BolgeXeber.Com » Gündəm » Jurnalist Yol Polisini məhkəməyə verib

Jurnalist Yol Polisini məhkəməyə verib

21-01-2015, 16:10
Oxunub: 2 086 Jurnalist Xalid Vahidoğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyi informasiya sorğusuna cavab almadığı üçün məhkəməyə müraciət edib. Artıq məhkəmə iclasının vaxtı da təyin edilib.

Xalid Vahidoğlunun Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddiasına fevralın 10-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.
Jurnalist Avtosfer.az-a bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova 12 iyun 2014-cü il tarixli informasiya sorğusu ilə müraciət edib: «Həmin vaxt paytaxt ərazisində avtomobillərin kütləvi şəkildə evaukasiyası həyata keçirilirdi. Bu səbəbdən də araşdırma aparmaq qərarına gəldim və bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verərək idarədən ötən ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasını pozan neçə avtomobilin cərimə meydançasına aparılması, avtomobillərin cərimə meydançasına aparılmasını hansı şirkətlərin həyata keçirməsi və bu şirkətlərin necə seçilməsi, dayanma-durma qaydalarını pozduğuna görə evakuatorla cərimə meydançasına gətirilən avtomobilin sürücüsünün cərimələnməsi qaydasının digər qayda pozuntularına görə cərimələnmədən fərqli tətbiqi, nə üçün cərimə meydançasında sürücülərin cərimələri ödəməsi üçün pos-terminallar qoyulmaması, həmçinin ödənişlərin nəğd alınması və ötən ilin yanvar-may aylarında paytaxt ərazisində dayanma-durma qaydasının pozulmasına görə neçə sürücünün cərimələnməsi və bu qayda pozuntularına görə nə qədər vəsait toplanması ilə bağlı məlumatların təqdim olunmasını xahiş etmişəm. Amma Baş Dövlət Yol Polisi İdarəsinə verdiyim 5 sualdan ibarət informasiya sorğusuna 16 gün sonra, yəni 28 iyun 2014-cü il tarixdə bir cümləlik cavab yazılıb ki, sorğu cavablandırılması üçün Bakı şəhər DYP-yə göndərilib. Bu cavab isə poçt vasitəsilə mənə 18 gündən sonra, yəni 15 iyul 2014-cü il tarixdə çatdırılıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 31 iyul 2014-cü il tarixli 9/YP-12058 məktubunda isə sorğuda göstərilmiş sualların geniş və ətraflı cavablandırılmasının təmin olunacağının bildirildiyi məktub aldım. Həmin cavabı isə tam 5 ay gözlədim. Sonda hər hansı cavab ala bilmədiyimi görüb, məhkəməyə müraciət etdim. Düşünürəm ki, bizə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ bəndi (hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var) və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununun 2.1-ci 2.2-ci, 2.3.2-ci, 6-cı, 7.1-ci, 10.1-ci və 24.1-ci maddəsinin tələbləri pozulub. İddiada Baş Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2014-cü il tarixli informasiya sorğusunun baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilməsinin qanunsuz hesab edilməsini, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 12 iyun 2014-cü il tarixli informasiya sorğusuna qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verməməsinin pozuntu kimi tanınmasını və 12 iyun 2014-cü il tarixli informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə həvalə olunmasını tələb edirik».
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hər iki cavabdehə sərəncam göndərilərək onlardan iddia ərizəsinə etiraz və etirazda qeyd olunacaq hallara dair bütün sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb edilib.

Bolgexeber.com