BolgeXeber.Com » Gündəm » Sürücü DYP əməkdaşının təhdidindən şoka düşdü, ambulans çağırdılar-ŞİKAYƏT

Sürücü DYP əməkdaşının təhdidindən şoka düşdü, ambulans çağırdılar-ŞİKAYƏT

19-01-2015, 13:30
Oxunub: 3 261 Qadir Zeynalov: «Nəsimi DYP-nin əməkdaşı məni saxladıqdan sonra maşınımı cərimə meydançasına, özümü isə hədələyərək 19-cu Polis Bölməsinə apardı»

Jam.az-ın ünvanına Bakı şəhəri üzrə Dövlət Yol Polisi Xidmətinin (DYPX) əmədaşlarının növbəti özbaşınalığı ilə bağlı daha bir şikayət ərizəsi daxil olub. Şikayətçi Bakı şəhəri, Mehdi Abbasov küçəsi, ev-3, mənzil 43-də qeydiyyatda olan, hazırda Masallı rayonu Seybətin küçəsi ev-21 ünvanında yaşayan Zeynalov Qadir Allahqulu oğludur.

Şikayətçi Daxili İşlər naziri, general-polkovnik cənab Ramil Usubov başda olmaqla, dövlətin bir sıra ali qurumlarının rəhbərlərinə müraciət edərək, üzləşdiyi özbaşınalıqla bağlı tədbir görülməsini istəyib. Qadir Zeynalov yazır ki, bu ilin yanvar ayının 16-da, saat 22 radələrində idarə etdiyi «Porşe» markalı, 10 EO 006 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərində «Yeganə» şadlıq sarayının yanından «Şamaxinka» istiqamətində hərəkətdə olarkən, «Tərlan» şadlıq sarayına az qalmış «BMV» markalı, 10 YP 532 dövlət nömrə nişanlı avtomobildə olan yol polis işçisinin özbaşınalığı ilə üzləşib. O bildirir ki, DYP əməkdaşı ona saxlamaq barədə göstəriş verdikdən sonra əmrə tabe olub. «Həmin avtomobildən düşərək mənə yaxınlaşan yol polis əməkdaşı özünü təqdim etmədən və saxlamasının səbəbini bildirmədən məndən içkili olub-olmamağımı soruşmdu. Ona içkili olmadığımı bildirdikdə, əl çəkmədiyini görüb bunu yoxlamaq üçün xüsusi avadanlıqlarının olmasını, əgər belə avadanlığı yoxdursa, tibb məntəqəsinə gedə biləcəyimi bildirdim. Lakin həmin DYP işçisi məndən sənədlərimi tələb etdi. Sənədlərimi verdikdən sonra yol polis işçisi idarə etdiyim maşınla radara düşməyimi və maşının bölməyə getməli olmasını dedi».

Qadir Zeynalov bildirir ki, o, avtomobilinin radara düşməsiylə bağlı hər hansı bir bildiriş almayıb. «DYP işçisinə bunu bildirməklə yanaşı, radara nə vaxt düşməyimi və cərimənin məbləğinin nə qədər olmasını soruşaraq, həmin məbəlği ödəməyə razı olduğumu demişəm. Yol polisinin maşınında olan kompyüterə baxdıqda isə məlum oldu ki, maşınımın radara düşməsi qeyd edilsə də, dayanacağa qoyulmasına dair göstəriş yoxdur. Bunu yol polis işçisinin diqqətinə çatdırmağıma baxmayaraq, o, bunlara əhəmiyyət vermədən, evakuator vasitəsi ilə maşınımı apartdırdı. Özümü isə təhqir etdi».

Şikayətçi qeyd edir ki, idarə etdiyi avtomobilin qanunsuz və əsassız olarq aparılması, özünün isə təhqir olunmasından sarsıntı keçirib. «Səhhətim pisləşdiyindən təcili tibbi yardıma zəng etməli oldum. Saat 23:30 radələrində hadisə yerinə gələn təcili tibbi yardım briqadası mənə tibbi yardım göstərdilər. Mən baş verənlər barəsində 102 və 902 qaynar xətlərinə telefonla zəng edərək bildirmişəm. 102 xidmətinə zəng edərkən məndən yol polisinin döş nişanının nömrəsini soruşdular. Mən də həmin yol polisinin döş nişanı olmamasını görüb, bu barədə də 102 xidmətinə bildirdim».

