BolgeXeber.Com » Gündəm » “Astoriya” klinikası bir ananın həyatını necə məhv etdi? - Şok təfərrüat

“Astoriya” klinikası bir ananın həyatını necə məhv etdi? - Şok təfərrüat

21-01-2015, 16:15
Oxunub: 4 319 Gənc xanımı ana olmaqdan məhrum edən tibb mərkəzi və həkim məhkəməyə verilib.

Tia.az-a verilən məlumata görə, 2013-cü ilin oktyabrın 21-də “Astoriya Tibb Mərkəzi”nin həkimi Nigar Abdullayeva tərəfindən Verdiyeva Könül Ərəbxan qızı qeysəriyyə əməliyyatı olunub.
Həkimin əməliyyat zamanı buraxdığı peşə səhvləri nəticəsində xəstənin uşaqlıq və uşaqlıq boynu götürülüb. Beləcə, K.Verdiyeva gənc yaşında ana olmaq hüququndan məhrum edilib.
Zərərçəkənin vəkili İradə Cavadova bildirir ki, həkim tərəfindən edilən səhvlər nəticəsində təkcə xəstənin sağlamlığına zərər dəyməyib, həmçinin onun ailə həyatı da məhv olub.
Vəkil tərəfindən “Astoriya Tibb Mərkəzi” MMC və Nigar Abdullayevaya qarşı mülki qaydada xəstəyə dəymiş maddi və mənəvi zərərə görə Nərimanov Rayon Məhkəməsində iddia qaldırılıb. Nigar Abdullayevanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Yasamal rayon Prokurorluğuna şikayət edilib.
İ.Cavadova bildirir ki, 2013-cü ildə Könül Verdiyeva ikinci hamiləliyi dövründə məsləhət üçün həkim Nigar Abdullayevanın qəbulunda olub və övladını qeysəriyyə əməliyyatı ilə yox, təbii doğuş yolu ilə dünyaya gətirmək istədiyini bildirib. Lakin həkim heç bir müayinə aparmadan etirazını bildirərək bunun qətiyyən mümkün olmayacağını, körpənin mütləq qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilməli olduğunu deyib.
“Könül Verdiyeva ailə vəziyyətinin ağır olmasına baxmayaraq övladını sağlam şəkildə dünyaya gətirmək üçün müayinə məqsədilə “Astoriya” Tibb Mərkəzində mama-ginekoloq Nigar Abdullayevanın qəbulunda olub. Abdullayeva müayinədən sonra səbəbini izah etmədən uşağı 2 həftə tez götürməli olduqlarını bildirib. Verdiyeva Könül həkimin dediyi ilə razılaşmalı olub.
O, uşağı 2013-cü ilin oktyabrın 21-də qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və əməliyyatdan 3 gün sonra evə buraxılıb. Lakin əməliyyatın ardından Könülün vəziyyəti pisləşib və gündən-günə kəskinləşdiyi üçün həkimə telefon vasitəsilə məlumat verib.
N.Abdullayeva heç bir müayinə aparmadan sadəcə telefon vasitəsilə Verdiyeva Könülə narahat olmamağı, keçib gedəcəyini, əgər vəziyyəti daha da kəskinləşərsə iynə vurdurmağı məsləhət görüb. Lakin bu da heç bir nəticə verməyib. Əksinə, xəstənin vəziyyəti daha da kəskinləşir.”, -deyə vəkil bildirib.
İ.Cavadovanın verdiyi məlumata görə, 14 dekabr 2013-cü il tarixdə gecə saat 00:00 və 01:00 arası Könülün vəziyyəti daha da pisləşib, huşunu itirib. Həyat yoldaşı Abdullayev Əli və qonşuluqda yaşayan İlqar adlı taksi sürücüsünün köməkliyi ilə onu çox ağır vəziyyətdə “Astoriya” Tibb Mərkəzinə çatdırıblar.
N.Abdullayeva ona narkoz verilməli olmadığı halda verib və əməliyyat edib. Bunu tibb mərkəzində qeydiyyata salmayıb.
N.Abdullayeva sonradan xəstəyə onun vəziyyətini görəndə çox bərk qorxduğunu bildirib və yenə də səbəbi izah olunmadan ultrasonoqrafiya (UZİ) müayinəsindən keçməsi məqsədilə hər iki gündən bir gəlməli olduğunu qeyd edib.
Könülün anası N.Abdullayevaya “Qızımın sağlığı üçün qarantiya verirsənmi?!” deyib, N.Abdullayeva isə cavabında “Ürəyini buz kimi saxla her şey yaxşı olacaq” bildirib.
Verdiyeva Könül həkimin məsləhətinə əsasən 4 dəfə ultrasonoqrafiya müayinəsindən keçib və sonuncu gün 24 dekabr 2013-cü il tarixdə ultrasonoqrafiyada həkimindən vəziyyəti ilə bağlı məlumat istəyib. Lakin həkimlər nə Könülə, nə də anası Yusubova Rəsmiyyə Abasəli qızına məlumat verib.
Verdiyeva Könülün anası ultrasonoqrafiya kağızını tələb etsə də, ona xeyli mübahisədən sonra yalnız üç günün ultrasonoqrafiya müayinəsinin cavabı verilib. Sonuncu (24 dekabr 2014-cü il tarixli) ultrasonoqrafiya müayinəsinin cavabı təqdim edilməyib. 2014-cü ilin yanvar ayının 17-si yenidən Könülün vəziyyəti ağırlaşıb. Onu Qara Qarayev adına 7 saylı Doğum Evinə çatdırıblar.
Həkimlər anasına qızı “Astoriya” Tibb Mərkəzində əməliyyat olunduğu üçün ora aparmağı məsləhət görüblər. Anası N.Abdullayevaya zəng vuraraq qızının vəziyyətinin ağır olduğunu və onu “Astoriya” Tibb Mərkəzinə aparmaq istədiyini bildirsə də, həkim şəhərdən kənarda olduğunu bildirib. Nəticədə i 7 saylı Doğum Evində təcili əməliyyat edilərək qadın orqanlarından məhrum edilb.
Həkimlərin dediyinə əsasən “Astoriya” Tibb Mərkəzində həkim tərəfindən qüsurlu əməliyyat aparıldığı üçün həmin əməliyyat qaçılmaz olub.
Həkimlər tərəfindən Verdiyeva Könülə bir daha ana ola bilməyəcəyi də bildirilib. Anası N.Abdullayevaya zəng edərək “Qızımı məhv elədin, səhvin ucbatından qızım bir daha ana ola bilməyəcək. Her şeyə görə məsuliyyət daşıyacaqsan” dedikdə N.Abdullayeva cavabında “Astoriya” Tibb Mərkəzinin arxasında bilirsən kim dayanıb?!” deyə bildirib.
Anası klinikanın baş həkimin tibb işləri üzrə müavini İlqar Qasımovla (hazırda “Astoriya Tibb Mərkəzi” MMC-nin baş həkimi) görüşüb. İ.Qasımov aparılmış əməliyyat barədə qeydiyyat aparılmadığını və işdən xəbərdar olmadığını bildirib. Vəkil bildirir ki, vətəndaşın hüquqlarının müdafiəsi üçün bütün lazımi addımlar atılıb.
Bolgexeber.com