BolgeXeber.Com » Gündəm » Deputatın biznes imperiyası

Deputatın biznes imperiyası

4-05-2012, 12:05
Oxunub: 6 101 Əsabil Qasımov 5 iri müəssisəyə sahiblik edir

2010-cu ilin noyabrında keçirilən son parlament seçkiləri zamanı deputat seçilənlər arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müxtəlif iri biznes strukturlarına rəhbərlik edən millət vəkilləri də kifayət qədərdir. İctimaiyyət biznesmen-deputatların hansı şirkəti təmsil etdiyini bilsə də, onların rəhbərlik etdikləri müəssissələrin konkret hansı fəaliyyət sahəsi ilə məşğul olduqlarından xəbərsizdir.

Oxucu marağını nəzərə alaraq, biznesmen deputatların sahiblik etdiyi şirkətlərin fəaliyyət istiqamətləri haqda müfəssəl məlumatlar verməyi qərara alıb. İlk olaraq, 79 saylı İmişli seçki dairəsini parlametdə təmsil edən Millət vəkili Əsabil Qasımovun sahiblik etdiyi nəhəng “Karat Holdinq”dən bəhs edəcəyik.
Azərbaycanda Sovet hakimiyyətinin yıxılması və kapitalizmə keçid dövründə yaranan ilk müəssisələrdən olan “Karat Holdinq” bu gün ölkənin qida bazarında əhəmiyyətli paya sahibdir və şirkətin istehsal etdiyi məhsullar arasında xeyli sayda brend mallar var.

Şirkətin rəhbərliyi “Həyat Recens” otelinin sonuncu mərtəbəsində qərarlaşsa da, istehsal və satış fəaliyyəti Bakı-Şamaxı yolunun Hökməli qəsəbəsinə yaxın ərazisində yerləşən zavodunda həyata keçirilir. Şirkətə millət vəkili Əsabil Qasımov sahiblik etsə də, cari məsələlərə, qurumun idarə olunmasına cavabdeh şəxs onun qərb təhsilli oğlu Taleh Qasımovdur.
Bu arada onu da deyək ki, Əsabil Qasımovun rəhbərlik etdiyi müəssisələr sırasında “Karat Holdinq”lə yanaşı, rəsmi olaraq digər adlarla fəaliyyət göstərən şirkətlər də var.
İndi isə həmin müəssisələr, onların fəaliyyət istiqamətləri, bazardakı yeri, payı və rəqibləri haqqında oxuculara məlumat verək.

Una olan tələbatın 80 faizini “Karmen” unları ödəyir

Yəqin ki, “Karmen” unlarının adını eşitməyən kimsə yoxdur. Təsadüfi deyil ki, bu unlar Azərbaycan bazarında olduqca əhəmiyyətli paya malikdir və Əsabil Qasımovun biznes imperatorluğunun qurulmasında müstəsna rolu var. Un bazarına nəzər saldıqda açıq söyləmək olar ki, bu gün Azərbaycanda bir sıra şirkət bu sahədə fəaliyyət göstərir ki, onların hamısı rəqabətdə birmənalı şəkildə “Karmen”ə uduzur. “Fatoğlu”, “Omon”, “Mehriban” unları da bazarda tanınmasına baxmayaraq, satış göstəricilərində “Karmen”dən xeyli geri qalırlar. Nəzərə alanda ki, Azərbaycanda əhalinin una olan tələbatı ildə təxminən 350 milyon manata yaxındır, bu halda bazarın 80 faizinə nəzarət edən “Karmen”in satış göstəriciləri də fantastik sayıla bilər.

“Karmen” makaronları – hərbçilərin daddığı təam

Qeyd edək ki, “Karat holdinq” “Karmen” unları ilə yanaşı eyni adda makaron istehsalı ilə də məşğuldur. “Karmen” unlarından fərqli olaraq makaronları bazarda şəriksiz lider olmasa da, ilk yerlərdən birini tutur. Əslinə baxanda makaron bazarı iki yerə bölünür – bahalı məhsullar, ucuz məhsullar. Bahalı məhsullar arasında, ümumiyyətlə makaron bazarında liderlik “Veysəloğlu” şirkətinə (“Ankara” və “Piyalə” makaronları) məxsus olsa da, ucuz məhsullar sırasında üstünlük “Avrora” şirkətinin istehsal etdiyi “Doymak”, “Avromak”, “Bismak” şirkətinin istehsal etdiyi “Bismak” və “Karat holdinq”in istehsal etdiyi “Karmen” makaronlarına aiddir. “Karmen” makaronlarının digər üstünlüyü isə qeyd olunan qidadan əsgərlərin istifadə etməsi ilə bağlıdır. Belə ki, Müdafiə Nazirliyinin tenderini udan “Karmen” makaronları məhsulun daha çox istehlak edildiyi hərbçilər arasında yayılan yeganə makaron məhsuludur.

“Dimes” meyvə şirələri – Əsabil Qasımovun daha bir iri müəssisəsi

Millət vəkili Əsabil Qasımovun rəhbərlik etdiyi müəssisələr arasında “Dimes-Qafqaz” şirkəti adı ilə fəaliyyət göstərən və məhsulların satışı “Ramse” şirkəti tərəfindən həyata keçirilən “Dimes” meyvə şirələri zavodu da var. Rəqabətdə yalnız “Gilan holdinq”in istehsal etdiyi “Jalə” meyvə şirələrinə təslim olan, “Coca-Cola”nın istehsal etdiyi “Copy” meyvə şirələri ilə bərabərlik bölüşən “Dimes” də paytaxtda və regionlarımızda əməlli-başlı satış göstəricilərinə sahibdir.

“Göradil” yumurtaları – imperiyanın tərkib hissəsi

Yumurta bazarında liderlik “Giləzi” yumurtalarına məxsus olsa da, ikincilik heç şübhəsiz “Göradil”ə aiddir və bu istehsal müəssisəsinə də Əsabil Qasımov rəhbərlik edir. Hazırda paytaxtdakı əksər dükanlarda satışa çıxarılan “Göradil” yumurtalarının alıcıları arasında istehsal müəssisələri, sexlər daha çox üstünlük təşkil edir ki, bu da məhsulun qiymətinin “Giləzi”yə nisbətən ucuz olması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, “Göradil” yumurtalarından da əldə olunan gəlir az deyil və kifayət qədər ciddi məbləğ sayıla bilər.

Şəhərin mərkəzi hissəsində yüksək mərtəbəli bina tikintisi

Onu da bildirək ki, yeni tikililərin inşası bir çox sahibkarların ciddi şəkildə varlanmasına, öz kapitalını əhəmiyyətli dərəcədə artırmasına səbəb olub. Elə bunun nəticəsidir ki, uzun illərdir biznes sferasında olan şəxslərin əksəriyəti bu işə qol qoydular. Təbii ki, baş verənlər iri kapital sahibi və sahibkar Əsabil Qasımovun da diqqətindən yayınmadı və o, öz növbəsində yüksək mərtəbəli bina inşasında girişdi. Hazırda şəhərin mərkəzi hissəsində hündür mərtəbəli binalar inşa etdirən sahibkar millət vəkili bu sahədən də böyük gəlir götürməyə başlayıb.
Sonda onu da bildirək ki, Əsabil Qasımovun bizə bəlli olan biznes strukturları haqqında məlumat verdik. İstənilən halda sahibkarlar biraz sirli olur və bütün işlərini ictimai rəyə çıxarmağı sevmirlər. Bu baxımdan onun digər biznes layihələri olduğunu da istisna etmək olmaz.

QayNar