BolgeXeber.Com » Gündəm » Elnur Aslanov “Razin” stansiyasını da alıb?

Elnur Aslanov “Razin” stansiyasını da alıb?

19-01-2015, 14:45
Oxunub: 2 267 “Bakıxanov” stansiyası söküldü; rəsmilər ərazidə park və metrostansiya olacağını açıqlasa da, sahə “Rahat” market sahibinə satılıb...

Paytaxtın məşhur “Bakıxanov” stansiyası tarixin arxivinə göndərildi. Şəhərin Bakıxanov qəsəbəsində “Razin stansiyası” adlanan ərazi tamamilə şumlanıb, hasarlanıb. Aylardır ki, stansiyanın sahəsində tikinti işləri aparılır.

Əvvəllər stansiya ərazisi avtobusların dayanacağı, xırda ticarət məkanı, köşklərin olduğu yerə çevrilmişdi. Nə səliqə-sahman varıydı, nə sanitar qaydalara əməl. Lakin Sabunçu rayonuna yeni icra başçısı gələndən sonra “Bakıxanov” stansiyası söküldü. Alverçilər də ərazidən getməli oldular. Bu massivdə metrostansiyası üçün yer ayrılacağı açıqlandı.
Hətta Sabunçu Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən milli.az-a bildirilmişdi ki, həmin ərazi sökülərək genişləndirilir. Söküntü işləri başa çatandan sonra ərazidə park salınacaq. Bundan başqa həmin ərazidə tikilməsi nəzərdə tutulan metronun “Bakıxanov stansiyası” üçün torpaq sahəsi ayrılır.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva o zaman milli.az-a demişdi ki, “Bakıxanov” stansiyasının tikintisi gələcəkdə nəzərdə tutulub. Bakıxanov qəsəbəsində stansiya üçün torpaq sahəsi ayrıla bilər, ancaq tikinti işlərinə başlanmayıb.

Ancaq hər iki qurum rəsmisinin dedikləri özünü doğrultmadı. Burada nə metro sahəsi üçün yer qalıb, nə də park tikintisi üçün genişlik. Ərazi sahibkarlara satılıb və yerində ticarət mərkəzi, mağazalar inşa olunur. Artıq tikinti işləri davam etməkdədir və “Rahat” supermarket şəbəkəsinin növbəti filialı burada fəaliyyət göstərəcək. Bakının bir sıra yerlərində bu marketlər şəbəkəsi var.

Bəzi xəbərlərə görə, “Rahat” market Prezident Administrasiyasının sabiq şöbə müdiri, nurçu qalmaqalından sonra istefaya göndərilən Elnur Aslanova məxsusdur. Artıq bu mağaza “Razin” stansiyasını da alıb və qarşısında böyük lövhə vurulub, tezliklə açılacağı elan edilib. Stansiyanın sahəsinin bir o qədər də geniş olmadığını nəzərə alsaq, RİH və metropoliten rəsmilərinin dedikləri planların burada olacağı inandırıcı görünmür.

Qəsəbə ərazisində yaşayanlar isə deyirlər ki, burada nə marketə, nə də park salınmasına ehtiyac var. Onların sözlərinə görə, ən vacib məsələ metrostansiya inşa olunmasıdır. Bakıxanov sakini Şamil Əzizov deyib ki, stansiyanın qarşı tərəfində park var: “Ətraf da mağaza, bazar, dükanla doludur. Böyük bir ”Səhram" mağazası var. Bizim nə parka, nə də marketə ehtiyacımız var. Metro lazımdır ki, camaat üçün rahat olsun. Əvvəl plan başqa olub. İndi baxırıq ki, ərazi satılıb. Taksilərin, marşrutların dayanmağına yer olmayacaq".(musavat.com)