BolgeXeber.Com » Gündəm » Arzu Rəhimovun Tovuzdakı adamı ordumuza xəstələri cəlb edir - İDDİA

Arzu Rəhimovun Tovuzdakı adamı ordumuza xəstələri cəlb edir - İDDİA

29-01-2015, 10:00
Oxunub: 2 356 Əvvəllər komissarlıqda yer alan rüşvətxorluq halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb

Bu günlərdə redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Tovuz rayon şöbəsinin rəisi, polkovnik Rasim Şirinovun fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmuşdur. Bu xüsusda bilgilərini bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, Səfərbərlik Xidmətinin Tovuz rayon şöbəsində bir sıra neqativ məqamlar, əsasən də imkanlı şəxslərin övladlarının müxtəlif yollarla “yararsız” kimi həqiqi hərbi xidmətdən yayındırma halları son zamanlar geniş vüsət alıb. Mənbə bildirir ki, şöbədə çalışan şəxslər hərbi xidmətə çağrılan imkanlı gənclərə müəyyən şərtlər daxilində xidmətə yararlı olduqları halda, yararsız arayışı verir və onları hərbi xidmətdən yayındırırlar. Müxtəlif xəstəliklərdən əziyyət çəkən, lakin şöbə tərəfindən iləri sürülən tələblərə əməl etmək iqtidarında olmayan kasıb ailələrin övladları isə xəstə olduqları halda yararlı adı ilə müxtəlif hərbi hissələrə göndərilirlər. Buna çoxsaylı misallardan biri kimi isə bir müddət bundan əvvəl hərbi hissələrdən birində aparılmış flüoroqrafik müayinə zamanı gənc əsgərlər arasında aşkar olunmuş vərəmli xəstə Yusifov Şahvələd Mərdan oğluna sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi diaqnozunun qoyulduğu göstərilir. Qeyd olunur ki, bu əsgər də məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Belə hallar isə əlbəttə ki, orduda əsgər ölümlərinin sayının artmasına təsir göstərən əsas amillərdən biri kimi çıxış edirlər. Qeyd edək ki, ümumiyyətlə son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu səlahiyyətlərin ümumiyyətlə yeni yaradılmış Səfərbərlik xidmətinə verilməsinə baxmayaraq bu qurumların fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya halları ilə müşayiət olunur. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda qeyd olunur ki, qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Əksinə əvvəllər komissarlıqda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib.Səfərbərlik xidmətinin Tovuz rayon şöbəsinin rəisi Rasim Şirinovun fəaliyyəti isə bu yazılanları dəqiqliklə təsdiq edir. Səfərbərlik xidmətinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Əlbəttə ki, bu vəziyyət davam etdikcə nə biz, nə də Tovuz rayonunun ictimaiyyəti hələ də onları maraqlandıran sualların əksəriyyətinə, xüsusən də bu biabırçılıqlara nəhayət nə zaman və kim tərəfindən son qoyulacağı sualına cavab ala bilməyəcəyik. Göründüyü kimi, daxil olan məlumatlarda bildirilir ki, bu gün Tovuz rayonunda hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Rasim Şirinov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi iddia olunur... bizimdovr.az