BolgeXeber.Com » Gündəm » 34 saylı TSEK-dən şikayət pik saata çatıb-ŞİKAYƏT

34 saylı TSEK-dən şikayət pik saata çatıb-ŞİKAYƏT

15-01-2015, 16:30
Oxunub: 4 192 “Ərkinaz Məmmədova 34 saylı TSEK-ə rəhbərlik etdikdən sonra 2-ci qrup əlillik almaq üçün qiymət 1500-2000 manatdan 3500-4000 manata qədər qaldırıldı”

34 saylı İmişli, Saatlı rayonlarını əhatə edən TSEK-də reablitasiya adı altında ixtisarlar aparılır. Bu barədə Bolgexeber.com-un elektron ünvanına daxil olan məlumatda bildirilir. Məlumatda daha sonra qeyd olunur:
“Xəstə insanların əlillik qruplarından kənarlaşdırılması pis bir şəkildə baş verir. 34 saylı TSEK-in xanım sədri göstərişin nazirlikdən gəldiyini bildirir, məsuliyyəti boynundan atır. Yaranmış vəziyyətdən isə öz çıxarları daxilində yararlanır və bunu göydən düşmə fürsət kimi dəyərləndirir. Hardasa bu onun özünə belə iqtisadi mənfəət gətirir. Çünki, ötən ildən stolunun üstündə 200-ə yaxın əlillik təyin edə bilmədiyi, amma buna cəhd etdiyi işlər qalıb. 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın “reablitasiya” oyunun qurbanları özündən əvvəlki sədrlərin vaxtını əhatə edir. Bir sözlə, belə fikir yaranır ki, zamanında əlillik qrupuna sahiblənmiş şəxslər xəstə olmayıb, keçmiş komissiya sədrləri tərəfindən onlara əlillik qrupu təyin olunub. Amma Ərkinaz Məmmədovanın dövrünü əhatə edən axırıncı bir ildə əlillik qrupu təyin olunmuş şəxslər hamısı xəstədir və onlara reablitasiya tətbiq oluna bilməz. Vallah biabırçılıq, görünməmiş ədalətsizlikdir. İmişli və Saatlı əhalisi bilir ki, Ərkinaz Məmmədova 34 saylı TSEK-ə rəhbərlik etdikdən sonra 2-ci qrup əlillik almaq üçün qiymət 1500-2000 manatdan 3500-4000 manata qədər qaldırıldı. 3-cü qrup əlillik təyin olunan şəxslərdən əvvəllər 500-1000 manat aralığında “şirinlik” alınırdısa, Ərkinaz Məmmədova bu məbləği 1500-2000 manata qaldırdı. Ona bu işdə makler, dəllal İlqar və Ərkinaz xanımın həyat yoldaşı kömək edir. Çünki, ilkin komissiyadan keçmək üçün makler İlqar və Ərkinaz xanımın həyat yoldaşını görmədən, onların istədikləri məbləği vermədən xəstənin sənədləri sədr xanımın qarşısına gedə bilməz, xəstə onunla görüşə bilməz. Belə olan halda xanım sədrə sual verilməzmi ki, necə olur rüşvətin həcmi qalxanda insanlar xəstə, aşağı olanda xəstə olmur?!.. Bu nə yanaşmadır ki, rayonlarda insanlara tətbiq olunur və insanlar ölkə rəhbərliyindən məqsədli şəkildə narazı salınır? Adına da dövlət vəsaitinə qənaət olunması deyilir. Əslində ağıllı insanlar bilir ki, Ərkinaz Məmmədova bunu edirsə, öz çıxarları üçün edir. Burdan xəstələri “reablitasiya” edir, digər tərəfdən ilkin xəstələr makler İlqar, Ərkinaz xanımın həyat yoldaşı ilə görüşdükdən sonra onlara əlillik qrupu təyin olunur. Hansı ağıllı insan xəstə ola-ola 3500 manat pul verib özünə əlillik qrupu alar? Əgər 3500 manat verilirsə, demək həmin adamlar xəstə deyil və mənfəət güdürlər, dolanırlar, onlardan da məqsədli şəkildə istifadə olunur. Yəni, onlar əvvəl 3500 manat verirlər, təkrar komissiyaya gəldikdə isə Ərkinaz xanımın onlara deməyə sözü olur və 100-150 manatını alır. Bununla da külli miqdar vəsait mənimsənilir. Budurmu dövlət vəsaitinə qənaət etmək?
İmişli və Saatlı rayonları üzrə 300 xəstə ixtisara düşərsə, sonradan onların yerinə 3500 manat alınıb qrup təyin olunarsa, 1 milyon manat vəsait əldə edilmiş olar. Digər tərəfdən, il ərzində İmişli və Saatlı rayonlarını əhatə edən 34 saylıTSEK-ə müraciət edən təkrar xəstələrin sayı 8 minə yaxındır. Elə bunlardan da 1 milyon manata yaxın vəsait toplanır. Milyona milyon TSEK prinsipi... Qəpik-quruş dövrü arxada qaldı...
Amma vəziyyət fərqlidir. Ərkinaz Məmmədova bir məsələni nəzərindən qaçırır. Narazılıq pik həddə çatdıqda təbii ki, Səlim Müslümov məsuliyyəti boynundan ataraq onu işdən çıxaracaq. Çünki, əlilliyə görə aldığı müavinət ancaq çörəyə, suya, çaya, qəndə çatan insanlar Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin qabağına gəlib haqlarını tələb edəcəklər”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com