Qadir Zeynalov mərəkənin bundan sonra başladığını vurğulayıb. O qeyd edir ki, vəziyyətin belə olduğunu görən həmin DYP işçisi ondan 19-cu polis bölməsinə getməyimi tələb edib. «Hansı səbəbdən bölməyə getməli olmağımı soruşduqda isə, o, bölməyə məni zor tətbiq etməklə aparacağı ilə hədələdi. Həmin vaxt avtobilimdə Masallı rayon, Bədəlan kənd sakini Hüseynov Namik Soltanağa oğlu da olub. Yol polisinin hədə-qorxularının təsiri altında məcburiyyət qarşısında qalaraq, 19-cu polis bölməsinə getməli olduq. Orada Cinayət Axtarış Bölməsinin əməkdaşı olan Ramin adlı şəxsin kabinetinə gətirildik. Həmin şəxs mənimlə Namik Hüseynovun mobil telefonlarımızı dərhal aldı. Sonra isə yol polisindən üzr istəməyimi və 102 ilə 902 qaynar xətlərinə zəng edərək heç bir şikayətimin olmamasını deməyimi tələb etdi. Buna razı olmadıqda isə kabinetində məni təhqir etdi, stolu aşırıb, otağı dağıdaraq mənim boynuma yıxacağı, polis işçilərinə müqavimət göstərməyimə dair məni şərləyəcəyini və həbsə atdıracağını bildirdi».

Şikayətçi qeyd edir ki, onun hədələrinin təsiri altında məcburiyyət qarşısında qalaraq, saat 01:45 radələrində 102 və 902 qaynar xətlərinə zəng edərək, 19-cu polis bölməsində olmağını, heç bir problemin olmamasını deməli olub. «Saat 02:05-də bizi polis bölməsindən buraxdılar. Həmçinin qeyd olunan yol polis işçiləri mənimlə gələrək cərimə meydançasından avtomobilimi heç bir cərimə ödənilmədən qaytardılar. Avtomobilə dair texniki pasportu isə verməyərək, Nəsimi rayon Polis İdarəsinin DYPB-nin 5 nömrəli otağından Mahir adlı şəxsdən götürəcəyimi dedilər. Nə maşınımın saxlanılması, nədə buraxılması zamanı hər hansı bir sənədləşmə aparılmadı».

Qadir Zeynalov bildirir ki, səhərisi günü Nəsimi rayon Pİ-nin DYPB-nə getdikdə, bir gün əvvəl məni saxlatdıran yol polis əməkdaşını idarənin qarşısında görüb. «Həmin DYP əməkdaşı məni 5 nömrəli kabinetə Mahir adlı şəxsin yanına apardı. Maşınımla bağlı radarları siləmyi təklif etdi. Mənsə razılaşmayaraq, radarla bağlı mənə rəsmi bildiriş verilməməsini dedim. Radarların maşını idarə etmək üçün verdiyim Rafiq adlı şəxsdə olduğu dövrdə qeydə alınması məlum oldu. Maşının texniki pasportunu tələb etsəm də, yol polis əməkdaşları texniki pasportu verməyərək maşını etibaranmə ilə idarə etmiş Rafiq adlı şəxsin gəlməsini, yalnız bundan sonra radaları silib texniki pasportu qaytaracaqlarını bildirdilər».

Üzləşdiyi mənzərədən heyrətlənən Qadir Zeynalov DİN başçısı, cənab Ramil Usubova müraciət edərək, ondan yaranmış vəziyyəti araşdırmasını və tədbir görməsini xahiş edib. «Cənab Nazir, Sizin polis orqanlarında apardığınız islahatlar, polis əməkdaşının adına yaraşmayan hərəkətlər edən onlarla polis işçisini qanunun tələblərini pozduğuna görə işdən çıxarmağınız və rəhbəri olduğunuz qurumun həmişə dövlətimizin adına, vətəndaşlarımızın şəninə yaraşan şəkildə şərəflə çalışdığını hamımız bilirik. Sizin necə ədalətli bir nazir olduğunuz isə dillər əzbəridir. Mən əminəm ki, Siz bir nazir olaraq sıravi vətəndaşın üzləşdiyi problemi dərindən araşdırıb, ədalətli qərar verəcəksiniz. Həmçinin mənə qarşı bu cür özbaşınalıq törətmiş şəxslərin cəzalandırılmasını həyata keçirəcəksiniz. Ona görə də, Sizdən xahiş edirəm ki, 10 YP 532 DYP maşınında xidmət aparan polis əməkdaşlarının şəxsiyyətinin, həmçinin 19-cu polis bölməsinin Ramin adlı əməliyyatçısının müəyyənləşdirilməsini, hadisə zamanı yol polisi maşında olan görüntülər və səs yazısı tələb edilərək araşdırılmaqla qeyd olunan polis əməkdaşlarının barəsində qanunamüvafiq tədbir görülməsinə, texniki pasportumun qaytarılmasına göstəriş verəsiniz».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.