirilmişdir.
Bundan başqa, 2014-cü il ərzində 2 önəmli beynəlxalq antikorrupsiya konfranslarının ölkəmizdə keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilmiş, 30 iyun-01 iyul 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirak etdiyi yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi, həmçinin ölkəmizin 19-21 noyabr 2014-cü il tarixlərdə keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasına ev sahibliyi etməsi, eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Assambleyanın növbəti ili üçün sədri seçilməsi ölkəmizin artan nüfuzunun təcəssümü və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə verilən qiymətin nəticəsi kimi vurğulanmışdır.
IACA-ya üzv və iştirakçı ölkələrin Assambleyasının 3-cü sessiyasında 43 ölkədən 130-dan çox nümayəndənin, o cümlədən Avropa Şurasının, Avropa İttifaqının, Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF), müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak etdiyi sessiya çərçivəsində qəbul edilmiş Bakı Bəyannaməsində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə potensialın genişləndirilməsi üzrə birgə səylərin əhəmiyyəti qeyd edilmiş, qərarlılıq, milli və beynəlxalq səviyyədə təhsil, təlim vasitəsilə antikorrupsiya mühitinin qurulması təşəbbüslərinə tam dəstək vurğulanmışdır.
Hesabat dövründə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmiş, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranmışdır.
Belə ki, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununlarında dəyişikliklər edilməsi haqqında 14 fevral 2014-cü il tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərman və Sərəncamları ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adı ilə əvəz olunmuş, eyni zamanda statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılmışdır.
Bildirilmişdir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2014-cü ildə də uğurla davam etdirmişdir.
Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 3194 müraciətinə baxılmış, həmçinin 218 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 82%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 4945 müraciət daxil olmuş, həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.
2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınmış, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilmişdir.
Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanmışdır.
2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə etmə, 2 şəxs barəsində 2 iş isə digər faktlarla əlaqədar olmuşdur.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və ya 72%-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
2014-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.
2014-cü il ərzində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir.
Belə ki, 15-18 aprel 2014-cü il tarixlərdə GRECO-nun ekspertləri tərəfindən Azərbaycan Respublikasına 4-cü raund dəyərləndirmə missiyası həyata keçirilmişdir. Dəyərləndirmə missiyası çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin, Milli Məclisin və Məhkəmə-Hüquq Şurasının üzvlərinin, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər instansiya məhkəmələrinin hakimlərinin, müvafiq nazirliklərin məsul əməkdaşlarının, ali təhsil müəssisələrinin müəllim heyətinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə çoxsaylı görüşlər keçirilmişdir.
6-10 oktyabr 2014-cü il tarixlərdə Strasburq şəhərində keçirilmiş GRECO-nun 65-ci plenar iclasında Azərbaycanın 4-cü raund dəyərləndirməsi üzrə hesabat layihəsi dinlənilmiş, ölkəmizdə anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirliməsi, habelə deputat, hakim və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərə dair tövsiyələr verilmişdir.
Hesabat dövründə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 17 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində OECD Katibliyinin məsul əməkdaşlarının iştirakı ilə qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilmişdir.
Ötən hesabat ili ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvü və iki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf etdirilmiş, 7-10 aprel 2014-cü il tarixlərdə qurumun Prezidenti və Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş nümayəndə heyəti ilə birlikdə, həmçinin 21-24 yanvar 2014-cü il tarixlərdə Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının böyük prokuroru Elizabet Hou ölkəmizdə işgüzar səfərdə olmuşlar.
2014-cü il ərzində Baş İdarə tərəfindən həmçinin Dünya Bankı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı, Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə Baş İdarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2014-cü il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.
Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində Baş İdarə tərəfindən hazırlanaraq nəşr edilmiş metodiki vəsaitlərin təqdimatı keçirilmiş, qeyd olunan nəşrlər tədbir iştirakçılarına paylanmaqla onların böyük marağına səbəb olmuşdur.
Bolgexeber.com